İran imtina etdi, ABŞ qərarsız qaldı – Müharibənin formatı dəyişəcək
Hazırda ABŞ-İsrail birliyi ilə İran arasında davam edən qarşıdurmanın gələcəyi qeyri-müəyyəndir. ABŞ Prezidenti Donald Tramp müharibənin nə zaman bitəcəyini konkretləşdirməyib, Tehran isə atəşkəs istəmədiyini bəyan edib və mübarizəni hədəflərinə çatana qədər davam etdirəcəyini bildirib.
Analitiklərin fikrincə, konflikt artıq yalnız İranla ABŞ-İsrail birliyi arasında məhdudlaşmır, regional genişlənmə riski daşıyır. Hazırda İranın “Hizbullah” və digər proksiləri də döyüşlərdə iştirak edir.
Crossmedia.az-ın məlumatına görə, Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran ilə başlayan qarşıdurma qısa müddətli hərbi əməliyyat olmaqdan daha çox, uzanan və mərhələli şəkildə genişlənən bir müharibəyə çevrilmək riski daşıyır:
“Hazırkı siyasi ritorika, hərbi əməliyyatların miqyası və regiondakı aktorların mövqeyi münaqişənin yaxın zamanda tam şəkildə sona çatması ehtimalının yüksək olmadığını göstərir.
İlk növbədə diqqət çəkən əsas məqamlardan biri müharibə tərəflərinin siyasi mövqeyidir. ABŞ rəhbərliyi əməliyyatların nə qədər davam edəcəyi ilə bağlı konkret vaxt çərçivəsi açıqlamır və prosesin hərbi vəziyyətə uyğun olaraq irəliləcəyi bildirir. ABŞ Prezidenti Donald Tramp da müharibənin nə zaman başa çatacağı ilə bağlı qeyri-müəyyən ifadələr işlədərək əməliyyatların uzun müddət çəkə biləcəyinə işarə edib. Bu isə Vaşinqtonun qısa müddətli əməliyyat yox, daha geniş strateji məqsədlər güdə biləcəyini göstərir”.

Ekspert bildirib ki, Tehran rəhbərliyi də geri çəkilmək niyyətində olmadığını açıq şəkildə bəyan edir:
“İran rəsmiləri atəşkəsin yalnız müəyyən şərtlər daxilində mümkün ola biləcəyini və hazırkı mərhələdə güzəştə getmək niyyətində olmadıqlarını vurğulayırlar. Bu mövqe qarşıdurmanın diplomatik yolla tezliklə dayandırılması ehtimalını xeyli azaldır.
Hazırkı vəziyyəti daha mürəkkəb edən digər amil isə münaqişənin artıq yalnız üç dövlət – İran, ABŞ və İsrail arasında qalmamasıdır. Regiondakı fərqli silahlı qruplar və dövlətlər də bu qarşıdurmanın müxtəlif mərhələlərində prosesə cəlb olunur. Nəticə olaraq münaqişə klassik dövlətlərarası müharibədən daha çox, regional təhlükəsizlik böhranına çevrilməkdədir.
Bütün bu faktorlar göstərir ki, qarşıdurma qısa müddətdə yekunlaşacaq klassik müharibə modeli deyil, mərhələli və “sürünən müharibə” formasına keçə bilər”. (Globalinfo)
18:23 12.03.2026
Oxunuş sayı: 63