Stereotipləri sındıran yazıçı: Varis yaradıcılığı
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılar get-gedə azalır. Əksəriyyət ya köhnə üslubları təkrarlayır, ya da qloballaşmanın təsiri ilə bayağılaşmış janrlara üz tuturlar. Lakin hələ də var belələri ki, oxuduqca insanın içində dərin iz buraxır, daşlaşmış düşüncə tərzini sarsıdır, stereotipləri dağıtmaq cəsarətini göstərir. Bu gün məhz o yazıçılardan biri, Varisdən danışacam. 2008-ci ildə debüt romanı «Sonuncu ölən ümidlərdir» ilə ədəbiyyata gələn Varis, elə ilk addımında ortaya böyük iddia qoydu: «Sonuncu ölən ümidlərdir». Bu cümlə təkcə kitabın adı deyildi, həm də bir mesaj idi – həm oxucuya, həm cəmiyyətə, həm də ədəbiyyatın özünə. Varisin yaradıcılığının ən güclü tərəfi psixoloji dərinliyi və sərt reallığı birləşdirə bilməsidir. Onun qəhrəmanları kağız üzərində doğulmur – onlar sanki yanımızda yaşayır, bizimlə birgə nəfəs alır. Hadisələr elə təsvir olunur ki, oxucu özünü o məkanın içində, hadisələrin mərkəzində hiss edir. Ancaq Varis sadəcə reallığı əks etdirmir; o, reallığın içinə şüuraltı mesajlar yerləşdirir, oxucunu düşündürməyə, özünü sorğulamağa vadar edir. Varisin romanlarını oxuyan hər kəs təsdiq edər: bu kitablar insanı mənəvi cəhətdən böyüdür. Reallığın ən acı üzü ilə üz-üzə qoyur, amma heç vaxt ümidsizliyə salmır. Əksinə, hətta ən qaranlıq səhifələrdə belə bir işıq nöqtəsi saxlayır. Və ən maraqlısı – romanların sonu. Varis twist ustasıdır. «Sonuncu ölən ümidlərdir»də Nailənin qələbəsini, «Yol ayrıcında azıb qalanlar»da Cəfərin Simanı bağışlamasını heç kim təxmin edə bilməz. Bu gözlənilməz sonluqlar təkcə süjet hiyləsi deyil; onlar həyatın özünün gözlənilməzliyini xatırladır. Məni Varisin yaradıcılığında ən çox heyran edən cəhət qəhrəmanların transformasiyasıdır. Romanın əvvəlində tanış olduğumuz insanla səhifələrin sonunda qarşılaşdığımız insan arasında uçurum yaranır. Bu uçurum bəzən yeni bir həyatın başlanğıcı olur, bəzən də son. Məsələn, İnarə və Ramil («Yol ayrıcında azıb qalanlar») kənar təzyiqlərə, cəmiyyətin qadağalarına qarşı mübarizə aparır, bütün imkanları dəyərləndirməyə çalışır, amma sonda əzilir, xoşbəxt ola bilmirlər. Bu, klassik məğlubiyyət kimi görünür. Amma Varis burada da sadəcə «məğlub oldular» demir; o, məğlubiyyətin də bir məna daşıya biləcəyini göstərir. Bəlkə də o məğlubiyyətin içində kiçik bir qalibiyyət var. Onu çatdırmağa çalışır. «Uzaqdan gələn yağış» romanı isə tamam fərqli bir nümunədir. Ayla və İsmayıl ailənin, cəmiyyətin basqısına tab gətirə bilmir və özləri üçün seçdikləri sonla həyatı tərk edirlər. İlk baxışda bu, tam məğlubiyyətdir. Lakin Varis burada ən böyük mesajını verir: onların ölümü illər sonra başqa bir cütlüyün xoşbəxtliyinə səbəb olur. Beləliklə, fiziki ölüm mənəvi qələbəyə çevrilir. Təhkiyəçi sanki oxucuya deyir: «Hər sonu məğlubiyyət sayma. Hər məğlubiyyət də son deyil». Varis bizə öyrədir ki, həyatda bəzən ən böyük qələbələr məhz məğlubiyyət libasında gəlir. Onun romanları təkcə ədəbiyyat deyil – onlar həyat dərsidir. Və bu dərsi alan hər oxucu bir az daha güclü, bir az daha düşünən, bir az daha ümidli olur.
