Haqsızlığa boyun əyməyən qəhrəman: Qaçaq Nəbinin anım günü qeyd olunur
Azərbaycan tarixində azadlıq və ədalət uğrunda mübarizə aparmış bir çox tarixi şəxsiyyətlər var. Onlardan biri də xalq yaddaşında igidliyi və cəsarəti ilə yaşayan Qaçaq Nəbidir. Bu gün – 12 mart onun anım günü kimi xatırlanır.
Nəbinin adı illər keçsə də, Azərbaycan xalqının yaddaşında haqsızlığa qarşı çıxan, zəiflərin müdafiəsinə qalxan bir qəhrəman kimi yaşayır. Belə ki, XIX əsrdə yaşamış Qaçaq Nəbi çar Rusiyası dövründə kəndlilərin üzləşdiyi ağır sosial şəraitə qarşı mübarizə aparan insanlardan biri olub. O dövrdə kəndlilər torpaq mübahisələri, ağır vergilər və yerli bəylərin təzyiqləri ilə üz-üzə qalırdı. Bu vəziyyət bir çox insanı narazı salırdı və Nəbi də bu ədalətsizliklərə qarşı çıxanlardan idi.
Rəvayətlərə görə, gənc yaşlarından mərd və qorxmaz xarakteri ilə seçilən Nəbi zaman keçdikcə ətrafına onun kimi düşünən insanları toplayaraq silahlı dəstə formalaşdırıb.
Onlar əsasən dağlıq və meşəlik ərazilərdə fəaliyyət göstərərək, kəndlilərə qarşı haqsızlıq edən varlılara və məmurlara qarşı çıxırdılar. Xalq arasında yayılan hekayələrdə onun kasıblara yardım etdiyi, əldə olunan qənimətin bir hissəsini ehtiyacı olanlara payladığı qeyd olunur.
Qaçaq Nəbinin fəaliyyəti illər boyu çar hakimiyyətini narahat edib. Onu yaxalamaq üçün dəfələrlə əməliyyatlar keçirilsə də, Nəbi və tərəfdarları uzun müddət təqibdən yayınmağı bacarıblar.
Lakin 1896-cı ilin mart ayında baş verən hadisə onun həyatının sonu ilə nəticələnir. Mənbələrə görə, pusqu nəticəsində Nəbi həlak olur.
Onun ölümü ilə mübarizə yolu başa çatsa da, adı xalq yaddaşından silinməyib. Qaçaq Nəbi Azərbaycan folklorunda və ədəbiyyatında xüsusi yer tutur.
Onun haqqında dastanlar, şeirlər və mahnılar yaranıb, müxtəlif əsərlərdə obrazı canlandırılıb. Bu gün də o, bir çoxları üçün cəsarət, ədalət və azadlıq uğrunda mübarizənin simvolu kimi xatırlanır.
Qeyd edək ki, tarixi şəxsiyyətlərin xatırlanması təkcə keçmişi yad etmək deyil, həm də xalqın yaddaşını və milli kimliyini qorumaq deməkdir. Qaçaq Nəbinin adı da Azərbaycan tarixində belə simvollardan biri kimi yaşamaqda davam edir.
Fatimə Məmmədova
13:38 12.03.2026
Oxunuş sayı: 49