Azərbaycanı dünyada yalnız mədəniyyətlə yox, elmlə də tanıtmalıyıq - MÜSAHİBƏ
Çağdaş dünyanın sürət qazandığı müasir dövrdə elm və intellektual fəaliyyət də diaspora anlayışının mühüm tərkib hissəsinə çevrilib. Xaricdə çalışan azərbaycanlı alimlərin beynəlxalq elmi mühitdə qazandığı uğurlar ölkəmizin nüfuzunun artmasına, milli elmi potensialın dünyaya tanıdılmasına xidmət edir. Bu baxımdan, hər bir azərbaycanlı mütəxəssisin fəaliyyəti təkcə fərdi nailiyyət deyil, eyni zamanda milli maraqların təmsilidir. Məhz bu yanaşma ilə Crossmedia.az Analitik İnformasiya Portalının “Zəfər Diasporu” rubrikasında növbəti müsahibəmizi oxuculara təqdim edirik.
Bu dəfəki müsahibimiz Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədri Bəxtiyar Siracovdur. Bakı şəhərində anadan olan Bəxtiyar Siracov hazırda Avstriyanın Vyana şəhərində yaşayır və beynəlxalq elmi qurumlarda fəaliyyət göstərir. O, 2005-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) elmi komandasında yer alıb. Bununla yanaşı, nüvə təhlükəsizliyi və atom energetikası sahəsindəki fəaliyyəti müxtəlif beynəlxalq mükafat və təltiflərlə qiymətləndirilib. Bəxtiyar Siracovun elmi yolu Azərbaycan elminin dünyada layiqincə təmsil olunduğunu göstərən uğurlu nümunələrdəndir.

-Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2005-ci ildə Nobel Sülh Mükafatı ilə təltif olunması prosesinin bir parçası olmaq şəxsi və peşəkar baxımdan sizə nə verdi?
-Bu əlamətdar hadisə mənim üçün, ilk növbədə, elmin qlobal təhlükəsizlik və sülh naminə nə qədər real və təsirli gücə malik olduğunu yaxından görmək imkanı yaratdı. Mən anladım ki, elmi fəaliyyət yalnız laboratoriyalarla və texniki hesablamalarla məhdudlaşmır, onun nəticələri birbaşa insanların həyatı, ölkələr arasında etimad və dünya miqyasında sabitliklə bağlıdır. Şəxsi baxımdan bu təcrübə məsuliyyət hissimi daha da gücləndirdi və gördüyüm işin dəyərini tam başqa bir ölçüdə dərk etməyimə səbəb oldu.
Peşəkar baxımdan isə bu proses mənə göstərdi ki, ən mürəkkəb və qabaqcıl texnoloji sistemlər belə insan amili, etik prinsiplər və beynəlxalq əməkdaşlıq olmadan dayanıqlı ola bilməz. Müxtəlif ölkələrdən olan mütəxəssislərlə eyni məqsəd - nüvə risklərinin azaldılması və sülhün möhkəmləndirilməsi - naminə çalışmaq, elmi biliklərin diplomatik və humanitar qərarların əsasına çevrildiyini görmək mənim dünya görüşümün formalaşmasında mühüm rol oynadı.
Bu təcrübə mənim üçün sadəcə peşəkar uğur deyil, elmin insanlıq qarşısında daşıdığı böyük məsuliyyətin və onun real həyatda necə mühüm rol oynadığının canlı və unudulmaz təsdiqi oldu.

-Azərbaycanlı mütəxəssis kimi beynəlxalq mühitdə ölkəmizi təmsil etmək hansı məsuliyyəti yaradırdı?
-Azərbaycanlı mütəxəssis kimi beynəlxalq mühitdə çalışmaq mənim üçün hər zaman ikiqat məsuliyyət demək olmuşdur. Mən yaxşı anlayırdım ki, gördüyüm işin keyfiyyəti, biliyimə yanaşmam və etik davranışım təkcə məni deyil, eyni zamanda Azərbaycan haqqında formalaşan ümumi fikri də təmsil edir. Hər addımım, hər qərarım ölkəmin adının necə qəbul olunmasına təsir göstərə bilərdi.
Bu düşüncə məni daim daha diqqətli, daha prinsipial və özümə qarşı daha tələbkar olmağa vadar edirdi. Beynəlxalq təşkilatda çalışarkən məqsədim sadəcə məsul olduğum işi keyfiyyətlə yerinə yetirmək deyildi. Mən istəyirdim ki, fəaliyyətimlə Azərbaycanın müasir elmi düşüncəyə malik, etibarlı və yüksək ixtisaslı mütəxəssislər yetişdirən bir ölkə olduğunu real nümunələrlə göstərə biləm.
