Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsin məqsədli şəkildə məhv edilməsi təkcə tarixi fakt deyil- Deputat
Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.
"2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır", -Prezident bildirib.
Milli Məclisin deputatı Elnarə Akimova dövlət başçısının verdiyi mesajlar barədə Crossmedia.az-a danışıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsin məqsədli şəkildə məhv edilməsi təkcə tarixi fakt deyil, beynəlxalq hüquqda açıq pozuntu kimi qiymətləndirilir. Mədəni irsin dağıdılması 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il Protokolu ilə qadağandır. Bu sənədlərə əsasən, dövlətlər müharibə və ya işğal dövründə abidələrin, dini və tarixi yerlərin qorunmasını təmin etməyə borcludur; onların sökülməsi, vandalizm və talan isə konvensiyanın pozulması kimi qəbul olunur və dövlət məsuliyyəti yaradır. Bundan əlavə, mədəni və dini obyektlərin dağıdılması insan hüquqları baxımından da pozuntudur. Belə məhv etmə insanların qayıdış, mülkiyyət və mədəni kimliyi qoruma hüququna zərbə vurur. Bu halda dövlət pozuntunun nəticələrini aradan qaldırmaq, bərpa və kompensasiya ilə bağlı öhdəlik daşıyır. Mədəni irsin qəsdən məhv edilməsi bəzi hallarda beynəlxalq cinayət kimi də qiymətləndirilə bilər. 1999-cu Protokoluna görə, abidələrin genişmiqyaslı və məqsədli dağıdılması yalnız dövlət deyil, həmin əməlləri həyata keçirən fərdlər üçün də cinayət məsuliyyəti yarada bilər. Beləliklə, Ermənistanın azərbaycanlılara məxsus mədəni irsi sistemli şəkildə məhv etməsi beynəlxalq humanitar hüququn, insan hüquqlarının və mədəni irsin qorunmasına dair konvensiyaların pozulmasıdır. Bu isə həm dövlət məsuliyyəti, həm də zərurət yaranarsa, fərdi cinayət məsuliyyəti doğuran hüquqi nəticələr yaradır”.
Sevinc Sultanlı
13:37 09.12.2025
Oxunuş sayı: 3597