Sosial şəbəkələr: Gənclərə nə verir, onlardan nə alır?
Rəqəmsal mühit artıq təkcə informasiya vasitəsi deyil, uşaqların dünyagörüşünü, davranış modellərini və psixoloji inkişafını birbaşa formalaşdıran əsas amillərdən birinə çevrilib. Bu reallıq isə məsələni təkcə texnoloji deyil, dövlət siyasəti səviyyəsində müzakirə olunmalı problemə çevirir.
Hüquqi baxımdan dövlətin əsas vəzifələrindən biri azyaşlıların mənəvi və psixoloji təhlükəsizliyini təmin etməkdir. Milli qanunvericilikdə, eləcə də beynəlxalq konvensiyalarda uşaqların zərərli informasiyadan qorunması birbaşa dövlət öhdəliyi kimi müəyyən edilib. Lakin sosial şəbəkələrin nəzarətsizliyi, yaş məhdudiyyətlərinin formal xarakter daşıması və effektiv icra mexanizmlərinin olmaması bu öhdəliklərin real həyatda tam təmin edilməsinə mane olur.
Sosial aspektdən yanaşdıqda, sosial şəbəkələr uşaqlar üçün yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda davranış normalarını, dəyərləri və sosial rolları öyrəndikləri bir mühitdir. Bu mühitdə zorakılıq, aqressiya, kriminal həyat tərzi, əxlaqsızlıq və yanlış rol modelləri normallaşdırıldıqda, cəmiyyət uzunmüddətli sosial risklərlə üz-üzə qalır. Bu isə gələcəkdə həm təhsil sisteminə, həm də ictimai təhlükəsizliyə birbaşa təsir göstərir.
Psixoloji baxımdan isə erkən yaşda sosial şəbəkələrlə intensiv təmas uşaqlarda asılılıq, diqqət pozuntuları, özgüvən problemləri, sosial fobiya və emosional boşluq yarada bilər. Xüsusilə formalaşma mərhələsində olan psixika üçün nəzarətsiz rəqəmsal məzmun uzunmüddətli travmatik təsirlərə səbəb olur. Bu səbəbdən məsələyə yalnız qadağa prizmasından deyil, qoruyucu və tənzimləyici mexanizmlər prizmasından yanaşmaq vacibdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmə keçirilməsinin təklif olunması müsbət hal kimi qiymətləndirilə bilər. Bəs qəbul ediləcək hansısa məhdudlaşdırıcı qərar nə qədər effektiv olacaq?

Bu barədə Crossmedia.az-a danışan BDU-nun Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova bildirib ki, uşaqların sosial mediaya nəzarətsiz və hazırlıqsız çıxışı real risklər yaradır: "Lakin tam qadağa uzunmüddətli və effektiv həll deyil. Daha doğru yanaşma kompleks həll yolu tələb edir. Məsələn, yaşa uyğun məhdudiyyətlər tətbiq oluna bilər, platformaların məsuliyyətinin artırılması mümkündür, valideyn nəzarətini gücləndirmək olar. Eyni zamanda, media savadlılığının artırılması bu risklərin qarşısını ala biləcək vacib sahələrdəndir. Sosial medianın yetkinlik yaşına çatmayanlara mümkün zərərləri ən çox psixoloji və emosional risklərlə bağlıdır. Əvvəla, asılılıq yaradır - sosial şəbəkələr dopamin mexanizmi üzərində qurulduğu üçün uşaqlarda sürətli asılılıq yaradır. İkincisi, özünüqiymətləndirmə problemləri doğurur - filtrli və süni “ideal həyat” görüntüləri uşaqları natamamlıq kompleksinə sürükləyir. Risklərin digər bir qrupu rəqəmsal zorakılıq və təhlükəli davranışlarla bağlıdır. Uşaqlar internet məkanında kiberzorakılıqdan – təhqir, təhdid, lağ obyektinə çevrilmə təhlükəsindən sığortalanmayıblar. Təhlükələrdən biri də böyüklərin uşaqlarla ünsiyyət quraraq etimad qazanması və sonra manipulyasiya etməsi ilə bağlıdır. Çünki uşaqlar şəxsi məlumatların dəyərini anlamır. Beləliklə, foto, video və məlumatların sonradan silinməsinin mümkünsüzlüyü gələcəkdə reputasiya riskləri də yaradır".