"Sonuncu ölən ümidlərdir"
Varisin ilk romanı olan «Sonuncu ölən ümidlərdir» (2008) çox vaxt Xalq yazıçısı Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1974) romanı ilə müqayisə olunur. Hər iki əsər Azərbaycan cəmiyyətində qadının mövqeyini, sevgi ilə cəmiyyət təzyiqi arasındakı faciəli toqquşmanı, kişinin zəifliyini və qadının bu zəifliyin qurbanı olmasını ortaq mövzudur. Ancaq iki əsər arasındakı 34 illik fərqə baxmayaraq, dəyişən çox az şey olduğunu görürük. Hətta 2025-ci ildə də vəziyyətin dəyişdiyini demək düzgün olmaz. Bu müqayisə hər iki romandakı problemin dərinliyini və aktuallığını daha qabarıq şəkildə ortaya qoyur.
Nailə və Təhminə: fərqli dövr qadınlarının ortaq taleyi
"Sonuncu ölən ümidlərdir" romanının baş qəhrəmanı Nailə atasız ailənin böyük qızıdır. Kiçik yaşlarından çiynində bütün ailənin yükü olan, "kişi" rolunu oynamağa məcbur edilən qızdır. Yoxsulluq, səfalət, məsuliyyət onu erkən yaşda böyüdür, amma qəlbində hələ də bir qızcığaz qalır. Onun yeganə təsəllisi, həyatına məna verən tək insan İlqardır. İlqar Nailəni həqiqətən sevir, gələcək planları qurur, amma öz rahat həyatından, ailəsinin təzyiqindən qurtula bilmir və başqa qızla evlənir. Nailə üçün bu, sadəcə sevgilisini itirmək deyil – həyatın mənasını itirməkdir. İlqarın gedişindən sonra Nailə qəddar qərar verir: ailəsini dolandırmaq üçün yaşlı, varlı müdirinin sevgilisi olmağa razılaşır. Bu, onun həyata, İlqara, taleyə vurduğu ilk şillədir. Zaman keçdikcə Nailə qadınlığını, hisslərini itirir, daşlaşır. Artıq özü üçün, xoşbəxtliyi üçün yox ailəsi üçün var idi. Çünki İlqarsız həyat düşünə bilmirdi. Bəlkə anasını, bacısını itirsəydi bu qədər ağrı verməzdi. Ən azından İlqar təsəlli edərdi. Amma İlqarın yerini heç kim tuta bilməzdi.
Anarın Təhminəsi isə tamam fərqli görünür: azad ruhlu, gözəl, cəsarətli, «fahişə» damğası vurulan qadın. O, cəmiyyətin qınağına, dedi-qoduya əhəmiyyət vermir, sevgini «iki nəfərin şəxsi işi» sayır. Onu yalnız Zaur başa düşür – yaxud belə görünür. Zaur da İlqar kimi cəmiyyətin, anasının, ətrafın təzyiqinə tab gətirmir, Təhminəni tərk edir. Təhminə Zaurun getməsinə hər zaman ehtimal versə də, bir gün həqiqətən gedəcəyini düşünmürdü və buna hazır deyildi. Zaurun gedişi əvvəlki Təhminədən əsər əlamət qoymadı.
İki qadın sevgilisini eyni səbəbdən – kişinin cəmiyyət qarşısında zəifliyi ucbatından itirir. Lakin sonrakı taleləri fərqlidir. Sevgililərini itirməmişdən əvvələ baxsaq, müqayisə aparsaq deyə bilərik ki, Təhminə Nailədən qat-qat güclüdür. Nailə sakit, zəif qızcığaz, Təhminə isə öz ayaqları üstündə duran, məsuliyyət alan qadın idi. Lakin ayrılıqdan sonra qadınlar rol dəyişir. Təhminə Zaurun gedişini qəbul edə bilmir. Onu məhv edən cəmiyyətin «fahişə» damğası yox, məhz sevdiyi adamın onu tərk etməsidir. O, yaşamağa davam edir, amma ruhən çoxdan ölmüşdür. Sonu isə gözlənilən idi. Özünün də dediyi kimi Təhminə Zaursuz yaşaya bilmədi, həyatla mübarizədə məğlub oldu.
Nailə isə təhlükəli sınaqlarla üzləşir. Həbs, pulun əlinə keçməsi, yeni həyat şansı… O, güclənir. Artıq yorğanın altına girib İlqar üçün ağlayan qız deyil – ailəsinin yükünü tam şəkildə daşıyan qadındır.
