Həsəkə ilə bağlı razılaşma: Dəməşq–SDQ arasında ilkin razılıq əldə olunub
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Həsəkə Qubernatorluğunun gələcəyi ilə bağlı bir sıra əsas məsələlər üzrə qarşılıqlı anlaşma əldə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə SANA agantliyi məlumat yayıb.
Qeyd olunub ki, Suriya Prezident Aparatı açıqlamasında bildirib ki, ərazilərin praktik və mərhələli inteqrasiyası üçün ətraflı planın hazırlanması məqsədilə SDQ-yə məsləhətləşmələr aparmaq üçün dörd gün vaxt verilməsi barədə razılıq əldə olunub.
Məlumata görə, razılaşma yekunlaşdırıldığı təqdirdə Suriya qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə daxil olmayacaq, şəhər kənarlarında yerləşəcək. Qamışlı şəhəri də daxil olmaqla, Həsəkə Qubernatorluğunun dinc və mərhələli inteqrasiyası üçün vaxt cədvəli və detallı mexanizmlər növbəti mərhələdə müzakirə olunacaq.
Açıqlamada vurğulanıb ki, əsas məqsəd təhlükəsizlik boşluğu yaratmadan sabitliyin qorunması və dövlət institutlarının tədricən bərpasıdır.
Suriya Prezidentliyi əlavə olaraq vurğulayıb ki, Suriya hərbi qüvvələri kürd kəndlərinə daxil olmayacaq. Razılaşmaya əsasən, həmin kəndlərdə yalnız yerli əhali arasından formalaşdırılmış təhlükəsizlik qüvvələri fəaliyyət göstərəcək, bundan başqa heç bir silahlı qüvvənin yerləşdirilməsi nəzərdə tutulmur.
Prezidentliyin bəyanatına görə, Məzlum Abdi Müdafiə nazirinin köməkçisi vəzifəsinə SDQ-dən namizəd təqdim edəcək. Eyni zamanda, Həsəkə qubernatoru vəzifəsi, Xalq Məclisində təmsilçilik və Suriya dövlət qurumlarında çalışacaq şəxslərlə bağlı siyahılar Dəməşqə təqdim olunacaq.
Bildirilib ki, hər iki tərəf SDQ-nin bütün hərbi və təhlükəsizlik strukturlarının Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiya olunması barədə razılığa gəlib. Ətraflı inteqrasiya mexanizmləri üzrə müzakirələr davam edir. Bununla yanaşı, SDQ-yə bağlı mülki qurumlar da Suriya hökumətinin institusional strukturuna inteqrasiya ediləcək.
Prezidentlik açıqlayıb ki, kürdlərin dil, mədəni və vətəndaşlıq hüquqlarına dair 13 saylı Fərman vahid, güclü və milli tərəfdaşlığa əsaslanan Suriya qurmaq, ölkənin bütün komponentlərinin hüquqlarını təmin etmək məqsədi ilə tam şəkildə icra olunacaq.
Məlumata görə, razılaşmanın nəticəsinə uyğun olaraq SDQ ləğv olunur. YPG isə polis statusunda fəaliyyət göstərəcək və Həsəkə ilə Qamışlıda Suriya Daxili İşlər Nazirliyinin tabeliyində xidmət aparacaq.
Suriya ordusu Həsəkə qubernatorluğunda yerləşdirilməyəcək. Məzlum Abdi Şamda hökumətin tərkibinə daxil olacaq və müdafiə nazirinin birinci müavini vəzifəsini tutacaq. Digər kürd nümayəndələr Daxili İşlər və Müdafiə nazirliklərində yüksək vəzifələrə təyin ediləcək.
Kürd dilinə Həsəkə ərazisində regional dil statusu verilir. Kürd dilində televiziya yayımına icazə veriləcək. Novruz bayramı isə bütün Suriya üzrə milli bayram elan olunur.
Həsəkə qubernatoru Məzlum Abdi və Kürd Xalq Şurasının təklifi əsasında Şam tərəfindən təyin ediləcək. Təhlükəsizliyin təminatı Həsəkədə yerli kürd qüvvələrinin öhdəsində olacaq.
Ayn əl Ərəb (Kobani) şəhərində kürdlərdən ibarət idarəetmə şurası formalaşdırılacaq. Parlamentdə kürdlərin geniş təmsilçiliyinə imkan veriləcək. Razılaşmanın qarantları ABŞ və Suriya hökuməti olacaq.
12:30 21.01.2026
Oxunuş sayı: 1617