X.Hüseynova əlavə edib ki, uşaqlar şəxsi məlumatları ilə bağlı razılıq verə biləcək yaşda deyillər: "Media etikası baxımından bu, çox önəmli məqamdır. Bəzi platformalar kommersiya maraqlarını çox zaman uşaq hüquqlarından üstün tuta bilir. Təbii ki, alqoritmlər də uşağın yaşına deyil, ekran qarşısında qalma müddətinə fokuslanır.
Fikrimcə, sosial platformalarda uşaqlar üçün ayrıca rejim məcburi qaydada tətbiq olunmalıdır. Alqoritmlər yaş qrupuna uyğun işləməlidir, “trend” deyil, “təhlükəsizlik” prioritet olmalıdır. Sosial mediaya daxil olarkən sadəcə “yaş seçimi” kifayət deyil. Texnoloji və hüquqi mexanizmlərlə yaşın təsdiqi gücləndirilməlidir. Valideyn nəzarətinin sistemləşdirilməsi vacibdir. Valideynlər üçün sosial mediada keçirilən vaxt limiti, məzmun filtri formalaşdırılmalı, kontakt siyahısına nəzarət imkanı real və sadə şəkildə təqdim olunmalıdır. Bununla yanaşı, məktəblərdə sosial medianın riskləri, onlayn davranış etikası, dezinformasiya və manipulyasiya mövzuları sistemli şəkildə tədris edilməlidir. Uşaqları daha çox qadağa ilə yox, maarifləndirməklə qoruya bilərik. Uşaqlara zərərli məzmun yayıldıqda məsuliyyət yalnız istifadəçidə deyil, platformada da olmalıdır. Yəni, şikayət mexanizmləri sürətli və effektiv işləməlidir. Bütün bunlara əlavə olaraq, uşaqlara yaşlarına uyğun platformalardan istifadə, şəxsi məlumatların paylaşılmaması, tanımadığı şəxslərlə ünsiyyət qurmamaları aşılanmalıdır. Uşaqların sosial mediadan istifadəsi məsələsi təkcə texnoloji yox, həm də sosial və etik məsələdir. Qadağa müvəqqəti təsir göstərə bilər, lakin maarifləndirmə, nəzarət və platforma məsuliyyəti uzunmüddətli və sağlam həll yolunu tapmağa kömək edəcək. Məncə, uşaqları internetdən uzaq saxlamağı yox, interneti uşaqlar üçün təhlükəsiz etməyi düşünsək, daha yaxşı olar".

Hüquqşünas Ramil Süleymanov isə düşünür ki, uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı qanunvericiliyə düzəlişlərin edilməsi təklifi gecikmiş, lakin zəruri bir addımdır: "Artıq bir sıra ölkələr bu istiqamətdə qanunvericiliklərinə dəyişikliklər ediblər. Bu baxımdan, gecikmiş olsa belə, sözügedən düzəlişlərin həyata keçirilməsi mütləqdir. Bundan əlavə qeyd etmək istərdim ki, mövcud qanunvericiliyimizdə, istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində məsuliyyətə cəlb edilmə yaşı bəzi hallarda 14 yaşdan başlasa da, əsasən 16 yaş həddi götürülür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsində də inzibati məsuliyyətə cəlb etmə yaşı 16 olaraq müəyyən edilib. Hesab edirəm ki, sosial şəbəkələrdən istifadə üçün yaş həddinin də 16 olaraq müəyyənləşdirilməsi daha məqsədəuyğundur".

