Elmar Məmmədyarov: "Tramp bu gün var, sabah yoxdur"- Sabiq nazir nəyə işarə vurur?
ABŞ-nin Cənubi Qafqazdakı proseslərə artan diqqəti bölgədə formalaşan yeni siyasi reallığın mühüm göstəricisidir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın verdiyi açıqlamada qeyd edib ki, region artıq davamlı sülhə doğru irəliləyən bir mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanmasına ev sahibliyi etməsi, ABŞ-nin bu prosesə strateji səviyyədə maraq göstərdiyini bir daha təsdiqləyir. Bu fon isə bölgədə yeni güc balansının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ABŞ-nin bölgəyə marağı yüksəkdir və bu maraq sabitlik və sülhün təmin olunmasına yönəlib:
"ABŞ üçün Cənubi Qafqaz xüsusi önəm daşıyır. Cənubi Qafqaz ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir və ,o buraya xüsusi maraq göstərir. ABŞ prezidenti Donald Tramp həm Azərbaycan dövlət başçısı İlham Əliyev, həm Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birlikdə sənəd imzaladı, Zəngəzur dəhlizi – TRİPP layihəsi hazırlandı. Əlbəttə ki, maraq yüksəkdir. Amma Tramp bu gün var, sabah gedəcək. Trampdan sonra hakimiyyətə kim gələcək fərq etməz. Onlarla indidən işləmək lazımdır ki, bu maraq gündəmdə qalsın”.
E. Məmmədyarov, həmçinin ABŞ-Türkiyə münasibətlərinə də diqqət çəkib:
"Türkiyə NATO-nun üzvüdür və tarix boyu ABŞ ilə əməkdaşlıq edir. Türkiyənin ABŞ üçün rolu çox önəmlidir – birincisi NATO, ikincisi iqtisadi səbəblərdir. ABŞ başa düşür ki, bugünkü Türkiyə dünənki deyil, Yaxın Şərqdə böyük rolu, Ərəb və müsəlman ölkələri arasında nüfuzu var. Əlbəttə ki, ABŞ böyük ölkə kimi bundan istifadə edəcək və edir.
Cənubi Qafqazda davamlı sülh üçün ABŞ-nin marağı və iştirakının vacibliyi regionun sabitliyi və iqtisadi inkişafı üçün əsas amillərdən biridir".
Nigar Yahyazadə
12:16 18.11.2025
Oxunuş sayı: 1535