Texnologiya və din bir araya sığırmı?
Müasir dünyanın ən böyük çağırışlarından biri texnoloji inkişafla mənəvi dəyərlər arasında sağlam tarazlığın qorunmasıdır. Xüsusilə süni intellekt kimi sürətlə yayılan yeniliklərin cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi bir dövrdə bu məsələyə dini və etik müstəvidən yanaşma zərurətə çevrilib.
Bu kontekstdə dinin tərəqqi və elmi yeniliklərə münasibəti cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. İslamın elmə, maarifə və inkişaf yönümlü təşəbbüslərə açıq olması, süni intellektin imkanlarının da doğru çərçivədə və mənəvi prinsiplər əsasında istifadəsinin mümkünlüyünü göstərir. Məhz bu yanaşma dinlə texnologiya arasında qarşıdurma deyil, uzlaşma modelinin formalaşdırılmasının vacibliyini ön plana çıxarır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu gün süni intellekt sahəsində inkişaf sürətlidir və onun tətbiqi bütün sahələrdə getdikcə genişlənir. Ölkəmizdə də bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir, suallar qoyulur və cavablandırılır, gənc nəsil isə bu sahədə fəal şəkildə iştirak edir. Süni intellektin tətbiqi yalnız texnologiya və sənaye sahələri ilə məhdudlaşmır; eyni zamanda din, təhsil və digər sosial sahələrdə də nəzərdən keçirilə bilər. Bu, normal bir prosesdir və ona münasibət pozitiv olmalıdır. Əlbəttə, hər sahədə olduğu kimi, din sahəsində də süni intellektin istifadəsi ehtiyatla həyata keçirilməlidir. Çünki düzgün tətbiq olunmadıqda gələcəkdə müəyyən problemlər yarana bilər. Buna görə də, süni intellekti diqqətli, etik və məqsədyönlü şəkildə istifadə etmək vacibdir. Beləliklə, süni intellektin tətbiqi həm texniki, həm də sosial sahələrdə strateji olaraq planlanmalı və hərəkətləri buna uyğun aparılmalıdır".
İlahiyyatçı Ağa Hacıbəyli isə bu gün süni intellektlə bağlı mövzunun təkcə texnoloji deyil, eyni zamanda fəlsəfi, etik və dini baxımdan da aktual məsələlərdən birinə çevrilmiş olduğunu bildirib:

"Ümumiyyətlə, dünya sürətlə inkişaf edir, texnologiyalar həyatın bütün sahələrinə nüfuz edir və artıq insan fəaliyyəti texniki imkanlarla sıx şəkildə uzlaşır. İnsanlar dənizlərdə, səmada, quruda hərəkət edir, gündəlik həyatını nəqliyyat və rəqəmsal sistemlər vasitəsilə təşkil edir. Bu proses göstərir ki, texnologiya artıq həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Hazırda isə texnoloji inkişafın yeni mərhələsi süni intellekt və qeyri-səlis məntiq sistemləri ilə bağlıdır. Bu sahə böyük imkanlar yaratmaqla yanaşı, eyni zamanda ciddi məsuliyyət də tələb edir. Əlbəttə ki, müsəlman cəmiyyətləri də bu inkişafdan kənarda qala bilməz və texnoloji proseslərdə fəal iştirak etməlidir. Lakin bütün hallarda olduğu kimi, burada da dini, əxlaqi və hüquqi dəyərlər əsas meyar kimi qorunmalıdır”.
Onun sözlərinə görə, süni intellektdən istifadə edilərkən, İslamın müəyyən etdiyi sərhədlər, haram və halalla bağlı prinsiplər, insan ləyaqətinin qorunması mütləq şəkildə nəzərə alınmalıdır: “Texnologiyanın imkanları heç bir halda insanın şərəf və toxunulmazlığına xələl gətirməməlidir. Məsələn, süni intellekt vasitəsilə məzarlıqlarla bağlı manipulyativ və reallığı təhrif edən görüntülərin hazırlanması, guya ölülərin dirildilməsi kimi səhnələrin təqdim olunması dini baxımdan yolverilməzdir. Çünki qəbirlər toxunulmaz hesab olunur və belə görüntülər həm mərhumların hörmətinə, həm də cəmiyyətin mənəvi dəyərlərinə ziddir.
Eyni yanaşma həyatın bütün digər sahələrinə də şamil edilməlidir. Süni intellekt insanın xidmətində olan bir vasitə olmalı, heç vaxt mənəvi və hüquqi sərhədləri aşan məqsədlər üçün istifadə edilməməlidir. Yəni bu texnologiya yalnız etik və şəri ölçülər qorunmaq şərti ilə tətbiq edilməlidir".
Elmir Heydərli
13:12 19.02.2026
Oxunuş sayı: 670