Eyni zamanda özümü bir növ körpü rolunda görürdüm. Xaricdə qazandığım bilik və təcrübəni Azərbaycanla bölüşmək, gənc mütəxəssislərə yol göstərmək və onların beynəlxalq elmi mühitə çıxışını asanlaşdırmaq mənim üçün bu məsuliyyətin vacib hissəsi idi. Niyyətim ölkəmizin beynəlxalq elmi platformalarda sadəcə iştirakçı deyil, bərabərhüquqlu və etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə töhfə vermək olub.

-Gənc azərbaycanlı mütəxəssislərə beynəlxalq qurumlarda işləmək üçün əsas tövsiyəniz nədir?
-Gənc azərbaycanlı mütəxəssislərə əsas tövsiyəm odur ki, özlərini yalnız texniki işçi kimi deyil, qlobal problemlərin həllində iştirak edən məsuliyyətli mütəxəssis kimi formalaşdırsınlar. Bunun üçün təkcə dar sahə bilikləri kifayət etmir. Sistemli düşünmək, işi əvvəlcədən düşünülmüş, ardıcıl və məntiqli addımlarla görmək, təhlükəsizlik və etibarlılıq anlayışlarını dərindən anlamaq uzunmüddətli və dayanıqlı uğurun əsasını təşkil edir. Beynəlxalq qurumlarda çalışarkən nəzərə almaq lazımdır ki, texniki bilik nə qədər vacibdirsə, etibarlılıq, məsuliyyət hissi və düzgün ünsiyyət də bir o qədər önəmlidir. Müxtəlif ölkələri təmsil edən həmkarlarının fərqli dini inanclara, elmi məktəblərə aid olduğunu, fərqli dəyərlərə sahib olduğunu hər zaman diqqətə almaq zəruridir. İngilis dilini bilmək vacib şərtdir, amma əsas məsələ fikrini aydın, məntiqli və peşəkar şəkildə ifadə edə bilməkdir. İnsanlarla işləməyi, fərqli baxışlara hörmətlə yanaşmağı və komandada düzgün mövqe tutmağı bacarmaq böyük üstünlükdür.
Ən vacib keyfiyyətlərdən biri də təmkinli və davamlı olmaqdır. Beynəlxalq mühit rəqabətlidir və bu yol hər zaman asan olmur. Uğursuzluqları məğlubiyyət kimi yox, təcrübənin təbii və vacib bir hissəsi kimi qəbul etmək lazımdır. Səbir, zəhmət və ardıcıllıq gec-tez öz nəticəsini verir.
Gənclər unutmamalıdırlar ki, harada çalışırlarsa-çalışsınlar, eyni zamanda Azərbaycanı da təmsil edirlər. Bu, onlara göstərilən böyük etimadla yanaşı, ciddi məsuliyyət deməkdir. Xarici ölkələrdə yaşayan və çalışan hər bir azərbaycanlı mütəxəssis milli-mənəvi dəyərlərimizə sadiq qalmalı, ana dilimizi qorumalı və mədəniyyətimizi ləyaqətlə, yüksək səviyyədə təmsil etməlidir. Məhz bu balans – peşəkarlıqla milli kimliyin vəhdəti – bizi beynəlxalq mühitdə fərqləndirən əsas amillərdən biriolmalıdır.
-Texnologiya inkişaf etdikcə nüvə riskləri azalır, yoxsa daha mürəkkəbləşir?
-Nüvə riskləri dedikdə, nüvə enerjisi və nüvə texnologiyaları ilə bağlı yaranan və insan həyatı, ətraf mühit, eləcə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükə yarada bilən vəziyyətlər nəzərdə tutulur. Sadə dillə desək, bu risklər o zaman ortaya çıxır ki, nüvə texnologiyası ya düzgün idarə olunmur, ya nəzarətdən çıxır, ya da qəsdən zərərli məqsədlərlə istifadə edilir. Bu gün texnologiyanın sürətli inkişafı nüvə risklərinin mahiyyətini də dəyişir və onları daha mürəkkəb edir. Bir tərəfdən müasir texnologiyalar nəzarət və müşahidə imkanlarını xeyli artırır. Monitorinq sistemləri daha dəqiq olur, risklər daha tez aşkar edilir və insan səhvlərinin qarşısını almaq qismən mümkünləşir. Bu, təhlükəsizliyi artıran mühüm amildir. Digər tərəfdən isə rəqəmsallaşma, avtomatlaşdırma və süni intellekt nüvə sistemlərini yeni təhlükələrə daha açıq edir. Kiberhücumlar, proqram səhvləri, yanlış məlumatların sürətlə yayılması və qərarların avtomatik şəkildə qəbul edilməsi eskalasiya riskini artıra bilər. Sistemlər nə qədər mürəkkəb və texnoloji cəhətdən inkişaf etmiş olursa, onların düzgün və təhlükəsiz idarə edilməsi də bir o qədər çətinləşir. Məhz buna görə də əsas məsələ texnologiyanın olub-olmaması deyil. Əsas sual ondan ibarətdir ki, bu texnologiya hansı qaydalar, hansı etik prinsiplər və hansı beynəlxalq nəzarət mexanizmləri çərçivəsində istifadə olunur. Texnologiya düzgün idarə edildikdə təhlükəsizliyi gücləndirə bilər, əks halda isə mövcud riskləri daha da dərinləşdirə və ağır nəticələrə yol aça bilər.
