NATO-da Arktika həyəcanı: Çin və Rusiyanın qarşısı alınmalıdır
ABŞ Prezidenti Donald Trampın bu mövzuda səsləndirdiyi fikirlər haqlıdır və NATO daxilindəki digər liderlər də eyni mövqeni bölüşürlər.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Qrenlandiya və Arktika regionu ilə bağlı mühüm açıqlamalar verib.
Rutte qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində Arktikada dəniz yolları getdikcə daha çox açılır və bu da bölgəyə marağı artırır. Onun sözlərinə görə, Çin və Rusiya Arktikada fəaliyyətlərini genişləndirir və bu proses NATO üçün ciddi təhlükəsizlik çağırışları yaradır.
“Arktikanı Rusiya və Çin təsirindən qorumalıyıq”, – deyə NATO Baş katibi vurğulayıb.
Mark Rutte bildirib ki, bu məsələ ilə bağlı müəyyən addımlar pərdəarxasında müzakirə olunur, lakin hazırda bunları ictimaiyyətlə bölüşmək mümkün deyil.
O, həmçinin qeyd edib ki, NATO üçün hazırda əsas və birinci prioritet Ukraynadır: “Ukrayna bizim bir nömrəli prioritetimiz olmalıdır. Digər məsələləri, o cümlədən Qrenlandiya mövzusunu da müzakirə edə bilərik, lakin ilk növbədə Ukraynaya fokuslanmalıyıq. Bu, bizim təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır”.
NATO rəhbərinin sözlərinə görə, Ukrayna məsələsində irəliləyiş əldə olunduqdan sonra Arktika və Qrenlandiya ilə bağlı digər strateji məsələlərin daha geniş müzakirəsi mümkün olacaq.
18:21 21.01.2026
Oxunuş sayı: 1457