Vaşinqtonun Suriyada planı dəyişdi: Kürdlər üçün kritik çağırış
ABŞ Suriyaya ilkin mərhələdə İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə daxil olub və həmin dövrdə kürdlər bu mübarizədə mühüm rol oynayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Suriya üzrə nümayəndəsi Tom Barak açıqlama verib.
“Kürdlər təkbaşına İŞİD-lə mübarizə apara bilmədikləri üçün ABŞ əsas dəstəkçi oldu. O zaman Dəməşqdə azlıqlara düşmən münasibət göstərən, dünyadan təcrid olunmuş Əsəd rejimi var idi. Buna görə kürdləri və ərəbləri vahid bir struktur altında qorumağa məcbur idik”, – deyə o qeyd edib.
Barak vurğulayıb ki, hazırda Suriyada yeni siyasi imkanlar formalaşıb. Onun sözlərinə görə, Əhməd Əl Şaraanın liderliyi ilə ABŞ-ə dost münasibət bəsləyən, İsraillə əməkdaşlıq etmək istəyən, azlıqlara hörmət edən və İŞİD-lə mübarizəni davam etdirən yeni bir siyasi fiqur ortaya çıxıb.
“Bu, kürdlər üçün tarixi bir məqamdır. Onların hüquqlarının təmin olunması baxımından artıq ABŞ dəstəyinə əvvəlki qədər ehtiyacları yoxdur. İndi əsas ehtiyac Şamda olan hökumətlə razılaşmaqdır”, – deyə Barak bildirib.
O əlavə edib ki, bundan sonra İŞİD-lə mübarizəni birbaşa Suriya dövləti özü həyata keçirəcək.
19:16 21.01.2026
Oxunuş sayı: 836