Sosioloq Elçin Bayramlının sözlərinə görə, uzun illərdir ki, bu məsələ müzakirə olunur, müxtəlif təkliflər irəli sürülür: "Mən də dəfələrlə bu mövzuda çıxışlar etmişəm. Çünki bu sahədə vəziyyət olduqca ağırdır və bütün dünyada artıq bu təhlükəyə qarşı sistemli mübarizə prosesi başlayıb. Problemin nəticələri açıq-aydın ortadadır və cəmiyyət üçün çox ciddi fəsadlar yaradır. İnternet faktiki olaraq tam nəzarətsiz və sərhədsiz bir məkandır. Mövcud araşdırmalara əsasən, internetdə yayılan məlumatların ən azı 70 faizi uşaqların və yeniyetmələrin psixologiyasına, tərbiyəsinə və şüuruna ciddi mənfi təsir göstərir. Məhz bu səbəbdən bir çox ölkələrdə ardıcıl şəkildə məhdudlaşdırıcı qərarlar qəbul edilir. Azərbaycanda isə vəziyyət bu sahədə xüsusilə narahatedicidir".
Sosioloq qeyd edib ki, təkcə gənclər və yeniyetmələr deyil, hətta azyaşlı uşaqlar belə sosial şəbəkələr və internet vasitəsilə son dərəcə zərərli təsirlərə məruz qalırlar: "Psixotron terror, kriminal və narkomaniya təbliğatı, aqressiya, zorakılıq, əxlaqsızlıq və digər təhlükəli məzmunlar uşaqların şüuruna açıq şəkildə yeridilir. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün ciddi təhlükə yaradır. Sosial şəbəkələrin öz qaydalarına əsasən, 18 yaşına çatmamış şəxslərin istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur. Lakin internetin nəzarətsiz olması səbəbindən uşaqlar yaşlarını süni şəkildə böyük göstərərək rahatlıqla bu platformalara daxil olurlar. Reallıq budur ki, internetə tam nəzarət etmək texniki baxımdan mümkün deyil və dünyanın heç bir dövləti buna tam şəkildə nail ola bilmir. Bu platformalarda onlayn qumar oyunlarından tutmuş intihara təşviqə, zorakılıq və qətl görüntülərindən tutmuş +18 məzmunlara qədər hər cür təhlükəli material açıq şəkildə yayılır. Bu, birbaşa psixotron və mənəvi terror formasıdır. Dövlətin əsas vəzifələrindən biri isə əhalinin, xüsusilə də uşaqların mənəvi və fiziki sağlamlığını qorumaqdır. Uşaqların internetdən və sosial şəbəkələrdən istifadəsi çox vaxt valideynlərin birbaşa və ya dolayı təşviqi ilə baş verir. Valideynlər nəzarətsiz şəkildə uşaqlara smartfonlar təqdim edir, onların internetə sərbəst çıxışına şərait yaradırlar. Bunun nəticələri isə son dərəcə ağır olur və biz bunu son illərdə açıq şəkildə müşahidə edirik. Hesab edirəm ki, bu məsələdə iki əsas istiqamət üzrə ciddi addımlar atılmalıdır. Birincisi, orta məktəbi bitirənədək və ya ən azı 16 yaşına qədər uşaqların smartfondan istifadəsi qanunla qadağan edilməlidir. Bu yaş dövründə yalnız internetə çıxışı olmayan sadə telefonlardan istifadəyə icazə verilməlidir. İkincisi isə, 18 yaşına qədər sosial şəbəkələrə üzvlük tam qadağan olunmalı və bu qadağaya ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Hər hansı pozuntu halı aşkar edilərsə, ilk növbədə valideynlər məsuliyyət daşımalı və sərt şəkildə cəzalandırılmalıdırlar. Yalnız bu halda problemin qarşısını almaq mümkündür. Hazırda internet məkanı tam nəzarətsiz və anarxik bir mühitdir. Burada uşaqların psixologiyasını məhv edən, onları aqressiv və laqeyd fərdlərə çevirən məzmunlar sərbəst şəkildə yayılır. Bu prosesin nəticəsində uşaqların təhsilə marağı azalır, insani keyfiyyətləri zəifləyir və onlar mənəvi baxımdan deqradasiyaya uğrayırlar. Artıq bir sıra ölkələr bu təhlükəni vaxtında dərk edərək ciddi məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda da bu məsələnin həlli geciksə də, artıq qaçılmazdır. Əgər sağlam gələcək və sağlam nəsil yetişdirmək istəyiriksə, bu sahədə dərhal və qətiyyətli qərarlar qəbul edilməlidir. Başqa yol yoxdur".

