Dövlət Komitəsi uşaqların düzgün peşə seçimi üçün Elm və Təhsil Nazirliyi ilə birgə layihəyə başlaya bilər
Dövlət Komitəsi uşaqların düzgün peşə seçimi üçün Elm və Təhsil Nazirliyi ilə birgə layihəyə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Uşaq Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarınla parla!" layihəsinin 30 uşaq iştirakçısı ilə görüşdə məlumat verib.
Dövlət Komitəsi bildirib ki, cəmiyyət bundan əvvəl sosial şəbəkələrin ziyanları, bununla bağlı qanunvericiliyin sərtləşdirilməsini istəyirdi:
"Sosial şəbəkələrdə təhlükəsizliyin qorunması ilə əlaqədar hüquqi tənzimləməni yerinə yetirməmiş süni intellekt meydana çıxdı. Süni intellektin dili bizim dil deyil. Onun ifadələri öz danışığımızla üst-üstə düşmür. İnsanlar təbii ki, süni intellektdən daha gözəl ifadə edir, daha emosialı danışa bilirlər. Biz qarşımıza məqsəd qoymalıyıq ki, süni intellekti əvəzimizə qərar verən kimi yox, sadəcə bizə köməkçi kimi istifadə edəcəyik. Bunun qanunvericilikdə tənzimlənməsi mütləq olmalıdır. Bu, həm beynəlxalq miqyasda, həm də Azərbaycan ictimaiyyətində müzakirə olunur. Süni intellektin həm faydaları, həm də zərərləri ilə əlaqədar qaydaların hazırlanacağına inanırıq".
B.Muradova vurğulayıb ki, rəhbərlik etdiyi qurum uşaqların da təkliflərini nəzərə alaraq Elm və Təhsil Nazirliyi ilə birlikdə yeni bir layihəyə başlaya bilər:
"Bu yenilik uşaqların düzgün peşə seçimi üçün maarifləndirilməsinə orta məktəblərdən başlanmasını nəzərdə tuta bilər".
Xatırladaq ki, "Hüquqlarınla parla!" layihəsi "Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü, Milli Məclis, Ombudsman Aparatı, Elm və Təhsil, Səhiyyə, Daxili İşlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və "Nar" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə 2025-ci ilin "Konstitusiya və Suverenlik li elan olunması va "Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiya"nın həyata keçirilməsi çərçivəsində hazırlanıb və strateji məqsədi uşaqların hüquqlarının müdafiəsi sahəsində davamlı və ölçüləbilən addımlar atmaqdır.
18:59 18.11.2025
Oxunuş sayı: 963