Bizim Bakı gecələri... -REPORTAJ
Artıq axşam saat altıdır. İşdən çıxma zamanıdır. Ənənəvi olaraq "Elmlər Akademiyası"ndan üzü "28 may" metrostansiyasına piyada düşürəm. Gəzə-gəzə diqqət edirəm ki, Bakı dəyişmir, sadəcə üzünü çevirir. Gündüz özünü səs-küylə göstərən şəhər gecə işıqla danışmağa başlayır. Küçə lampaları bir-bir yanır, sanki şəhər özünü qaranlıqdan qorumaq üçün hər tərəfə səssiz siqnallar göndərir. Maşınların işıqları asfaltın üzərində uzanan xəttlər yaradır. Həmin xətlər isə Bakının damarları kimi axır şəhər gecə də hərəkətdədir. Amma bu hərəkət daha ağır, daha düşüncəlidir.
Parkda addımladıqca səs mənzərəsi dəyişir. Gündüzün tələsik çağırışları, telefon zəngləri, ucadan danışan səslər yox olur, yerini daha boğuq, daha yorğun bir uğultu tutur. Maşın motorlarının səsi sanki uzaqdan gəlir, sanki bu səs artıq təkcə texniki yox, emosionaldır. Bakı gecə insanı tələsdirmir, amma onu buraxmır da.

Tıxac şəhərin gecə ritminin əsas hissəsinə çevrilir. Avtomobillər bir-birinin arxasında uzanır, qırmızı işıqlar bir-birinə qarışır, ağ faralar asfaltı yandırır. Burada zaman dayanır, amma həyat dayanmır. Hər maşının içində başqa bir dünya var: kimsə sükanın arxasında yorğun gözlərlə qabağa baxır, kimsə telefonun işığında üzünü itirir, kimsə arxa güzgüdə özünə baxıb heç nə görmür. Bakı gecə insanlara güzgü kimi işləyir. Hər kəs özünü bir az daha aydın görür.
Piyada keçidində dayanıb axına baxanda şəhər bir film kimi açılır. Kamera yuxarıdan yox, elə içindən çəkilir. Burada baş rol yoxdur, hamı fon obrazıdır, amma hamı vacibdir. Bakı gecə heç kimi ön plana çıxarmır, hamını eyni səviyyədə saxlayır.

Park tərəfə yönəldikcə səs azalır, işıq zəidləyir. Küçə lampaları ağacların üzərinə kölgələr salır, bu kölgələr bəzən insan fiquruna oxşayır, bəzən sadəcə hərəkət edən qaranlıq ləkələr kimi görünür. Park gecə şəhərin içində nəfəs almaq üçün açılmış boşluqdur. Burada insanlar danışmır, burada insanlar sadəcə hərəkət edir.
Skamyalar üzərində oturan insanlardan kimisi qulaqcıqla musiqi dinləyir, kimisi telefona baxır, kimisi sadəcə boşluğa baxır. Baxışlar haraya yönəlib bilinmir. Bakı gecə insanlara sual vermir, cavab da istəmir. Sadəcə onları sükuta buraxır.
Bir az irəlidə şəhərin işıqları yenidən sıxlaşır. Binaların pəncərələri bir-bir yanır, bəziləri qaranlıq qalır, bəzilərində yalnız bir otaqda işıq var. O pəncərələr minlərlə fərqli səhnədir, amma hamısı eyni dekorasiyadadır. Sanki şəhər gecə pəncərələri vasitəsilə öz içini göstərir.
Uzaqda Alov qüllələrinin rəngləri dəyişir. Bu işıqlar şəhərə futuristik bir sima verir, amma o simanın altında köhnə bir yorğunluq gizlənir. Bakı gecə müasir görünür, amma ruhən çox qədimdir. Burada tələsik arzular da var, susmuş xatirələr də.

Tıxac yenə uzanır. Avtomobillər irəli-geri hərəkət edir, amma istiqamət dəyişmir. Bu şəhər insanları eyni yolda saxlayır, amma heç kimin yolunu eyni etmir. Kimisi harasa çatmağa çalışır, kimisi nədənsə qaçır, kimisi isə sadəcə vaxtı öldürür. Bakı gecə hamını eyni işıqlar altında birləşdirir, amma heç kimi bir-birinə yaxınlaşdırmır.
Yuxarıdan baxanda Bakı sanki sakit görünür: işıqlı yollar, parlaq binalar, tünd parklar. Amma bu sakitlik saxtadır. Şəhər içindən baxanda daha realdır: yorğun, susqun, amma hələ də yaşayan. Bakı gecə özünü bəzəmir, özünü gizlətmir, sadəcə maskanı çıxarır.
Bu şəhər gecə nə danışır, nə də susur. O sadəcə nəfəs alır.
Və bu nəfəs işıqların altında hiss olunur — tıxacda sıxılan, parkda boşalan, pəncərələrdə gizlənən bir nəfəs.
...Bu reportajı gecə yazdım və indilərdə - səhər saatlarında, paytaxtda yenə hər kəsin harasa qaçdığı bir vaxtda dərc olunur. Düşünürəm Bakının gecəsi ilə gündüzü arasında fərq nədir.Elə fikirləşirdim ki, cavab tapıram səhər Bakımız daha səs-küylü daha gur olursa axşam artıq sakit daha həzin olur.

Sonda reportajımı sözləri Ələkbər Ziyatayın, musiqisi isə Ələkbər Tağıyevin olan "Bakı gecələri" nəğməsinin nəqarəti ilə tamamlamaq istəyirəm:
Bəzən sakit həyatlıdır,
Bəzən toylu-büsatlıdır,
Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri.
Günün xoş keçsin bizim dinamik eyni zamanda həzin mehli Bakımız.

13:47 27.01.2026
Oxunuş sayı: 1233