Psixoloq Sibel Piriyeva isə düşünür ki, bir uşaqda telefon və sosial şəbəkə asılılığı varsa, bunun mütləq psixoloji əsas səbəbləri mövcuddur: "Sadəcə telefonu əlindən almaq və ya texnologiyanı tam qadağan etmək — istər telefon olsun, istər planşet, istər kompüter — problemə səthi yanaşmadır. Bu halda uşaq həmin boşluğu başqa, daha qeyri-sağlam yollarla doldurmağa çalışacaq. Əsas məqsəd kök səbəbi aradan qaldırmaq olmalıdır. Qadağaların müəyyən müsbət təsiri ola bilər, xüsusilə ilkin mərhələdə. Lakin bir müddət sonra bu, ciddi müqavimət və üsyankar davranışlara səbəb ola bilər. Xüsusilə 11–12 yaş dövründə olan uşaqlarda etiraz, yalan danışmaq, gizli şəkildə texnologiyadan istifadə halları geniş yayılır. Məsələn, valideyni tərəfindən telefonu olmayan, lakin sosial şəbəkə hesabı olan şagirdlər var. Uşaq dostunun telefonu vasitəsilə profilinə daxil olur və gizli yollar axtarır. Bu isə göstərir ki, tam qadağa uşağı alternativ, nəzarətsiz üsullara yönəldir. Eyni zamanda, texnologiyanın tam qadağan edilməsi uşaqlarda sosial izolyasiya hissi yarada bilər. Digər tərəfdən isə uşağı texnologiyadan tam uzaq saxlamaq onun gələcəkdə texnoloji savadsızlığına gətirib çıxara bilər. Bununla belə, qadağaların müsbət tərəfləri də var. Məsələn, kiberzorakılıq, onlayn travma riskləri azalır, uşaqların zorakılıq və pornoqrafik məzmunlarla qarşılaşmasının qarşısı qismən alınır. Həmçinin telefona həddindən artıq bağlı olan uşaqlar real sosial bacarıqlardan uzaqlaşırlar. Bu baxımdan, məhdudiyyətlər onların real ünsiyyət bacarıqlarının inkişafına kömək edə bilər. Psixoloji aspektdən isə telefon asılılığı zamanı beyində həddindən artıq dopamin ifraz olunur ki, bu da asılılığı daha da gücləndirir. Qadağa və məhdudiyyətlər bu təsirin azalmasına kömək edə bilər. Amma əsas məsələ yenə də səbəblərdir. Uşaqlarda telefon asılılığı çox zaman emosional boşluq, özgüvən problemi, natamamlıq kompleksi, depressiya, sosial fobiya kimi psixoloji faktorlarla əlaqəlidir. Bir çox hallarda uşaq bu problemlər səbəbindən telefona və sosial şəbəkələrə yönəlir".
Psixoloq qeyd edib ki, düzgün yanaşma 10 yaşına qədər uşağın sosial şəbəkəsinin olmamalıdır: "10–13 yaş aralığında texnologiyadan istifadə valideyn nəzarəti altında və məhdud zamanla olmalıdır. Bu barədə uşaqla əvvəlcədən açıq şəkildə danışılmalı, məsələn, gündə bir saat istifadə qaydası razılaşdırılmalıdır. Valideyn nəzarəti uşağın başında dayanmaq demək deyil. Valideyn sonradan uşağın hansı platformalara daxil olduğunu yoxlaya bilməlidir. Daim uşağın yanında olmaq valideyn–övlad münasibətinə və güvən bağlarına zərər verə bilər. 13–16 yaş aralığında uşaqlara texnologiyanın etik və düzgün istifadəsi öyrədilməlidir. Telefonun əslində hansı məqsədlər üçün istifadə olunduğu izah edilməlidir. 16 yaşdan sonra isə mərhələli şəkildə müstəqil istifadəyə icazə verilməlidir. Rəsmi tövsiyələr 16 yaş göstərsə də, daha sağlam yanaşma kimi bu mərhələnin ali təhsil dövrünə qədər uzadılması məsləhətdir".
Ayhan
12:56 02.02.2026
Oxunuş sayı: 638