Tramp: Mən bir parça buz istəyirəm, mən Qrenlandiyanı istəyirəm
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya, NATO, Avropa ölkələri və qlobal təhlükəsizliklə bağlı son dərəcə sərt və rezonans doğuran açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Qrenlandiyanın müdafiəsini ABŞ-dən başqa heç bir ölkə və ya ölkələr qrupu təmin edə bilməz.
Onun sözlərinə görə, ABŞ tarixi boyunca Avropanı dəfələrlə xilas edib və bu gün də qlobal təhlükəsizliyin əsas dayağıdır:
“ABŞ-dən başqa heç kim Qrenlandiyanı qoruya bilməz. Biz insanların düşündüyündən daha böyük gücük. Bunu İkinci Dünya Müharibəsində də gördük. Danimarka cəmi altı saatlıq döyüşdən sonra Almaniyaya təslim oldu və nə özünü, nə də Qrenlandiyanı qoruya bildi. ABŞ müdaxilə etməyə məcbur oldu."
Tramp müharibədən sonra ABŞ-nin Qrenlandiyanı Danimarkaya qaytarmasını axmaq addım adlandırıb və Kopenhageni nankorluqda ittiham edib.
ABŞ Prezidenti qeyd edib ki, Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi NATO üçün təhlükə deyil, əksinə, alyansın təhlükəsizliyini gücləndirəcək. O, adada “Qızıl Günbəz” raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin vacibliyini də vurğulayıb.
Tramp Fransa ilə bağlı da sərt ifadələr işlədib:
“Fransa İkinci Dünya Müharibəsində iki həftəyə Almaniyaya təslim oldu. ABŞ olmasaydı, Fransa bu gün böyük güc olmazdı. Bunu inkar etmək nankorluqdur”.
Qrenlandiya məsələsinə toxunan Tramp açıq şəkildə bildirib:
“Mən bir parça buz istəyirəm. Bəli, Qrenlandiyanı istəyirəm. Qrenlandiya satın alınmalıdır. Bu mövzuda danışıqlara dərhal başlayacağıq. Hərbi müdaxilə istisnadır”.
O, həmçinin Kanadanın mövcudluğunu ABŞ-la əlaqələndirib və əlavə edib ki, ABŞ olmasaydı, dünya bu gün fərqli dillərdə danışardı.
Tramp Davosda Fransa Prezidenti Emmanuel Makronun çıxışına da istehza ilə yanaşaraq bildirib ki, ABŞ artıq “bütün dünyaya subsidiya vermək” niyyətində deyil və Avropa mallarının qiymətləri düşəcək.
Bununla yanaşı, ABŞ Prezidenti Rusiya–Ukrayna müharibəsinə toxunaraq bildirib ki, həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski razılaşma əldə etmək istəyir.
18:54 21.01.2026
Oxunuş sayı: 1679