Bəhreyn kralı festivalda Azərbaycan heyətinə xüsusi minnətdarlığını bildirib
Bəhreyn Kralı Həmd bin İsa Al Xəlifə "Mara"ee 2025" tədbirində iştirak edən Azərbaycanın nümayəndə heyətinə xüsusi təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən hadisə kimi diqqət çəkib.
"Mara"ee" sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.
Bu platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilib. Səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanmış, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurub.
Bu çıxışlar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və Azərbaycanı beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirib.
Builki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirib və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.
13:07 09.12.2025
Oxunuş sayı: 1053