Baş nazir 23 illik həbs cəzasına məhkum edildi
Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın sabiq baş naziri Han Dok Suyu 2024-cü ildə elan edilmiş hərbi vəziyyətlə bağlı üsyan işində iştirak etməkdə günahlandıraraq 23 il həbs cəzasına məhkum edib.
Crossmedia.az bu barədə Yonhap xəbər agentliyinə istinadən xəbər verir. 2024-cü ilin dekabrında o vaxtkı prezident Yoon Suk Yeol Konstitusiyanı pozaraq hərbi vəziyyət elan etmiş və sonradan impiçment edilmişdi. Han Dok Su həmin dövrdə baş nazir idi və Yoon Suk Yeol hakimiyyətdən kənarlaşdırıldıqdan sonra müvəqqəti olaraq prezident vəzifəsini icra etmişdi.
Məhkəmə Han Dok Suyu üsyanın təşkilatçısına - yəni Yoon Suk Yeola - kömək etmək və yalan ifadə verməkdə günahlandırıb. Prokurorluq sabiq baş nazir üçün 15 illik həbs cəzası tələb etmişdi. Məhkəmə zalında Han Dok Su həbs olunub.
Hakim çıxışında bildirib ki, “Məhkəməlik, demokratik legitimliyə sahib olan baş nazirin Konstitusiyaya və qanunlara riayət etmək öhdəliyi var idi, lakin o, bu məsuliyyəti gözardı etdi və üsyanın uğur qazanacağına ümid edərək hərəkət etdi”. Hakim əlavə edib ki, dekabrın 3-də baş verən üsyan zamanı ölən olmasa da, vətəndaşların və deputatların silahlı qüvvələrə qarşı parlamenti qoruması cəsarətli hərəkət olub.
Han Dok Su ittihamları rədd edərək, hərbi vəziyyətin elan planlarından xəbərsiz olduğunu, heç vaxt ona razılıq vermədiyini və hərbi vəziyyətin tətbiqinə yardım etmədiyini bildirib.
O, Yoon Suk Yeol hökumətinin üzvləri arasında hərbi vəziyyətin elanına görə məhkum olunan ilk şəxsdir. Məhkəmə qərarı hərbi vəziyyətin və sonrakı hərəkətlərin üsyan hesab edildiyini təsdiqləyib. Yonhap xəbər verir ki, bu hökm Yoon Suk Yeola qarşı irəli sürülmüş üsyan təşkil etmək ittihamına da təsir göstərə bilər. Prokurorluq onun üçün ölüm cəzası tələb edib, hökm fevralın 19-da açıqlanacaq.
Sevinc Yarməmmədova
16:40 21.01.2026
Oxunuş sayı: 1078