Romanın ən böyük twist-i də buradadır: illər sonra Nailə İlqarla təsadüfən qarşılaşır. Daha doğrusu nailə özü illər əvvəl onu tərk edən İlqarın ailəsini, yaşayışını görmək və intiqam istəyir. Lakin Nailə intiqam ala, İlqarın yoldaşı Səidəni o biabırçı vəziyyətə sala bilmir. Bu günlər Nailənin ən çətin və son sınağı idi. İlqar sınağı. Nailə İlqara nifrət etsə də, onun ucbatından həyatı məhv olsa da Nailə İlqar üçün darıxmışdı. Nailə illər sonra ilk dəfə qadın olduğunu hiss etmişdi. Onlar bir otaqda, bir yataqda olurlar. Oxucu (mən də daxil) burada ürəyi sıxılır: «Yox, Nailə, bu qədər əziyyət boşuna olmasın!» Amma Varis bizi aldadır. Nailə intiqam almır, Səidəni biabır etmir. Nailə ümumiyyətlə bu sınaqdan tamam üzü ağ çıxır. Burada qala bilməzdi. Çünki çox yaxşı bilirdi ki, İlqar onu özünə çəkəcək. Çünki İlqar onun Nailə olduğunu bilməsə də onda Nailə elementlərini tapmış, illər əvvəlki sevgilisinin həsrətini belə yatırmağa çalışırdı. Və nailə lazım olanı edir, ölkədən gedir.
Anarın Təhminəsi XX əsrin 70-ci illərində məğlub olur. Varisin Nailəsi 2000-ci illərin sonunda qalib gəlir. Cəmiyyət hələ də eynidir: daşlaşmış adətlar, qadına yüklənən ağır yük, kişinin zəifliyi, ailə təzyiqi… Amma Nailə sübut edir ki, qadın bu yükü daşıya-daşıya həm də özünü xilas edə bilər. O, minlərlə qadına ümid olur.
Varis 2008-ci ildə debüt romanının adına "Sonuncu ölən ümidlərdir" qoyaraq ədəbiyyata gəldi. 2025-ci ildə də bu cümlə aktualdır. Çünki Nailə kimi qadınlar hələ də var. Onlar məğlub olmur, sadəcə yollarını dəyişirlər. Və sonuncu ölən doğrudan da ümidlərdir…
"Əzilmiş fotoşəkillər"
Varisin "Əzilmiş fotoşəkillər" romanı oxucunu ilk səhifədən faciəyə sürükləyir. Bu, təkcə bir sevgi hekayəsi deyil; bu, cəmiyyətin sinfi uçurumunun, ailə təzyiqinin və qadın taleyinin qırılma nöqtəsinin dəhşətli portretidir. Ramil və İnarə universitet illərində tanış olub bir-birini sevən iki gəncdir. O vaxtlar sevgi hər şeyi ört-basdır edir: nə Ramili kasıb ailədən olması, nə də İnarənin varlı, «yuxarı təbəqə»dən gəlməsi onlara mane olmur. Gənclik, eşq, ortaq xəyallar… Hər şey gözəl görünür. Ancaq universitet bitir, evlilik gəlir və sevgi birdən-birə real həyatın sınaqları ilə üzləşir. Evlilik məsuliyyəti, işsizlik, kasıblıq, iki ailə arasındakı uçurum… İnarə sevdiyi üçün gəlib Ramilin yanına, amma gözlədiyi xoşbəxtlik əvəzinə qayğılar, sıxıntılar, utanc hissi ilə üzləşir. Keçmiş həyatının rahatlığı, atasının evindəki bolluq get-gedə yadından çıxmır, əksinə – daha kəskin xatırlanır. İnarə peşman deyil, amma xoşbəxt də deyil. Bu yarımxoşbəxtlik, bu «nə orda, nə burda» vəziyyəti onu içindən-içində yeyir. Ramil isə çarəsizdir. Sevdiyi qadının gözləri önündə yavaş-yavaş solduğunu görür, amma əlindən heç nə gəlmir. İş tapa bilmir, pul qazana bilmir, kişiliyini sübut edə bilmir. Kasıblıq onu əzir, özünü günahkar hiss edir, amma bu günahı silmək gücü yoxdur. İnarənin keçmiş həyatının əksi kimi qonşuları Rza peyda olur: varlı, imkanlı, «hər şeyi həll edən» kişi. İnarə heç vaxt xəyanət etmək istəmir, hətta bu barədə ciddi düşünmür də. Amma qayğılar onu elə vəziyyətə salır ki, Rzaya qarşı müqaviməti zəifləyir. Bir gün Rza fürsətdən istifadə edib İnarəni zorlayır. Bu hadisə İnarənin həyatında son damla olur. O, bu «ləkə» ilə nə atasının, nə də Ramilin üzünə baxa biləcəyini düşünür. Özünü günahkar sayır – halbuki günahkar deyil. Cəmiyyətin qadına yüklədiyi «namus» anlayışı, məsələyə başqa cür baxmağa, İnarə tərəfdən baxmağa imkan vermir. Ona heç kim inanmayacaqdı və o təkçıxış yolunu özünü cəzalandırmaqda görür və intihar edir.
