Fransada iqtisadi və siyasi qeyri-sabitlik Avropa üçün riskə çevrilir
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) rəsmi saytında politoloq və iqtisadçı Con Rayanın Fransadakı iqtisadi qeyri-sabitliyə həsr olunmuş analitik məqaləsi dərc olunub.
Crossmedia.az bu barədə Britaniya KİV-nə istinadən məlumat verir.
Məqalədə bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron özünü praqmatik modernizator kimi təqdim edərək sol və sağ qüvvələr arasındakı parçalanmanı aradan qaldırmağı vəd etsə də, “makronizm” adlanan siyasi modelin uğursuzluğu artıq təkcə Fransanı deyil, bütövlükdə Avropanı destabilizasiya etmək təhlükəsi yaradır.
Qeyd olunur ki, Fransa dünyanın yeddinci ən böyük iqtisadiyyatına malikdir və bu amil uzun müddət ölkəni sərt fiskal intizamdan qoruyub. Lakin yüksək dövlət borcu, siyasi parçalanma və “radikal mərkəz” modelinin iflası Fransanı avronun yaradılmasından bəri ən həssas dövrünə gətirib çıxarıb.
Məqaləyə əsasən, Fransanın xarici borcu təxminən 7,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da ÜDM-in 248 faizinə bərabərdir. İnkişaf etmiş ölkələr arasında bu göstərici yalnız Yaponiyada daha yüksəkdir. Lakin Yaponiyadan fərqli olaraq, Fransanın dövlət borcunun təxminən 54 faizi xarici investorların əlindədir. Bu da ölkənin maliyyə dayanıqlığını daha da zəiflədir.
Tarixən yüksək borclu dövlətlər böhranlardan çıxmaq üçün monetar suverenlikdən istifadə ediblər. Fransa isə bu imkanlardan məhrumdur. Avro sabit dövrlərdə üstünlüklər yaratsa da, böhran zamanı hökumətin manevr imkanlarını məhdudlaşdırır. Bu vəziyyət avrozonadakı borc böhranı dövründə, ölkələrin Avropa Mərkəzi Bankının (AMB) dəstəyinə möhtac qalması ilə açıq şəkildə üzə çıxmışdı.
Hazırda Fransa ciddi fiskal və siyasi risklərlə üz-üzədir. Büdcə kəsiri ÜDM-in 5 faizini ötür ki, bu da Avropa İttifaqının müəyyən etdiyi 3 faizlik həddi aşır. Bu isə investorların etimadını sarsıdır və ölkənin AMB-nin fövqəladə maliyyə mexanizmlərindən asılılığını artıra bilər.
Məqalədə vurğulanır ki, Makronun hakimiyyəti dövründə dövlətin iqtisadiyyatda rolu kəskin şəkildə artıb. 2024-cü ilə qədər dövlət xərcləri ÜDM-in 57 faizini keçərək OECD ölkələri arasında ən yüksək səviyyəyə çatıb. Fransanın borc səviyyəsi ilə avrozonanın orta göstəricisi arasındakı fərq isə 11 faiz bəndindən 25 faiz bəndinə yüksəlib.
Formal olaraq Avropa Mərkəzi Bankı dövlət istiqrazlarını limitsiz şəkildə ala bilər. Lakin fiskal intizamın zəiflədiyi şəraitdə Fransaya uzunmüddətli və qeyri-məhdud dəstək bu tədbirlərin legitimliyini sual altına alır.
İqtisadi böhran siyasi qeyri-sabitliklə də müşayiət olunur. Son iki il ərzində Fransada beş baş nazir dəyişib. Makronun ideologiyasız və sabit idarəetmə vəd edən “mərkəz” modeli isə iflasa uğrayıb.
Prezidentin siyasəti həm sağ, həm də sol qüvvələri özündən uzaqlaşdırıb: sağ cinah onu islahatlarda qətiyyətsizlikdə, sol cinah isə sosial modelin zəiflədilməsində ittiham edir. Nəticədə Makronun siyasi hərəkatı dəstəyini itirərək faktiki olaraq parçalanıb.
Məqalədə vurğulanır ki, Fransa böhranı artıq daxili məsələ deyil. Yüksək borcu olan, pul suverenliyindən məhrum və legitimliyini itirmiş siyasi mərkəzə sahib bir ölkə avrozonanın özü üçün sistemli risk yaradır.
Avropalı siyasətçilər uzun müddət Fransanı sabitliyin dayağı hesab edirdilər. Lakin bu yanaşma artıq keçərli deyil. Məqalə müəllifinin fikrincə, əsas sual böhranın baş verib-verməyəcəyi deyil, onun necə və nə vaxt baş verəcəyi, eləcə də Avropa institutlarının buna nə dərəcədə hazır olmasıdır.
Turqut Ansari
22:15 07.02.2026
Oxunuş sayı: 367