Azərbaycanın ilk milli superqəhrəmanı “ALOV” təqdim edildi
İyunun 5-də Bakı Fotoqrafiya Evində 14 yaşlı istedadlı gənc müəllif Amir Hüseynlinin “ALOV” adlı fərdi sərgisi və eyniadlı ilk milli superqəhrəman layihəsinin təqdimatı keçirildi.
Crossmedia.az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə baş tutan bu sərgi, ölkəmizin mədəniyyət və komiks sektorunda tamamilə yeni bir səhifə açır. İyunun 7-nə qədər davam edəcək sərgi, sənətsevərlərə Azərbaycan mifologiyası ilə müasir vizual sənətin unikal vəhdətini təqdim edir.
Belə ki, 2012-ci ildə Londonda anadan olan və artıq 10 ildir ki, Azərbaycanda yaşayan Amir Hüseynli, fərqli yaradıcılıq dünyası ilə diqqət çəkir. Təkcə rəssamlıqla deyil, həm də mütaliə, stendap və musiqi ilə (fortepiano) məşğul olan çoxşaxəli gənc müəllifin ən böyük hədəfi dünya nəhəngləri ilə rəqabət apara biləcək müstəqil bir komiks studiyası yaratmaqdır.
Amirin yaratdığı “ALOV” komiksi Azərbaycan mədəniyyətini, milli motivlərini və qəhrəmanlıq ənənələrini beynəlxalq auditoriyaya tanıtmaq məqsədi daşıyır. Artıq komiksin ingilis dilində nəşri və xaricdə təqdimatı üçün hazırlıqlar görülür, ilk buraxılışın çapı üçün danışıqlar aparılır.
Sərgidə nümayiş olunan illüstrasiyalar qədim Atəşgah məbədindən başlayaraq müasir dövrə uzanan bir qəhrəmanlıq hekayəsini canlandırır.
Süjetə görə, qədim zamanlarda qorxu ilə qidalanan zülmət şahı Xoxan qəhrəmanların alovu ilə məğlub edilərək lənətlənmiş maskanın içində, Atəşgahda möhürlənir. İllər sonra Əli adlı yeniyetmə maskanı oğurlamaq istəyən fanatlarla təkbaşına döyüşə atılır və ağır yaralanaraq sirli Od Aləminə keçid edir. Məhz burada onun Odlar Yurdunun yeni müdafiəçisi – “ALOV” kimi qəhrəmanlıq yolu başlayır.
Layihənin ərsəyə gəlməsində Azərbaycanın Əməkdar rəssamları Sabina Şıxlinskaya və Rəşad Mehdiyev mentorluq ediblər. Həmçinin, "SS production", art-dizayner Ruslan Cəbrayılov və animator Nigar Nigassandra da gənc müəllifə öz yaradıcı töhfələrini veriblər.
Bu gün keçirilən açılış mərasimi təkcə vizual sənət deyil, həm də əsl bayram atmosferi ilə yadda qaldı. Beynəlxalq Təhsil Mərkəzi IMEC-in gənc və istedadlı musiqiçiləri xüsusi ifaları ilə tədbirə rəng qatdılar.
20:07 05.06.2026
Oxunuş sayı: 53