Bakı üçün ideal nəqliyyat modeli necə olmalıdır? – ekspert rəyi
Müasir şəhər həyatında nəqliyyat sistemi yalnız hərəkət vasitəsi deyil, həm də sosial-iqtisadi dinamikanın əsas dayaqlarından biri kimi çıxış edir.
Urbanizasiya prosesinin sürətlənməsi və əhalinin mobillik tələblərinin artması mövcud nəqliyyat infrastrukturunun daha çevik, əlaqələndirilmiş və effektiv şəkildə idarə olunmasını zəruri edir.
Bu baxımdan, sistemli yanaşma və düzgün planlaşdırma şəhər həyatının keyfiyyətini müəyyən edən başlıca amillərdən biridir.
Xüsusilə, Bakı kimi sıx əhalisi olan şəhərdə nəqliyyatın səmərəli təşkili yalnız texniki məsələ deyil, həm də strateji idarəetmə və ictimai rahatlıq məsələsidir.
Müxtəlif nəqliyyat növləri arasında balansın qorunması, alternativ seçim imkanlarının genişləndirilməsi və koordinasiyanın gücləndirilməsi şəhər sakinlərinin gündəlik həyatında rahatlıq və təhlükəsizliyi təmin edən əsas şərtlər kimi çıxış edir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumilikdə, nəqliyyat vasitələrinin funksionallığına nəzər saldıqda, onların əsas təyinatının sərnişin daşınması olduğu aydın görünür. Bu funksiyadan kənara çıxıldıqda isə müxtəlif mənfi halların yaranması qaçılmaz olur: tıxacların artması, sərnişinlərin düzgün istiqamətləndirilməməsi və nəticədə insanların seçim imkanlarının məhdudlaşması kimi problemlər ortaya çıxır. Məsələn, vətəndaş yalnız bir nəqliyyat növündən asılı qaldıqda (avtobus və ya taksi), alternativin olmaması onun hərəkət azadlığını və təhlükəsizliyini məhdudlaşdırır.
Müasir dövrdə effektiv və dayanıqlı nəqliyyat infrastrukturunun qurulması zəruridir. Bu infrastruktur həm rentabelli, həm də operativ olmalı, vətəndaşların tələbatını gecikmədən qarşılamalıdır.
Xüsusilə, Bakı şəhərində müxtəlif nəqliyyat vasitələri arasında koordinasiyanın düzgün təşkili, vahid nəqliyyat sisteminin formalaşdırılması əsas prioritetlərdən biri hesab olunur.
Bu istiqamətdə atılacaq addımlar nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinə də müsbət təsir göstərəcək".
Elmir Heydərli
15:44 29.04.2026
Oxunuş sayı: 69