Qiyabi təhsil alan doktorantlar niyə təqaüd almasın? - ARAŞDIRMA
Son illər Azərbaycanda ali təhsilin üçüncü pilləsi olan doktorantura təhsilinə maraq artmaqdadır. Xüsusilə qiyabi doktorantura forması elmi fəaliyyətlə yanaşı, paralel olaraq işləmək imkanı verdiyi üçün bir çox gənc tədqiqatçılar üçün daha cəlbedici görünür. Lakin bu təhsil formasında oxuyanların sosial təminatı, xüsusilə təqaüd məsələsi uzun müddətdir müzakirə mövzusudur.
Hazırda qanunvericiliyə əsasən, doktorantura təhsilinin əyani formasında oxuyanlara dövlət tərəfindən aylıq təqaüd verilir. Qiyabi doktorantlar isə əksər hallarda bu hüquqdan kənarda qalır və yalnız əməkhaqqı və ya şəxsi vəsait hesabına fəaliyyətlərini davam etdirirlər. Bu isə elmi fəaliyyətin davamlılığı, motivasiya və sosial ədalət baxımından ciddi suallar doğurur.
Məsələnin aktuallığı ondan ibarətdir ki, qiyabi doktorantların böyük hissəsi elmi tədqiqatla yanaşı, ailə və iş yükü altında fəaliyyət göstərir və maddi dəstəyin olmaması onların elmdən uzaqlaşmasına səbəb ola bilər. Ekspertlər hesab edir ki, bu məsələ təkcə maliyyə problemi deyil, eyni zamanda ölkədə elmin inkişaf strategiyası və kadr potensialının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanda elmi kadr hazırlığının əsas mərhələlərindən biri olan doktorantura təhsili son illər islahatların əsas mövzularından birinə çevrilib. Bu kontekstdə xüsusilə diqqət çəkən məsələlərdən biri qiyabi təhsil alan doktorantların təqaüdlə təmin olunmamasıdır. Məsələ təkcə sosial xarakter daşımır, eyni zamanda ölkənin elmi potensialının qorunması və inkişafı baxımından da ciddi əhəmiyyət kəsb edir.
Hazırkı qaydalara əsasən, qiyabi doktorantlar dövlət təqaüdü almırlar. Bu yanaşma uzun müddət doktoranturanın əsasən əyani formada tam ştatlı elmi fəaliyyət mərhələsi kimi qəbul edilməsi ilə izah olunub. Lakin müasir reallıqlar göstərir ki, qiyabi doktorantların üzərinə düşən elmi, təşkilati və maliyyə yükü heç də az deyil, bəzi hallarda isə əyani doktorantlardan daha ağırdır. Qiyabi doktorantlar elmi tədqiqatların aparılması, beynəlxalq və yerli elmi konfranslarda iştirak, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunması, xarici elmi bazalara çıxış, ezamiyyətlər və nəşr xərcləri ilə bağlı xeyli maliyyə vəsaiti sərf edirlər. Eyni zamanda, əksər qiyabi doktorantlar əmək fəaliyyəti ilə məşğul olduqları üçün elmi işlə peşəkar fəaliyyəti paralel aparmaq məcburiyyətində qalırlar ki, bu da həm zaman, həm də resurs baxımından əlavə çətinliklər yaradır".
Deputat, həmçinin təhsil forması ilə elmi fəaliyyətin dəyəri arasında birbaşa asılılıq qurmağın doğru yanaşma olmadığını deyib: "Əsas meyar doktorantın hansı formada təhsil alması yox, onun ortaya qoyduğu elmi nəticələr, tədqiqatların keyfiyyəti və ölkənin elmi-mədəni inkişafına verdiyi töhfə olmalıdır. Məhz bu səbəbdən qiyabi doktorantların sosial təminatı məsələsi gələcək təhsil islahatları çərçivəsində müzakirə predmetinə çevrilib. Müvafiq dövlət qurumları ilə aparılan müzakirələrdə qiyabi doktorantlar üçün təqaüd və ya alternativ maliyyə dəstəyi mexanizmlərinin yaradılması, elmi göstəricilərə əsaslanan diferensial təqaüd modellərinin tətbiqi, elmi nəşr və tədqiqat xərclərinin qismən dövlət tərəfindən qarşılanması kimi variantlar nəzərdən keçirilir. Beynəlxalq təcrübə də göstərir ki, bir çox ölkədə doktorantların maliyyələşdirilməsi yalnız təhsil formasına deyil, elmi məhsuldarlığa və layihə əsaslı fəaliyyətə bağlıdır. Bu yanaşma həm rəqabəti artırır, həm də real elmi nəticələrin ortaya çıxmasına stimul yaradır. Aydındır ki, hər hansı təqaüd mexanizminin tətbiqi dövlət büdcəsi və hüquqi çərçivə ilə sıx bağlıdır. Lakin qiyabi doktorantların mövcud vəziyyəti nəzərə alındıqda, bu sahədə balanslı və mərhələli həll yollarının tapılması zəruridir. Bu, həm gənc alimlərin elmə marağının qorunmasına, həm də elmi mühitin sağlam inkişafına xidmət edəcək. Nəticə etibarilə demək olar ki, qiyabi doktorantların təqaüd məsələsi gündəmdədir və bu istiqamətdə müzakirələr davam edir. Məqsəd formal fərqləri deyil, elmi fəaliyyətin real dəyərini əsas götürən, ədalətli və stimullaşdırıcı bir modelin formalaşdırılmasıdır. Bu məsələnin həlli ölkənin elmi gələcəyi baxımından vacib addımlardan biri olacaq".

Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə düşünür ki, hazırda Azərbaycanda qiyabi təhsil alan doktorantların təqaüd almaması həm hüquqi tənzimləmə, həm də maliyyə prinsipləri ilə bağlıdır: "Mövcud vəziyyətdə bu məsələnin yaxın perspektivdə dəyişəcəyini qəti şəkildə söyləmək çətindir. Qüvvədə olan qanunvericiliyə və doktorantura təhsili ilə bağlı Nazirlər Kabinetinin müvafiq əsasnamələrinə nəzər salsaq görərik ki, təqaüd mexanizmi əsasən istehsalatdan ayrılmaqla təhsil alan şəxslərin sosial müdafiəsinə yönəlib. Yəni təqaüd anlayışı birbaşa əyani təhsil forması ilə əlaqələndirilir. Qiyabi doktorantlar isə rəsmi olaraq istehsalatdan ayrılmayan, yəni əsas iş yeri olan və paralel şəkildə təhsil alan şəxslər hesab edilirlər. Bu səbəbdən onların sosial təminatı təqaüd mexanizmi ilə deyil, mövcud əmək fəaliyyəti çərçivəsində nəzərdə tutulur. Əyani doktoranturada təhsil müddətinin üç il olması və bu dövrdə doktorantın bütün vaxtını elmi tədqiqata həsr etməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi təqaüd formasında həyata keçirilir. Qiyabi doktoranturada isə təhsil müddəti dörd ildir və bu əlavə bir il məhz tədqiqatın iş fəaliyyəti ilə paralel aparılmasına imkan yaratmaq məqsədi daşıyır. Bu baxımdan mövcud modeldə qiyabi doktorantlara ayrıca təqaüd verilməsi konseptual olaraq nəzərdə tutulmayıb".
Onun sözlərinə görə, gələcəkdə bu sistemin dəyişməsi yalnız elmin maliyyələşmə modelinin transformasiyası ilə mümkün ola bilər: "Əgər doktorantura təhsili formal olaraq təhsil pilləsindən daha çox tədqiqat fəaliyyəti kimi qəbul edilərsə və maliyyələşmə təhsil formasına görə deyil, elmi nəticəyə görə aparılarsa, bu halda qiyabi doktorantların da maliyyə dəstəyi alma imkanları yarana bilər. Bu model həm daha ədalətli, həm də daha səmərəli mexanizm hesab olunur".
Cəmiyyət sədri, həmçinin hazırda beynəlxalq təcrübədə elmin maliyyələşdirilməsində əsas istiqamət qrant sisteminə keçid olduğunu deyib: "Bu modeldə istər əyani, istər qiyabi doktorant olsun, tədqiqatçı elmi layihə üzrə dövlət və ya özəl sektorun qrantını qazanarsa, təhsil formasından asılı olmayaraq maliyyə dəstəyi ala bilər. Bu artıq təqaüd yox, konkret elmi nəticəyə əsaslanan maliyyələşmə mexanizmidir. Eyni zamanda, yeni “Təhsil haqqında” qanuna planlaşdırılan dəyişikliklərdə gənc alimlərin hazırlanması və onların motivasiyasının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Əgər bu dəyişikliklər çərçivəsində nəticəyönümlü maliyyələşmə prinsipi hüquqi bazada təsbit olunarsa, gələcəkdə qiyabi təhsil alan doktorantlar üçün də müxtəlif təşviq və maliyyə mexanizmlərinin tətbiqi real görünə bilər. Yekun olaraq qeyd etmək olar ki, əsas məsələ təhsil formasının deyil, elmi fəaliyyətin nəticəsinin maliyyələşdirilməsinə keçiddir. Bu baş verdiyi təqdirdə, əyani və qiyabi doktorantura arasında maliyyə baxımından mövcud olan fərqlər tədricən aradan qalxa bilər".

İqtisadçı- ekspert Rəşad Həsənovun fikrincə isə qiyabi təhsilin mahiyyəti ondan ibarətdir ki, şəxs əmək fəaliyyəti ilə məşğul olur, eyni zamanda öz ixtisası və ya peşəsi üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə təhsil alır: "Yəni qiyabi təhsil modeli məhz işləyən insanların təhsil imkanlarını genişləndirmək üçün formalaşmış bir mexanizmdir. Bu baxımdan, bu fəlsəfə üzərində qurulmuş təhsil forması üzrə təhsil alan tələbələrə təqaüd verilməsi həm nəzəri, həm də praktiki baxımdan məntiqi və əsaslandırılmış görünmür. Çünki qiyabi təhsil alan şəxslər artıq əmək bazarında fəaliyyət göstərir, mütəmadi gəlir əldə edirlər və paralel şəkildə təhsillərini davam etdirirlər. Bu səbəbdən, yaxın perspektivdə və hətta orta və uzunmüddətli dövrdə belə, qiyabi təhsil alan tələbələr üçün ayrıca təqaüd mexanizminin tətbiq ediləcəyi ehtimalını kifayət qədər aşağı qiymətləndirmək olar. Bununla belə, nəzəri olaraq belə bir təqaüd növü tətbiq edilərsə, bu, həmin şəxslərin maliyyə müstəqilliyinin güclənməsi, həyat keyfiyyətinin yüksəlməsi və ümumi istehlak imkanlarının artması baxımından müəyyən müsbət təsirlər göstərə bilər. Lakin bir daha vurğulamaq lazımdır ki, qiyabi təhsilin mahiyyəti və onun yaranma fəlsəfəsi nəzərə alındıqda, Azərbaycanda orta və uzun perspektivdə bu təhsil forması üzrə təhsil alan tələbələr üçün dövlət tərəfindən təqaüd mexanizminin tətbiqi real və məqsədəuyğun görünmür".
15:54 28.01.2026
Oxunuş sayı: 613