İran ABŞ ilə, hətta İsraillə də razılaşa bilər- RƏY
ABŞ Prezidenti Donald Trampın İranla mümkün sazişə açıq olduğunu bəyan etməsi Yaxın Şərqdə geosiyasi dinamikanın yeni fazaya daxil ola biləcəyini göstərir. Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salmanla görüş zamanı səsləndirilən bu mesaj Vaşinqton–Tehran dialoqunun yenidən bərpa olunması ehtimalını artırıb. Trampın sözlərinə görə, tərəflər artıq ilkin müzakirələrə başlayıblar və Tehran da razılaşmanın imzalanmasına maraq göstərir. Bu açıqlama bölgədə münasibətlərin yumşalması və yeni diplomatik proseslərin formalaşması baxımından diqqət çəkir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, ABŞ–İran dialoqunun tarixi çox qədimdir və bu proses heç vaxt tam dayanmayıb: “ABŞ-nin İranla danışıqları hələ keçmiş prezident Barak Obama dövründən enişli- yoxuşlu olub. İran İslam İnqilabından sonra rəsmi münasibətlər kəsilsə də, qeyri-rəsmi təmaslar həmişə olub. Bu, İran–İraq müharibəsində də belə idi, daha sonra Amerika–Körfəz müharibələri zamanı da ABŞ-la İran arasında əlaqələr davam edib. Hətta Amerika–İraq müharibəsində İran ABŞ üçün qeyri-rəsmi müttəfiq kimi çıxış edib. Eyni hal Amerika Əfqanistana daxil olanda da yaşanıb – iki tərəf ortaq maraqlara görə bir nöqtəyə vurub”.
Politoloq xatırladıb ki, Obama dövründə əldə olunan nüvə sazişini Tramp ləğv etdi, ardınca Bayden administrasiyası da razılaşmanı bərpa etmədi: "İndi isə Tramp yenidən bu məsələyə qayıdaraq dialoqa açıq olduğunu bəyan edir. ABŞ-İran münasibətləri uzun illərdir gizli xətt üzrə davam edir. ABŞ İran generallarını öldürəndə və İran cavab olaraq raket atanda belə, tərəflər qabaqcadan bir-birinə xəbər verirdilər ki, itkilər olmasın. Yəni proses daim davam edib və mənim üçün ABŞ ilə İran arasında razılaşmanın baş verməsi təəccüblü olmaz. Hətta yaxın gələcəkdə İranla İsrail arasında müəyyən anlaşmalar olsa, bu da mənim üçün qeyri-adi olmaz. Çünki İran tarixən qərblə daha yaxın təmas qurub və şərqdəki rəqiblərinə qarşı qərblə əməkdaşlıq edib”.
Politoloqun sözlərinə görə, İran daxildə ciddi sosial-iqtisadi problemlərlə üzləşib və sanksiyalardan yorulub: “İranın iqtisadi və sosial durumu ağırdır, ölkədə narazılıq çoxdur. ABŞ-la razılaşma Tehranın əl-qolunu aça, neft satışını artıraraq daxili narazılığı qismən azalda bilər. İran həm də ABŞ və İsraillə ciddi qarşıdurmaya girmək istəmir – bunun obyektiv səbəbləri var”.
Politoloq hesab edir ki, Vaşinqton da İranla müharibə istəmir: “ABŞ Əfqanıstan və İraq təcrübəsindən sonra daha dərin bir bataqlığa – İrana – girmək niyyətində deyil. Bu, nə İsrail üçün, nə də digər səbəblər üçün rasional seçimdir. Ona görə hər iki tərəfin maraqları konfrontasiyadan daha çox razılaşmanı diktə edir”.
Ekspert İsrailin mövqeyinə də toxunub: “İsrail əvvəl etiraz etsə də, sonda bu razılaşmaya gedə bilər. Əgər İsraildə daha konstruktiv, solyönümlü qüvvələr hakimiyyətə gəlsə, bu prosesi dəstəkləyə bilərlər. İran qarşısına İsraili tanımaq və onu "error dövləti" adlandırmaqdan imtina etmək kimi şərtlər qoyula bilər. İran buna da gedə bilər və bu məni təəccübləndirməz”.
Müsahibimiz sonda İranın tarixən əsas rəqib kimi Türkiyəni gördüyünü vurğulayıb: “İran nə İsraili, nə də ABŞ-ni özünə real tarixi rəqib hesab etmir. Onun üçün əsas rəqib Türkiyə olub və indi də belədir. Bu səbəbdən Tehran öz mövqeyini gücləndirmək üçün ABŞ-la, İsraillə və lazım bildiyi istənilən tərəflə anlaşmaya gedə bilər”.
Mehriban Yariyeva
12:23 20.11.2025
Oxunuş sayı: 1536