Şimali Kiprin yeni prezidenti ilə görüşən azərbaycanlı deputat: İki ölkə arasında inteqrasiya əlaqələri daha da güclənməlidir
Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri baş tutub. Səfərin əsas məqsədi iki ölkə arasında parlamentlərarası əlaqələri daha da dərinləşdirmək və Türk dünyası birliyini gücləndirmək olub.
Milli Məclisin ŞKTC ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi heyət, ŞKTC-də keçirilən rəsmi tədbirlərdə və yüksək səviyyəli görüşlərdə iştirak edib. Xüsusilə, deputatların ŞKTC Prezidenti Tufan Erhürman və parlamentin digər rəsmiləri ilə keçirdiyi görüşlər, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, əməkdaşlıq sahələrinin genişləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyətin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Azər Allahverənov tədbirin əhəmiyyətini və təəssüratlarını Crossmedia.az-la bölüşüb:
"Azərbaycandan bir qrup deputat, o cümlədən Azərbaycan-Şimali Kipr parlament əlaqələri üzrə işçi qrupunun rəhbər Cavanşir Feyziyev, qrupuna rəhbəri olaraq mən və digər həmkar deputatımız bu səfərdə olduq. 15 noyabr tarixində keçirilən tədbirlərdə iştirak etdik və bir sıra görüşlərdə olduq.
Bu görüşlər Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Tufan Erhürmandan başladı, sonra Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklə davam etdi, həmçinin biz ŞKTR baş naziri ilə görüşlər keçirdik.
Görüşlərin birincisi və ən önəmlisi 15 noyabr tarixində keçirilən tədbir idi. Bu tədbir ŞKTR müstəqilliyinin elan olunmasının 42-ci ildönümü münasibətilə təşkil olunmuşdu. Orada bir neçə formatda və fərqli məkanlarda tədbirlər keçirildi, ən böyük tədbir isə Lefkoşa şəhərinin mərkəzi küçələrində təşkil olunan parad oldu. Nəticə etibarilə, biz də həmin tədbirlərdə böyük məmnuniyyətlə iştirak etdik, həmçinin yerli media və televiziya kanallarına müsahibələr verdik.
Eyni zamanda, Azərbaycan hər zaman ŞKTR və Kıbrıs türklərinin bütün müstəvilərdə mübarizəsində göstərdiyi səyləri dəstəklədiyini bildirdik. Həm ölkənin prezidenti, həm parlament sədri, həm də baş nazirlə keçirilən görüşlərdə xüsusilə ŞKTR ilə Azərbaycan Respublikası arasında mövcud əlaqələr və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı.
Hətta bir sıra təkliflər də səsləndirildi, çünki ŞKTR-nin rəsmiləri bildirdilər ki, iki ölkə arasında inteqrasiya əlaqələri daha da güclənməlidir. Müxtəlif istiqamətlər üzrə gələcək fəaliyyətlərin ayr-ayrı aspektlərinə dair fikir mübadiləsi aparıldı.
Maraqlı nüansı ondan ibarət oldu ki, Türk Dövlətləri Təşkilatı formatında da ŞKTR fəaliyyətləri xüsusilə qeyd olundu. Burada da siyasi dialoqun geniş səpkidə təşkil olunduğu platformalarda təmsilçilik olduqca vacibdir. Çünki məhz həmin siyasi dialoq vasitəsilə ölkə öz siyasi mövqeyini gücləndirə bilir, ən azından beynəlxalq müstəvidə və tribunalar vasitəsilə vacib mesajlarını dünya ictimaiyyətinə çatdırır.
Xüsusilə də ölkənin müstəqilliyinin tanınması, iki və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün zəruri dialoqun aparılmasında və iştirakında maraqlı olduqlarını bilirəm.
Eyni zamanda Azərbaycanla bağlı həm siyasi kontekstdə olan mövzular, həm də iqtisadiyyatın ayrı-ayrı sahələri, turizm sektorunun inkişafı, qarşılıqlı ticarət və digər sahələr üzrə fikir mübadiləsi aparıldı".
Deputat qeyd edib ki, Baş nazir bu istiqamətdə bir sıra təkliflərlə çıxış etmək niyyətində olduğunu bildirdi və yaxın zamanda aidiyyəti qurumlarla görüşlərin keçirilməsində maraqlı olduğunu vurğuladı:
"Səfər kifayət qədər konstruktiv və dinamik keçdi. Ən önəmlisi odur ki, harada olmağımızdan asılı olmayaraq, bizi yaxın qardaş xalq olaraq qəbul etdilər və hər yerdə “üç dövlət, bir millət” şüarından istifadə etdilər. Bu da təbii olaraq çox sevindirici bir haldır.
Qeyd etdiyim kimi, böyük məmnuniyyətlə bu tədbirlərdə və görüşlərdə iştirak etdik. Düşünürəm ki, yaxın zamanda müzakirə olunan mövzular istiqamətində Azərbaycanda da aidiyyəti strukturlar tərəfindən müəyyən fikirlər formalaşdırılacaq və həmin istiqamətlər üzrə perspektiv planlar həyata keçiriləcək.
Amma çox həssas bir dönəmdir. Təbii ki, bu həssas dönəmdə həm Şimali Kipr Respublikası öz siyasi mühitində ehtiyatlı davranır, həm də baş verən proseslər diqqətlə izlənilir. Biz bunu səfər zamanı müşahidə etdik. Lefkoşa ilə Ankara arasında əlaqələrin də kifayət qədər dərinləşdiyi görünürdü.
Şimali Kipr siyasətçiləri, rəsmiləri və müxtəlif siyasi partiya rəhbərləri yaxşı dərk edirlər ki, bu gün Türkiyə Şimali Kipr üçün əsas tərəfdaş və ən böyük dəstəkçidir. Bu dəstək olmasa, Şimali Kipr üçün vəziyyət çox çətin olardı.
Bu faktı hər yerdə dilə gətirirlər və bildirirlər ki, Azərbaycan da hər zaman Şimali Kipr Respublikasının yanında olmuşdur. Onlar bu dəstək sayəsində ayaqda qala bildiklərini vurğulayırlar. Bu, bizim üçün çox sevindirici bir haldır və böyük qürur hissi yaradır.
Həqiqətən də, bu dəstəklər Şimali Kipr üçün həyati əhəmiyyətlidir. Çünki bu dəstək olmadan müxtəlif təzyiqlər altında qalan ölkəni ağır günlər gözləyə bilər. Biz də bu prosesə töhfəmizi verərək, imkanlarımız daxilində dəstəyin davamlı şəkildə göstərilməsini vurğulamışıq. İnanıram bu həm Şimali Kipr-Türk Respublikasının dayanıqlı şəkildə ayaqda qalmasına, həm də onun güclü bir dövlət subyektinə çevrilməsinə səbəb olacaq. Nəticədə, beynəlxalq münasibətlər sistemində özünə məxsus yerini təmin edəcəkdir".
Ayhan
11:28 18.11.2025
Oxunuş sayı: 1626