Romanın ən sarsıdıcı yerlərindən biri də İnarənin intiharının üstünün onun öz bacısı tərəfindən açılmasıdır. Bu detal Varisin ən böyük mesajlarından biridir: heç bir pislik, heç bir haqsızlıq əbədi gizli qalmır. Günah gizlənə bilər, amma vicdan, həqiqət gec-tez öz yolunu tapır. «Əzilmiş fotoşəkillər» təkcə bir qadının faciəsi deyil. Bu, sinfi fərqlərin sevgi üzərindən necə qəddar oyun oynadığının, qadının bu oyunlarda necə ən çox əzilənin, «yüz ölçüb bir biçmək» deyilən məsələnin bəzən sevgini də öldürdüyünün hekayəsidir. Varis burada oxucuya sual vermir – o, cavabı üzümüzə çırpır: real olaraq göstərir ki, tək sevgi bəzən kifayət etmir. Bəzən sevgi hər şeyi qurban verməyə dəymir. Bundan əlavə yenə qadın problemini, qadına yüklənən yükləri ön plana çəkir.
"Uzaqdan gələn yağış"
Varisin ən kədərli, eyni zamanda ən ümidverici romanlarından biri də «Uzaqdan gələn yağış»dır. Bu əsər də digər kitabları kimi sevgi ilə məişət sıxıntılarını, sinfi fərqi və ailə təzyiqini bir-birindən ayırmır. Amma burada fərq odur ki, Varis ilk dəfə «məğlubiyyət» anlayışını alt-üst edir və oxucuya tamam fərqli bir nəticə təqdim edir: bəzən ən böyük qələbələr məhz «son» kimi görünən yerdə başlayır. Ayla və İsmayıl bir-birini dəlicəsinə sevirlər. Onların sevgisi o qədər təmiz və güclüdür ki, əvvəlcə heç bir maneəni gözləmirlər. Ancaq Aylanın ailəsi – xüsusilə də atası – İsmayılı «qızına layiq görmür». Səbəb sadədir: İsmayıl kasıb ailədən, imkanları məhduddur. Ayla isə atasının gözündə başqa səviyyədədir.
Ayla "Əzilmiş fotoşəkillər"dəki İnarədən fərqli olaraq peşman olmur. O, rahat həyatını, atasının evindəki bolluğu darıxsa da, İsmayılı seçir və sona qədər onunla gedir. Ailə təzyiqləri, qohumların qınağı, maddi çətinliklər, gələcək qorxusu… Heç biri onları ayırmağa yetmir. Amma cəmiyyət və ailə o qədər amansızdır ki, gənclər bu dünyada birgə xoşbəxt ola bilməyəcəklərini anlayırlar. Beləliklə, onlar özləri üçün seçdikləri sonla – birgə intiharla – bu dünyanı tərk edirlər.
İlk baxışda bu, tam məğlubiyyət kimi görünür. Ancaq Varis burada ən böyük sürprizini edir: Ayla və İsmayılın ölümü illər sonra başqa bir cütlüyün – Şəhlanın və onun sevdiyi oğlanın – xoşbəxtliyinə səbəb olur. Aylanın atası qızının ölümündən sonra illərlə peşmançılıq çəkir, vicdan əzabı çəkir və nəhayət, Şəhlanın sevgisinə mane olmur. Beləliklə, Ayla və İsmayıl fiziki olaraq bu dünyada xoşbəxt ola bilməsələr də, ölümləri ilə başqa bir sevgi hekayəsini xilas edirlər.
