Məhdud zərbə, yoxsa geniş müharibə? - İsrail-İran-ABŞ qarşıdurmasının anatomiyası
Yaxın Şərqdə uzun illərdir davam edən geosiyasi gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. İsrail ilə İran arasında onsuz da kövrək olan münasibətlər açıq qarşıdurma həddinə çatıb və regiondakı digər güclərin mümkün iştirakı münaqişənin miqyasını daha da genişləndirir.
Xüsusilə, Səudiyyə Ərəbistanının prosesdə hansı maraqlarla hərəkət etdiyi, regional təhlükəsizlik balansının necə dəyişəcəyi və böyük güclərin strateji hesablamaları diqqət mərkəzindədir.
Eyni zamanda, İran daxilində mümkün siyasi sarsıntılar, o cümlədən ali dini liderin öldürülməsi müharibənin gedişinə və davametmə müddətinə birbaşa təsir göstərə biləcək amillərdir.
Münaqişənin hansı şərtlər daxilində dayandırıla biləcəyi, tərəflərin “qələbə” kimi təqdim edə biləcəyi nəticələrin nədən ibarət olacağı və diplomatik kanalların nə dərəcədə işlək qalacağı əsas müzakirə mövzularındandır.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib:

- Səudiyyə Ərəbistanının İranla müharibəyə qoşulmasında məqsəd nədir?
- Ərəb ölkələrinin ərazisində ABŞ-ın hərbi bazaları yerləşir. Ona görə də, əgər kimsə onların ərazisinə zərbə endirirsə və ya təhlükə yaradırsa, təbii ki, onlar da prosesə qoşula bilərlər. Məsələ ondadır ki, İran ABŞ-ın hərbi bazalarını hədəfə ala bilər. Həmin bazalar Qətərdə, Bəhreyndə və Səudiyyə Ərəbistanında yerləşir.
Baxmayaraq ki, bunlar ABŞ bazalarıdır, yenə də həmin ölkələrin ərazisindədir və risk yaradır. Mən İranın parçalanacağına inanmıram. Hesab edirəm ki, İran hakimiyyətinin inzibati resursları və daxili idarəetmə imkanları kifayət qədər yüksəkdir. Düşünmürəm ki, bu müharibə uzunmüddətli olacaq.
Məncə, bu proses bir həftə, maksimum on gün davam edə bilər. Ayın 28-də başlayıbsa, ehtimal ki, yaxın günlərdə səngiyəcək.
Belə başa düşürəm ki, artıq tərəflər əsas hədəflərini vurublar. İranın raket obyektləri və silah anbarları ilə bağlı müəyyən zərbələr endirilib.
Çünki raket buraxılış qurğularının məhv edilməsi strateji baxımdan vacibdir. Raket atıldıqdan sonra onu vurmağın elə də böyük mənası olmur, əsas məsələ buraxılış imkanlarını sıradan çıxarmaqdır.
Görünür, ABŞ və İsrail bəyan edəcəklər ki, məqsədlərinə nail olublar. Onlar bildirə bilərlər ki, İranın raket saxlanılan məntəqələrinin əksəriyyəti məhv edilib və təhlükəsizlik baxımından hədəflərinə çatıblar. Bundan sonra bombardmanların intensivliyi azala bilər və proses mərhələli şəkildə dayandırıla bilər.
- Yaxın Şərqdə gedən qızğın mübarizə Azərbaycana hansısa təhlükə yarada bilərmi?
- Əlbəttə, bu, Azərbaycan üçün müəyyən risklər yaradır. Çünki müharibə bizim yaxın qonşuluğumuzda gedir və region bombardman olunur. Azərbaycan təhlükəsizlik baxımından milli maraqlarına uyğun şəkildə hərəkət etməlidir.
Hazırda təhlükəsizlik məqsədilə İran üzərindən həyata keçirilən bəzi uçuş marşrutları dəyişdirilib və bir sıra reyslər Bakı üzərindən yönləndirilir. Həmçinin xarici dövlətlərin İranda olan vətəndaşlarının təxliyəsi də müəyyən hallarda Azərbaycan vasitəsilə həyata keçirilir.
- İrandan xarici vətəndaşları Azərbaycan təxliyə edir, uçuşlar Azərbaycan üzərindən həyata keçirilir. Bu müharibə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıra bilərmi?
- Ola bilər. Azərbaycan humanitar baxımdan evakuasiya prosesində iştirak edərək, öz imkanlarını nümayiş etdirə bilər. Diplomatların və mülki şəxslərin təhlükəsiz şəkildə çıxarılması ölkənin beynəlxalq imicinə müsbət təsir göstərə bilər.
Düzünü desəm, ABŞ və ya İsrailin İrana quru qoşunları yeridəcəyinə inanmıram. Yəni Əfqanıstan və ya İraq ssenarisinin burada təkrarlanacağını düşünmürəm. Daha çox hava zərbələri və məhdud əməliyyatlar çərçivəsində məqsədlərinə nail olduqlarını elan edə bilərlər. Burada qaçqın məsələsi də var. Əgər genişmiqyaslı humanitar böhran yaranarsa və qaçqın axını başlasa, bu, Azərbaycan üçün ciddi sosial və təhlükəsizlik problemləri yarada bilər.
- Azərbaycanın həm İran, həm də İsraillə yaxşı diplomatik münasibətləri var. Azərbaycan müharibənin başa çatmasında vasitəçi rolunu oynaya bilərmi?
Teorik olaraq, Azərbaycan danışıqlar üçün platforma təklif edə bilər. Məsələn, tərəflər Bakıda, Astarada, Lənkəranda və ya başqa bir şəhərdə görüşə bilərlər. Lakin real vasitəçilik imkanlarının nə dərəcədə mümkün olacağını demək çətindir. Məlum olduğu kimi, ABŞ ilə İran arasında danışıqlarda Oman vasitəçilik edib. Həm Cenevrədə, həm də Oman platformasında görüşlər keçirilib və tərəflər əsasən Omanı seçiblər. Azərbaycana belə bir rəsmi təklifin olub-olmadığını isə dəqiq deyə bilmərəm. Bəzən mediada İsrail ilə İran arasında müəyyən görüşlərin Azərbaycanda keçirilməsi ilə bağlı iddialar səslənir. Lakin bununla bağlı konkret və təsdiqlənmiş məlumat yoxdur.
Ayhan
10:53 03.03.2026
Oxunuş sayı: 755