Akademik: Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda elmi inkişaf xətti bərpa olundu
Müstəqil Azərbaycanın inkişaf yolunda təhsilin milli ideologiya səviyyəsinə yüksəldilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas sütunlarından birini təşkil edir. O, hər zaman vurğulayırdı ki, “Təhsil millətin gələcəyidir” və bu sözlər sadəcə bir şüar deyil, Azərbaycanın gələcək nəsillərini formalaşdıran strateji kursun mahiyyəti idi. XX əsrin sonundakı mürəkkəb tarixi mərhələdə ölkəni bərpa etmək üçün Heydər Əliyevin həyata keçirdiyi siyasət göstərdi ki, güclü dövlət yalnız güclü iqtisadiyyat üzərində deyil, həm də savadlı, müasir düşüncəli və milli ruha bağlı gənclər üzərində qurula bilər. Məhz onun uzaqgörənliyi nəticəsində təhsil sistemi postsovet dağınıqlığından çıxaraq yeni mərhələyə keçdi: beynəlxalq standartlara inteqrasiya sürətləndi, məktəb infrastrukturu yeniləndi, müəllim nüfuzunun bərpası dövlət siyasətinin əsas prioritetinə çevrildi, minlərlə gəncin xaricdə təhsil alması üçün tarixi imkanlar yaradıldı. Heydər Əliyevin təhsil siyasəti təkcə məktəb və universitetlərin yenilənməsi deyil, bütöv bir xalqın düşüncə tərzinin modernləşdirilməsi prosesi idi. Bu gün Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi uğurlar, beynəlxalq reytinqlərdə irəliləyişi və yaradılan intellektual potensial həmin strateji xəttin davamlı nəticəsidir. Ona görə də müasir Azərbaycan təhsili Heydər Əliyevin irəli sürdüyü konsepsiyanın üzərində yüksəlir və gələcəyə hesablanmış milli inkişaf modelinin təməl daşı kimi qalır.
AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova Ulu öndər Heydər Əliyevin təhsil siyasəti ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
“Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyəti dövründə elmin inkişafına xüsusi diqqət göstərilib. Onun təşəbbüsü ilə milli kadrların yetişdirilməsi məqsədilə yüzlərlə gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, elmi mərkəzlərinə təhsil almağa göndərilib. Əvvəlcə 200–300 nəfərlə başlayan bu proses sonradan 800, 1000, hətta 1400 nəfərə qədər yüksəldi. Bu gün həmin gənclərin böyük bir qismi dövlət idarəçiliyində, elm və təhsildə, müxtəlif sahələrdə aparıcı mövqelərdədir. Onlar Azərbaycan elminə, təhsilinə və cəmiyyətinə mühüm töhfələr verirlər. Heydər Əliyevin birinci hakimiyyəti dövründə yeni institutların, universitetlərin, müxtəlif elm istiqamətləri üzrə kafedraların yaradılması həyata keçirildi. Universitetlərdə tələbə sayı xeyli artdı ki, bu da ölkənin gələcək elmi potensialının formalaşmasında böyük rol oynadı. Azərbaycan Milli Elmlər Akademiyasına xüsusi diqqət göstərildi, Akademiyanın yubileyi keçirildi, qurum “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olundu. Alimlərə qayğı, onların fəaliyyətinə verilən dəyər həmin dövrün prioritet istiqamətlərindən biri idi”.
Akademik qeyd edib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, siyasi və iqtisadi baxımdan dağılmış bir Azərbaycanda yenidən elmi inkişaf xətti bərpa olundu: “Akademiyada keçirilən görüşlər, alimlərin fikirlərinin dinlənilməsi, elmi əsaslı qərarlar verilməsi bu yanaşmanın bariz nümunəsi idi. Qısa müddətdə alimlərin əməkhaqları üç dəfə artırıldı, Akademiyanın maddi-texniki bazasının yenilənməsi istiqamətində geniş işlər görüldü. Gənclərin Avropanın aparıcı elmi mərkəzlərinə doktorantura təhsili üçün göndərilməsi bu siyasətin mühüm tərkib hissəsinə çevrildi. Azərbaycan Milli Elmlər Akademiyasına “milli” statusun verilməsi, Heydər Əliyevin “Azərbaycan Elmlər Akademiyası Azərbaycanın milli sərvətidir” fikri, 2001-ci ildə keçirilən seçkilərlə Akademiya üzvlərinin sayının artırılması elmə verilən yüksək dəyərin göstəricisidir. Bu dövrdə yeni institutlar yaradıldı, o cümlədən 1994-cü ildə Mikrobiologiya İnstitutu sektor səviyyəsindən müstəqil institut səviyyəsinə qaldırıldı və geniş imkanlara sahib oldu”.
İ.Hüseynova son olaraq bildirib ki, ümumiyyətlə, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, elmə də elmi-praktik yanaşma ilə rəhbərlik edir, bütün proseslərə məhz elmi prizmadan yanaşırdı: “Onun üçün alimlərin fikri, elmin rolu hər zaman prioritet olub və bunu həm tarixi proseslərdə, həm də bu günki inkişafda aydın görmək mümkündür. Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu elm siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində iştirakı, proqram xarakterli, dərin məzmunlu çıxışı, elmin qarşısında qoyduğu strateji vəzifələr ölkənin gələcək elmi inkişafı üçün bir yol xəritəsidir.İnanırıq ki, bütün sahələrdə aparılan islahatların müsbət nəticələri elm sahəsində də özünü göstərəcək və Azərbaycan elminin dünya elminə inteqrasiyası daha geniş vüsət alacaqdır”.
Ayhan
18:07 12.12.2025
Oxunuş sayı: 1270