Varis oxucuya açıq-aydın deyir:
"Hər son məğlubiyyət olmadığı kimi hər məğlubiyyət də son deyil".
Ayla əbədi olaraq öz İsmayılına qovuşdu.
Ata-anası isə ömürlərinin sonuna qədər qızlarının seçiminə hörmət etməməyin ağırlığını çiyinlərində daşıyacaqlar. Amma artıq hər şey üçün çox gecdir. «Uzaqdan gələn yağış» kədərli bir sevgi hekayəsi deyil. Bu, sevginin hətta ölümün o tayında da qalib gələ biləcəyini sübut edən bir manifestdir. Yağış uzaqdan gəlir, amma gəlib çatanda hər şeyi təmizləyir – hətta ən daşlaşmış ürəkləri belə.
" Yol ayrıcında azıb qalanlar"
Varisin ən cəsarətli, ən sarsıdıcı romanlarından biri də «Yol ayrıcında azıb qalanlar»dır. Bu əsərdə də yazarın sevimli üsulu – qəhrəmanların roman boyu tamamilə dəyişməsi – ən kəskin şəkildə özünü göstərir. Roman başlayanda qarşımızda «nümunəvi Azərbaycan ailəsi» dayanır: ana Sima – həkim, ata Cəfər – polis, zəhmli, sözü keçən, evinin Allahı sayılan kişi, bir də məktəbli qızları. Hər şey mükəmməl görünür. Amma bir anın içində bu mükəmməllik dağılır. Cəfər gözləmədiyi bir anda öyrənir ki, 16 ildir canından çox sevdiyi, «qızım» dediyi uşaq öz qızı deyil. Bu həqiqəti təsadüfən öyrənən Cəfər onu Simanın öz dilindən, jurnalist kimi dinləyir. Cəfərin içi alovlanır: nifrət, qəzəb, qisas hissi bir-birinə qarışır. Təhkiyəçi bizi yavaş-yavaş qətlə hazırlayır. Cəfər silahını götürəcək, Sima qadın qətli statistikasına düşəcək – belə gözləyirik. Çünki cəmiyyətimizdə belə halların «həlli» adətən budur.
Amma Varis burada da gözləntilərimizi alt-üst edir. Cəfər Simaya toxunmur. Günlərlə qurduğu intiqam planlarını bir kənara qoyur, sakitcə qərar verir: Simanı evdən qovur və qızını özü ilə saxlayır. Bu qərar bəzi oxucuları «zəiflik» kimi qiymətləndirə bilər. Halbuki bu, ən böyük güc nümayişidir.
Cəfər düşünür:
– Simanı öldürsə, qatil olacaq, illərlə şərəflə xidmət etdiyi forma ləkələnəcək.
– Qızından ayrılacaq, 16 il «ata» dediyi uşağı bir anda «yad» edəcək.
– Qızının psixologiyası dağılacaq, gələcəyi məhv olacaq.
– Və ən əsası – o, qətllə özünü cəzalandırmış olacaq, Simanı yox.
Cəfər qərarını verir: cəzanı öz əli ilə vermir, taleyə buraxır. Bu, Varisin bütün romanlarında təkrarlanan ilahi ədalətə inamın ən güclü təcəssümüdür. Rza cəzasını aldı, Aylanın atası aldı, İlqar aldı. İndi sıra Simadadır. Onun cəzası ömür boyu vicdan əzabı, qızından, evindən, keçmiş həyatından məhrum olmaqdır. Bu cəza insan əlindən daha ağır olur. Sima xəyanət etmişdi, amma onun səbəbi də sadəcə «şəhvət» deyildi. O, Cəfəri itirmək qorxusundan, bir anlıq zəiflikdən bu addımı atmışdı. Nəticəni isə heç vaxt düşünməmişdi. İndi hər şeyi itirmişdi – və bunu ən yaxşı özü bilirdi. Cəfər isə qızını bir an belə «yad» saymır. 16 il ona «ata» demiş, əlindən tutmuş, böyütmüşdü. Bioloji həqiqət bu sevgini silə bilməzdi. O, cəmiyyətin «namus təmizləmək» adı ilə qadını qətlə yetirmək adətinə meydan oxuyur. Yazıçı açıq şəkildə deyir:
"Kişilik, insanlıq namusu qanla yumaq yox, bir səhvin bütün ailəni məhv etməsinə yol verməməkdir. Xəyanətin cinsi olmur. Xəyanət şəxsiyyətsizlikdir, hörmətsizlikdir. Utanc xəyanət edənə məxsusdur, qurban olana yox".
