ABŞ–İran nüvə danışıqları: Tərəfləri ayıran əsas məsələlər nələrdir?
ABŞ və İran arasında nüvə danışıqları yenidən kritik mərhələyə daxil olub. Belə ki, regionda 2023-cü ildən bəri davam edən silahlı gərginlik, eləcə də ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı sərt bəyanatları danışıqların əhəmiyyətini daha da artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton danışıqlarda yalnız İranın nüvə proqramının deyil, eyni zamanda ballistik raket proqramının, Tehranın Yaxın Şərqdə silahlı qruplara verdiyi dəstəyin və ölkə daxilində insan haqları ilə bağlı vəziyyətin də müzakirə olunmasını istəyir. İran isə bu mövqeni qəbul etməyərək yalnız nüvə proqramı məsələsinin danışıqlar masasında ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, İranın nüvə proqramı 2003-cü ildən etibarən ABŞ və Qərb ölkələri ilə münasibətlərdə əsas mübahisə mövzularından biridir. Həmin il Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tələblərinə tam əməl etmədiyini bəyan edib. Müqavilə İrana dinc məqsədli nüvə enerjisindən istifadə hüququ versə də, atom silahının hazırlanmasını qadağan edir. Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çalışdığını iddia etsə də, Tehran bu ittihamları rədd edir.
Xatırladaq ki, 2015-ci ildə ABŞ, Avropa ölkələri, Rusiya və Çin İranla nüvə sazişi imzalayıb. Razılaşma İranın nüvə fəaliyyətini məhdudlaşdırır, əvəzində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Lakin Donald Tramp prezidentliyinin ilk dövründə bu sazişdən çıxıb. Sonrakı illərdə aparılan danışıqlar nəticəsiz qalıb və İran uranın zənginləşdirilmə səviyyəsini 60 faizə qədər artırıb. Bu göstərici nüvə silahı üçün tələb olunan həddə yaxın sayılır. Trampın 2025-ci ildə yenidən prezident seçilməsindən sonra keçirilən görüşlər də razılaşma ilə nəticələnməyib. Həmin ilin iyununda İsrail İranın nüvə obyektlərinə zərbələr endirib, ABŞ isə bu əməliyyatlara qoşulduqdan sonra atəşkəsin əldə olunmasına vasitəçilik edib. Zərbələr nəticəsində obyektlərə dəyən ziyanın həcmi hələ də açıqlanmayıb.

ABŞ-nin narahat olduğu əsas məsələlərdən biri də İranın ballistik raket arsenalıdır. İran Yaxın Şərqdə ən böyük raket ehtiyatlarından birinə malikdir və 2024-cü ildə ilk dəfə olaraq birbaşa İsrailə raket zərbələri endirib. İran rəhbərliyi raket proqramını ölkənin müdafiə qabiliyyətinin ayrılmaz hissəsi hesab edir və bu mövzuda danışıqları qəti şəkildə rədd edir. ABŞ və İsrail isə İranın raket imkanlarını region üçün ciddi təhlükə kimi qiymətləndirir.
Bundan əlavə, Vaşinqton İranın bölgədəki silahlı müttəfiqlərinə verdiyi dəstəyi də danışıqlarda əsas problem kimi görür. Tehran uzun illərdir HƏMAS, Livanın “Hizbullah” təşkilatı və digər qruplara dəstək göstərərək regionda təsirini artırmağa çalışıb. Son münaqişələr bu qrupların mövqelərini zəiflətməsinə baxmayaraq, onlar silahsızlanma tələblərini qəbul etməyiblər. ABŞ həmçinin İraqda İran yönümlü silahlı dəstələrin hökumətdə təmsil olunacağı təqdirdə sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Yəməndə isə İranın dəstəklədiyi husilər ölkənin ən sıx məskunlaşmış ərazilərinə nəzarəti davam etdirirlər.
Həmçinin, İran daxilindəki vəziyyət də ABŞ-nin diqqət mərkəzindədir. İqtisadi çətinliklər fonunda baş verən etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıb. Tramp etirazçılara qarşı zorakılığa görə İran hakimiyyətini sərt şəkildə tənqid edib və mümkün edamlarla bağlı xəbərdarlıqlar səsləndirib.
Fatimə Məmmədova
16:30 06.02.2026
Oxunuş sayı: 448