İnqilab adı altında xəyanət: Məşədi Əzizbəyovun milli tarixə vurduğu zərbə
Məşədi Əziz bəy oğlu Əzizbəyov 18 yanvae 1876-cı ildə Bakıda anadan olub. O XX əsrin əvvəllərində Azərbaycanda bolşevik hərəkatının simalarından biri kimi tanınır. Məşədi Əzizbəyovun fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu ilə birbaşa ziddiyyət təşkil etmişdir. 1918-ci ildə AXC milli iradənin ifadəsi olaraq qurularkən, Əzizbəyov Bakı Kommunasının tərkibində bu dövlətçiliyə qarşı açıq mövqe tutmuş, Azərbaycan torpaqlarının mərkəzi bolşevik hakimiyyətinə tabe etdirilməsini müdafiə etmişdir. Onun siyasi fəaliyyəti milli müstəqillik ideyasını deyil, Rusiyaya bağlı sovet idarəetməsini önə çıxarmışdır.
Bakı Kommunasının əsas məqsədlərindən biri AXC-nin paytaxt Bakıda möhkəmlənməsinin qarşısını almaq idi. Bu siyasətin icraçılarından biri kimi Əzizbəyov Azərbaycan Xalq Cümhuriyyətini “burjua hökuməti” adlandıraraq legitimliyini tanımamış, milli hökumət quruculuğunu ideoloji düşmən kimi qəbul etmişdir. Bu mövqe onun Azərbaycan dövlətçiliyinə münasibətini açıq şəkildə ortaya qoyur.
Müasir tarixşünaslıq baxımından Məşədi Əzizbəyov AXC-nin süqutuna yönəlmiş siyasi xəttin tərkib hissəsi kimi qiymətləndirilir. O, xalqın azad iradəsi ilə qurulmuş ilk respublikaya qarşı çıxaraq, Azərbaycanın gələcəyini müstəqil dövlət kimi deyil, sovet imperiyasının bir hissəsi kimi görmüşdür. Bu fakt onun “inqilabçı” deyil, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və siyasi opponenti olduğunu təsdiqləyir.
Bu baxımdan Məşədi Əzizbəyovun fəaliyyəti milli tarixdə romantik inqilab obrazı ilə deyil, Azərbaycan dövlətçiliyinə qarşı çıxmış ideoloji düşmən mövqeyi ilə dəyərləndirilməlidir.
Qeyd edək ki, kommunanın məqsədi Azərbaycanı Rusiyanın bir quberniyası halına gətirmək, müstəqil dövlətçilik təşəbbüslərini əngəlləmək idi. Bu da xalqın milli iradəsi ilə çarpışırdı.
Fatimə Məmmədova
12:37 18.01.2026
Oxunuş sayı: 1201