Cəfər yol ayrıcında azmır.
O, ən çətin sınaqdan – insanlıq sınağından – üzü ağ çıxır.
Və bu, Varisin ən böyük qələbəsidir.
Varis bu gün Azərbaycan ədəbiyyatında ən kəskin, ən cəsarətli və ən sistemli şəkildə cəmiyyətin sinir uclarına toxunan yazıçılardan biridir. Onun dörd böyük romanı («Sonuncu ölən ümidlərdir», «Əzilmiş fotoşəkillər», «Uzaqdan gələn yağış», «Yol ayrıcında azıb qalanlar») bir-birindən fərqli görünsə də, əslində tək bir böyük tablonun parçalarıdır. Bu tablo Azərbaycanın bugünkü ruh halıdır: daşlaşmış adətlər, sinfi uçurum, qadın taleyi, kişi zəifliyi, ailə təzyiqi və bütün bunların içində sağ qalmağa çalışan sevgi və insanlıq. Azərbaycan ədəbiyyatında Varis imzası təkcə bir yazıçı adı deyil — o, cəmiyyətin ən ağrılı nöqtələrinə toxunan, tabu mövzuları işıqlandıran və ən sarsıdıcı həqiqətləri oxucunun üzünə açıq şəkildə söyləyən bir səsdir. Onun romanları həm psixoloji dərinlik, həm də sosial kəskinlik baxımından ədəbiyyatımızda yeni mərhələ yaratmışdır. Varisin qəhrəmanları, xüsusilə də qadın obrazları, bu gün də real həyatın davam edən ağrılarını daşımaktadır.
Varisin dörd əsas romanında mərkəzdə qadın dayanır: Nailə, İnarə, Ayla və Sima. Onların hər biri fərqli taleyə sahib olsa da, hamısını birləşdirən ortaq cəhət var — qadına qarşı cəmiyyət və kişilər tərəfindən tətbiq olunan ikili standart. Nailə ən ağır sınaqlardan keçərək qalib çıxır və ölkəni tərk edir, İnarə zorakılığın qurbanına çevrilir və intihar edir, Ayla könüllü ölümü seçir, lakin ölümü başqa bir sevgini xilas edir, Sima xəyanətə yol verir və ömürlük vicdan əzabı ilə “yaşayan cəza”ya məhkum olur. Varis göstərir ki, qadın taleyi Azərbaycanda hələ də sərt və qəddar çərçivələrlə əhatə olunub: qadın ya cəmiyyət tərəfindən, ya kişi tərəfindən, ya da öz vicdanı tərəfindən cəzalandırılır.
Varisin romanlarında sevgi həmişə mövcuddur, amma heç vaxt xoşbəxt son təmin etmir. Çünki sevginin qarşısında həmişə daha böyük qüvvələr dayanır: sinfi maneələr, ailə təzyiqi, namus anlayışı, ənənələr və maddi reallıq. Varis sevginin saf halını göstərərək başlayır, sonra isə bu saf hissin cəmiyyətin sərt qaydaları ilə necə əzildiyini göstərir. Sevgi ya ölür, ya dəyişir, ya da tamam başqa formaya düşür. Onun ən güclü ədəbi silahı qəhrəmanların dəyişməsidir. O, oxucunu sarsıdan xarakter transformasiyaları qurur. Biz bunu Nailənin qorxaq bir qızdan güclü qadına çevrilməsində, Cəfərin qatil olmağa hazır vəziyyətdən yüksək mənəviyyat nümunəsinə dönüşməsində, Ayla və İsmayılın fiziki ölümləri ilə mənəvi qələbəyə yüksəlməsində və İnarənin ən ağır məğlubiyyətin simasına çevrilməsində görürük.
Bu dəyişikliklər Varisin həyat fəlsəfəsini açır: insan bir anda dağılır və ya bir anda güclənir — həyatın özü də bu cür qəfil dönüşlərlə doludur. Varisin üslubunu fərqləndirən cəhətlərdən biri də gözlənilməz sonluqlardır. O, oxucunun “belə olmalı idi” gözləntisini hər dəfə dağıdır.
19:55 09.12.2025
Oxunuş sayı: 1364