Tanrının dəmir əli – Ləng: Zamanla yarışan insan
Akademik Milli Dram Teatrı daha bir tarixi epoxanı səhnə müstəvisinə daşıyaraq bəşəriyyətin ən böyük fatehlərindən biri, Turan sevdalısı Əmir Teymurun həyatına işıq salıb. Tamaşa Azərbaycan teatr məkanında tarixi mövzulara modern və fəlsəfi yanaşmanın növbəti nümunəsi kimi diqqət çəkir.
Gənc yazıçı Pərviz Seyidlinin eyniadlı pyesi əsasında qurulan səhnə əsəri Şərqdə "İslamın qılıncı", Avropada isə "Tamerlan" kimi tanınan böyük sərkərdə, bəşəriyyətin ən böyük fatehlərindən biri olan Əmir Teymurun həyatını sadəcə xronoloji döyüş yolu kimi deyil, daha çox milli kimlik və özünüdərk müstəvisində tamaşaçıya çatdırır. Rejissor Bəhruz Vaqifoğlunun yozumunda tamaşanın əsas fikir mühərrikini "tarixin dövr etməsi və hər şeyin öz yerinə qayıtması" ideyası təşkil edir.
Süjet xətti iki qüdrətli türk cahangiri – Əmir Teymur və Toxtamış xan arasındakı gərgin qarşıdurma üzərində qurulub. Tamaşanın dramatik gərginliyi Teymura qarşı təşkil olunan sui-qəsd cəhdi ilə başlayır. Bu hadisədən sağ qurtulan hökmdarın apardığı araşdırmalar onu acı bir həqiqətlə üz-üzə qoyur: sui-qəsdin arxasında vaxtilə himayə etdiyi, taxta çıxmasına kömək etdiyi Toxtamış xan dayanır. Bu xəyanət Teymurun daxili dünyasında böyük sarsıntı yaradaraq onu "Qardaşlarım niyə belə edir?" sualı ətrafında dərin düşüncələrə sövq edir. Bu sual əslində tamaşanın alt qatında dayanan parçalanmış türk birliyinin ağrısını simvolizə edir.
Tamaşada Əmir Teymur obrazı təkcə sərkərdə kimi deyil, həm də mənəvi dəyərləri hər şeydən üstün tutan bir strateq kimi təqdim olunur. Onun inancına görə, hər bir uğurun təməlində milli kimliyə sahib çıxmaq və onu qorumaq dayanır. Səhnə əsərində bu fəlsəfə qabarıq şəkildə vurğulanır və tamaşaçıya tarixin dərslərini bugünkü reallıqlarla müqayisə etmək imkanı verir. Əməkdar artist Abbas Qəhrəmanovun Teymur, Anar Heybətovun isə Toxtamış obrazındakı çıxışları bu iki tarixi şəxsiyyət arasındakı ideoloji və hərbi toqquşmanı bütün dramatik tərəfləri ilə canlandırır.
Bədii tərtibat və musiqi həlli tamaşanın ideya qayəsini tamamlayaraq, tamaşaçını orta əsrlərin sərt, eyni zamanda əzəmətli atmosferinə daxil edir. İsa Əsədovun səhnə tərtibatı və Azər Hacıəsgərlinin bəstələri hadisələrin dinamikasını qüvvətləndirən əsas amillərdən oldu. "Ləng" tamaşası milli özünüdərk məsələsini teatrın dili ilə yenidən gündəmə gətirərək tarixin tozlu səhifələrindən bu günə önəmli ismarıclar ötürür: zaman keçsə də, imperiyalar dəyişsə də, milli özünüdərk və daxili bütövlük dəyişməz qalmalıdır. Tarixin çarxı da hər zaman eyni həqiqətin üzərində dayanır: öz kökünə və kimliyinə sadiq qalanlar zamanla yarışda heç vaxt uduzmurlar. Bu mənada "Ləng" təkcə bir hökmdarın yox, bütöv bir millətin mənəvi intibahına çağırış kimi yaddaşlara həkk olunacaq.
16:22 12.03.2026
Oxunuş sayı: 9279