Daha bir ölkə Tehran reyslərini dayandırdı
Almaniyanın hava yolları şirkəti Lufthansa İranın paytaxtı Tehran istiqamətində həyata keçirdiyi bütün uçuşları mart ayının sonunadək dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şirkətin sözçüsü xəbər agentliklərinə bildirib ki, Tehran istiqamətinə və əksinə olan bütün reyslər 29 mart tarixinə qədər ləğv edilib. Qərarın əsas səbəbi kimi regionda təhlükəsizlik risklərinin artması göstərilib.
Qeyd olunub ki, Lufthansa daha əvvəl də təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən təyyarələrinin İranın hava məkanı üzərindən uçmayacağını açıqlamışdı.
Məlumata görə, bu qərar Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat həyata keçirə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib. İranda ölkə miqyasında etirazların zorakı şəkildə yatırılmasından sonra ABŞ rəsmiləri mümkün cavab tədbirləri barədə dəfələrlə xəbərdarlıq edib.
Analitiklər bildirir ki, mövcud vəziyyət beynəlxalq aviaşirkətlərin təhlükəsizlik qiymətləndirmələrinə ciddi təsir göstərir və oxşar qərarların digər daşıyıcılar tərəfindən də verilməsi istisna edilmir.
11:15 21.01.2026
Oxunuş sayı: 1289