AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib
Yanvarın 27-də AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2025-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bölmələrin 2025-ci il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Cari ay ərzində AMEA-nın Rəyasət Heyətinin iclaslarında aidiyyəti istiqamətlər üzrə elmi bölmə və regional elmi mərkəzlərin, həmçinin kənar təşkilatlarda əldə olunmuş nailiyyətlərin hesabatlarının dinlənildiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, ictimaiyyətə təqdim olunmuş elmimetrik göstəricilər, rəqəmsal təqdimatlar, sərgilər Azərbaycan elmində yüksək inkişaf dinamikasından xəbər verir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan alimləri 2025-ci ildə də uğurla çalışıb, səmərəli fəaliyyət göstəriblər və AMEA-da, eləcə də kənar təşkilatlarda bir sıra mühüm nəticələr əldə olunub.
Akademik İsa Həbibbəyli kadr hazırlığı məsələlərinə diqqətin artırılmasının zəruriliyinə toxunub. AMEA rəhbəri bildirib ki, bu istiqamətdə işləri gücləndirmək məqsədilə ötən il Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında dünya təcrübəsini əsas götürərək Gənclər Akademiyası təsis olunub. Həmçinin AMEA-nın “İlin gənc alimi” mükafatı təsis edilib, eləcə də impakt faktorlu jurnallarda məqaləsi işıq üzü görən alimlərə mükafatlar verilir.
Akademik İsa Həbibbəyli kadr hazırlığı və gənclərlə iş məsələlərinə diqqətin artırılması ilə bağlı elmi müəssisə və təşkilatların direktorlarına müvafiq tapşırıqlarını çatdırıb.
2025-ci ilin Akademiya həyatı üçün olduqca əlamətdar hadisələrlə müşayiət olunduğunu deyən akademik İsa Həbibbəyli dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağında çıxış edərək Azərbaycan elminin, alimlərinin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Həmçinin Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı da elmin, təhsilin inkişafı ilə bağlı istiqamətverici məqamları dilə gətirdiyini, cəmiyyətin inkişafının elmin, təhsilin inkişafından asılı olduğunu söyləyib.
Ötən dövr ərzində ölkəmizdə ictimai təfəkkürün, Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafında İctimai elmlərin və bu sahənin görkəmli alimlərinin mühüm xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli tarixi elmi ənənələrin müasir inkişafın yeni səviyyəsində də davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonra İctimai Elmlər Bölməsinin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.
Diqqətə çatdırıb ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” və s. sərəncamlarının icrasına istiqamətlənib. Eləcə də, ölkə başçısının Qərbi Azərbaycan və Qafqaz Albaniyası ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun istiqamətdə də işlər aparılıb.
Akademik qeyd edib ki, 2025-ci ildə İEB-in elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib.
Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 1938 əsər çap olunub. Bunlardan 68-i kitab (5-i xaricdə), 47-si monoqrafiya (16-sı xaricdə), 81-i dərslik və dərs vəsaiti, 958-i məqalə (493-ü xaricdə), 482-si tezis (122-si xaricdə) olub, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 315 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 1137 istinad qeydə alınıb.
Akademik Gövhər Baxşəliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət başçısının Sərəncamın icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konfransın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib. Qeyd edib ki, bu çərçivədə “Süni intellekt və müasir şüur: Konstitusiya və Suverenlik İli kontekstində”, “Milli mübarizəmizin məntiqi nəticəsi, Konstitusiya və Suverenlik”, “Azərbaycan arxeologiyası “Konstitusiya və Suverenlik İli”ndə: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” və s. mövzuda konfranslar, dəyirmi masalar, seminarlar baş tutub, həmçinin “Azərbaycan Respublikasında müasir konstitusionalizm və Suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.
Məruzəçi, həmçinin dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” istiqamətində görülmüş işləri diqqətə çatdırıb, bu çərçivədə “AMEA yeniləşmə və islahat yollarında”, “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma”, “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” və digər nəşrlərin çap olunduğunu söyləyib.
Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Bu günümüzə kimi mövcud olan siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumlardan ibarət İşçi Qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb.
Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.
Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində isə “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ermənistanın toponimik cinayətləri”, “Azərbaycanlılarla ermənilər arasında keçirilən “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)” kitabları çap olunmuş, eləcə də “Qərbi Azərbaycan atlası” üzrə “Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr” üzərində yenilənmə aparılmış və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilmişdir. O cümlədən “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir.
Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bölmənin elmi-tədqiqat müəssisələrində, xüsusən Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi-tədqiqat işləri həyata keçirilmiş, kitablar, çoxsaylı məqalələr çap olunmuşdur. Belə ki, “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” adlı monoqrafiya çap edilmiş, “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” adlı monoqrafiya isə çapa təqdim olunmuşdur. Həmçinin Qafqaz Albaniyasına dair mənbələrin araşdırılması məqsədilə Londonda, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzinin Arxivində, Rusiya arxivlərində məlumatlar toplanmışdır.
İraq Türkmanları ilə əlaqədar görülmüş işlər çərçivəsində isə “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşri Azərbaycan və ərəb dillərində Bakı və Bağdadda nəşr edilib.
Akademik Gövhər Baxşəliyeva, o cümlədən bölmənin institutlarında türk xalqların tarixini, mədəniyyətini araşdıran şöbələrin fəaliyyət göstərdiyini, “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi”, “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” və digər istiqamətlərdə tədqiqatların aparıldığını söyləyib.
Məruzədə, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.
Hesabatlar üzrə aparılan müzakirələrdə professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və gənc alim, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşova çıxış edərək bölmə üzrə əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılara toxunub, bölmə üzrə impakt faktorlu jurnalda ən yüksək göstəricinin Arxeologiya və Antropologiya İnstitutunda qeydə alındığını bildirib. Həmçinin qeyd edib ki, Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycana dair, Fəlsəfə və Sosiologiya İnstitutu isə süni intellekt və rəqəmsal texnologiyalara dair aparılan tədqiqatlarda daha çox nailiyyət qazanıb. O cümlədən tarixi xəritələrin yenidən elmə qazandırılması istiqamətində Tarix və Etnologiya İnstitutu, eləcə də Şərqşünaslıq İnstitutunun böyük potensiala malik olduğunu, bu yöndə araşdırmaların sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Qafqaz Albaniyasına dair tədqiqatların Kəlbəcər ərazisində də planlaşdırıldığını söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-da İraq türkmanlarına dair araşdırmaların cari ildə də davam etdirildiyini, “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşrinin çapının böyük uğur olduğunu bildirib. Xaraba Gilan şəhər yerində ötən il Əcəmi Naxçıvaninin müəllifi olduğu memarlıq abidəsinin tağının müəyyən edildiyini, bu yöndə tədqiqatların genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri bölmənin 2025-ci il üzrə fəaliyyətinin qənaətbəxş olduğunu, bölmə əməkdaşlarının 2026-cı il ərzində də ölkəmizin sosial-mədəni, milli-mənəvi dəyərlərin təbliği istiqamətində inamla çalışacaqlarına inamını ifadə edib.
AMEA-nın Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə bölmənin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov təqdim edib.
Əlimuxtar Muxtarov qeyd edib ki, hesabat ilində bölmənin müəssisələrində “2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında”, eyni zamanda dövlət rəhbərinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlar, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramı, bu qərar və sərəncamlardan irəli gələn işlərin yerinə yetirilməsi ilə əlaqədar AR Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağının qərarları, Gəncə şəhər İcra Hakimiyyətinin sərəncam və tapşırıqları əsasında həyata keçirilib.
AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrində 13 problemi əhatə edən 19 mövzu, 20 iş, 24 mərhələ üzrə tədqiqatlar aparılıb, 19 mövzu, 20 iş və 24 mərhələ tamamlanıb, 3 mühüm nəticə alınıb. Hesabat ilində AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 10-u xaricdə olmaqla 48 məqalə, 14-ü xaricdə olmaqla 84 konfrans materialı dərc olunub, əməkdaşların əsərlərinə beynəlxalq elmmetrik bazalarda 54 dəfə istinad edilib.
