“Yelətmə” və “Atlandırma” necə "Vağzalı"ya çevrildi?
“Vağzalı” Azərbaycan xalqının ən məşhur və sevilən rəqslərindən biridir. Onun melodiyası çox incə, ruhu oxşayan və yumşaq hərəkətlərlə müşayiət olunan bir rəqsdir. Azərbaycanda hər hansı toy mərasimində bu rəqsin səslənməməsi nadir hallarda baş verə bilər.
“Vağzalı” çox qədim tarixi köklərə malikdir. Mütəxəssislər bu rəqsin köklərinin “Kitabi Dədə Qorqud” dastanındakı “Yelətmə” havasına qədər getdiyini bildirir.
“Yelətmə” rəqsi əslində, “Vağzalı”nın ilkin forması hesab olunur. Dastanda gəlinlərin bu havada rəqs etdiyi də qeyd olunur: ozan gəlir və “Yelətmə” çalır – yəni məclisi coşdurmaq, ruhlandırmaq məqsədi daşıyır.
Daha sonra bu rəqs “Atlandırma” adı ilə də tanınmağa başlayıb. Qədim dövrdə gəlini at və ya faytonla bəy evinə aparırdılar, bu mərasimin musiqi müşayiəti həmin adla yadda qalıb.
XVI əsrdə Qaraqoyunluların musiqi ənənələri də “Vağzalı”nın formalaşmasına təsir göstərib. “Qarabağın ağırı” və “Asta Qarabağı” adlı melodiyalar bu rəqsin inkişafında öz rolunu oynayıb.
XIX əsrin sonlarından isə rəqs həm “Asta Qarabağı”, həm də “Vağzalı” adı ilə tanınmağa başlayıb.
“Vağzalı” adı isə böyük ehtimalla Azərbaycanda dəmir yollarının açılması ilə bağlıdır.
1880-ci illərdə Bakı-Suraxanı-Sabunçu xətti, 1883-cü ildə isə Bakı-Tiflis dəmir yolu istifadəyə verilib. Bu zaman gəlinlər artıq uzaq məsafəyə qatarla aparıldığından, rəqsin adı da buna uyğun olaraq “Vağzalı” adını alıb.
Rəqsin melodiyası olduqca lirik və duyğuludur. S.Rüstəmov 1936-cı ildə “Vağzalı”nı notlaşdırmış və bunu “Segah” məqamında, 6/8 ölçüsündə bəstələyib. Bu musiqi dinləyənlərdə həm sevinç, həm də həsrət hisslərini oyadır – gəlinin ailəsi ayrılıq hissini keçirirsə, oğlan evi sevinci yaşayır.
Müasir dövrdə “Vağzalı” melodiyası toyların başlanğıcı və ya sonunu işarə edən simvol kimi qəbul edilir. Bu rəqs milli musiqi və rəqs mədəniyyətimizin ən parlaq nümunələrindən biridir və Azərbaycanda ən zəngin, incə və ifadəli milli musiqi irsini təmsil edir.
Fatimə Məmmədova
14:42 17.02.2026
Oxunuş sayı: 676