-Diaspora fəaliyyətində prioritet istiqamətləriniz nələrdir?
-Mənim diaspora fəaliyyətim əsasən Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) çərçivəsində həyata keçirilir. Bu birlikdə əsas məqsədimiz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri, mütəxəssisləri və yaradıcı insanları bir araya gətirmək, onları təşkilatlanmış və əlaqəli bir şəbəkə halında birləşdirməkdir. İnanırıq ki, ayrı-ayrı ölkələrdə çalışan azərbaycanlı alim və mütəxəssislərin topladığı bilik və təcrübə bir araya gəldikdə çox böyük güc yaradır. DAAB-ın əsas hədəfi xaricdə yaşayan azərbaycanlı alimlərin, mühəndislərin, tədqiqatçıların və incəsənət xadimlərinin potensialını birləşdirərək bunu Azərbaycanın elmi, texnoloji və institusional inkişafına yönəltməkdir. Burada söhbət təkcə elmi nailiyyətlərdən getmir, həm də müasir düşüncə tərzinin, idarəetmə təcrübəsinin və beynəlxalq əlaqələrin ölkəmizə qazandırılmasından gedir. Fəaliyyətimizin digər mühüm istiqaməti elm və təhsil sahəsində beynəlxalq körpülərin qurulmasıdır. Birgə elmi tədqiqatlar, universitetlər arasında əməkdaşlıq, gənclər üçün mentorluq proqramları, onlayn mühazirələr və tədris platformaları bu körpülərin əsas dayaqlarıdır. Bu yanaşma bilik və təcrübənin yalnız bir istiqamətdə deyil, qarşılıqlı şəkildə paylaşılmasına imkan yaradır və həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün fayda verir. Eyni zamanda DAAB-ın fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə müasir, innovativ və intellektual potensiala malik bir ölkə kimi tanınmasına da xidmət edir. Biz çalışırıq ki, Azərbaycan yalnız zəngin tarixi və mədəniyyəti ilə deyil, həm də güclü elmi düşüncəsi, savadlı insan resursları və gələcəyə yönəlmiş baxışı ilə tanınsın.

-Azərbaycan dövlətinin diaspora dəstəyi ilə bağlı nə deyə bilərsiniz?
-Son illərdə Azərbaycan dövlətinin diaspora siyasətində ciddi dəyişikliklər baş verib və bu siyasət daha sistemli, strateji və institusional xarakter alıb. Bu gün diaspora artıq təkcə milli-mədəni kimliyin qorunması vasitəsi kimi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən mühüm intellektual və strateji resurs kimi dəyərləndirilir. Bu yanaşma diasporanın real potensialını üzə çıxarmaq baxımından çox vacibdir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları ilə əlaqələrin gücləndirilməsi, elmi forumların, beynəlxalq konfransların, peşəkar görüşlərin və gənclərə yönəlmiş proqramların dövlət tərəfindən dəstəklənməsi bu siyasətin konkret nəticələridir. Xüsusilə elmi və peşəkar diasporaya göstərilən diqqət uzunmüddətli inkişaf baxımından düzgün və uzaqgörən addım kimi qiymətləndirilə bilər. Bu yanaşma bilik, təcrübə və beynəlxalq əlaqələrin ölkənin inkişafına daha səmərəli şəkildə yönəldilməsinə imkan yaradır. Ən önəmli məqamlardan biri isə dövlətin diasporaya münasibətində etimad və tərəfdaşlıq ruhunun güclənməsidir. Diaspora artıq kənardan müşahidəçi rolunda deyil, konkret təşəbbüslərlə çıxış edən, məsuliyyət daşıyan və qərarların formalaşmasına töhfə verən aktiv tərəfdaş kimi qəbul olunur. Bu da dövlətlə diaspora arasında münasibətləri daha dayanıqlı, səmimi və uzunömürlü edir.
Sevinc Yarməmmədova
10:18 27.12.2025
Oxunuş sayı: 1723