Məruzəçi Gəncə Bölməsində “Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi”, “Azərbaycan dilinin inkişaf tarixi”, “Azərbaycan folkloru”, “Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri”, “Musiqi sənəti”, “Gəncə incəsənətinin araşdırılması”, “Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi” və “Qərb bölgəsinin tarixi” istiqamətlərində tədqiqatlar aparılaraq mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Əlimuxtar Muxtarov qeyd edib ki, hesabat dövründə AMEA-nın 80 illik yubileyinə həsr edilmiş “Gəncənin elm məbədi”, “Gəncənin elm və incəsənət xadimləri” adlı kitab və monoqrafiyalar çap olunmuş, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Məruzələr toplusu kitabı nəşr edilmişdir.
“Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında” mövzusu üzrə Nizami Gəncəvi irsinin XV əsrdən başlayaraq dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılmış, əlyazmaların yayılma coğrafiyası və tədqiqat ənənələri təhlil edilmiş, dünya şərqşünaslığında Nizami irsinin önəmi, xüsusilə də mənəvi və fəlsəfi fikrin inkişafında rolu tədqiq olunmuşdur. Bundan əlavə, “Nizami Gəncəvi irsinin Azərbaycan Respublikasında və İran Azərbaycanında tədqiqi, tərcüməsi və nəşri üzrə fərqli və oxşar araşdırma texnologiyaları” mövzusuna əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin milli mənsubiyyəti və yaradıcılığı həm Azərbaycan, həm də İran alimlərinin tədqiqatlarında geniş şəkildə araşdırılıb.
Həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Gəncə dialektində qarışıq tipli mürəkkəb cümlələrin strukturu və istifadəsi tədqiq edilib. Gəncə dialektinin qarışıq tipli cümlələlərdə həm tabesiz bağlayıcılar, həm də tabeli bağlayıcılar araşdırılıb. Bu tədqiqatda Gəncə dialektinin xüsusiyyətləri və digər Qərb qrupu dialektləri ilə müqayisəli təhlili aparılıb.
Bundan əlavə, hesabat ilində “Orta əsrlərdə Qarabağda yaşamış və yaratmış mütəfəkkirlər” mövzusu üzrə Qarabağın qadın şairələrinin Qarabağ ədəbi mühitindəki rolu və mövqeyi tədqiq olunub.
“Gəncənin qədim sənətkarlıq növlərinin araşdırılması” işi çərçivəsində Qafqaz Albaniyasının bir hissəsi olmuş Gəncə və onun ətraf ərazilərində qədim dövrlərdən mövcud olan ənənəvi sənətkarlıq sahələrinin - xüsusilə zəngin ənənələrə malik dulusçuluq və misgərlik sənətinin tarixi inkişaf yolu elmi, etnoqrafik tədqiqatlar, arxeoloji ekspedisiyalar və yazılı mənbələrin verdiyi məlumatlar əsasında araşdırılıb. Bu bölgədə saxsı və mis qabların istehsalı sənətkarlığın əsas sahələrindən biri kimi ön plana çıxıb.
Natiq dövlət başçısının “Konstitusiya və Suverenlik İli”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək görülmüş işləri də diqqətə çatdırıb.
Həmçinin Gəncə Bölməsinin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib.
Məruzə ilə bağlı fikirlərini ifadə edən akademik İsa Həbibbəyli Gəncə Bölməsində Nizami Gəncəvinin həyatı və fəaliyyətinin tədqiqi, həmçinin təbliği istiqamətində görülən işləri, o cümlədən digər vəzifələrin icrası ilə bağlı atılan addımları yüksək qiymətləndirib, əldə olunmuş nailiyyətlərin 2026-cı ildə də artım tempi ilə davam edəcəyinə inamını bildirib.
Sonda Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin və Gəncə Bölməsinin 2025-ci il üzrə fəaliyyəti yüksək qiymətləndirilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
18:26 27.01.2026
Oxunuş sayı: 599