Umerovun Ukraynaya qayıtmaqdan imtina etdiyi bildirilir
Ukrayna mediası bildirib ki, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ölkədə baş qaldıran korrupsiya qalmaqalı fonunda Vətənə dönməkdən imtina edib. Məlumata görə, o, bu qərarı barədə prezident Vladimir Zelenskini şəxsən məlumatlandırıb. Hadisə rəsmi qurumlar və siyasətçilər arasında ciddi müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV-lər və siyasətçilər məlumat yayıb.
Ukrayna deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, Umerov hazırda ABŞ-də olduğu güman edilir və orada ABŞ hakimiyyəti ilə özünün NABU və SAP tərəfindən araşdırılan işləri ilə bağlı anlaşma yolları axtarır. Xatırladaq ki, Umerov, Milli Müdafiə Sənayesi rəhbəri Minnıçevə qarşı axtarışların başladığı gün Ukraynadan Türkiyəyə uçmuşdu. Daha sonra Xüsusi Antikorrupsiya Prokurorluğu onun iş üzrə fiqurant olduğunu təsdiqləmişdi.
Qonçarenko bildirib ki, Umerovun vəziyyəti yalnız istintaqla əməkdaşlıq etməsi və Ukraynada digər fiqurantlar barəsində ifadə verməsi halında həll oluna bilər.
Deputatın iddiasına görə, Umerovun ABŞ vətəndaşlığı və bu ölkədə daşınmaz əmlakı var, ailəsi də orada yaşayır. “Onu Ukrayna ilə bağlayan yeganə şey Zelenskinin xarizmasıdır", – deyə Qonçarenko əlavə edib.
Türkan Kərimli
15:25 18.11.2025
Oxunuş sayı: 1180