Zəngəzur dəhlizi Orta Asiya – Azərbaycan – Kiçik Asiya xəttində inteqrativ rol oynayır - Deputat
Son illər regionda baş verən geosiyasi və geoiqtisadi proseslər Cənubi Qafqaz və Mərkəzi Asiyanın bütövlükdə Avrasiya məkanında tranzit-logistika baxımından əhəmiyyətinin artmasına səbəb olub. Bu kontekstdə Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi infrastruktur layihələri və regional əməkdaşlıq formatlarında oynadığı rol strateji çalarlar kəsb edir. Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu proseslərin istiqamətini daha aydın şəkildə müəyyənləşdirir.
Dövlət başçısının bildirdiyi kimi, 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmalar region üçün yeni imkanlar açır və xüsusilə tranzit marşrutlarının genişlənməsinə ciddi töhfə verəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizin yaradılması yalnız ölkədaxili kommunikasiya baxımından deyil, həm də beynəlxalq daşımaların şaxələndirilməsi və Orta Dəhlizin potensialının daha da artırılması nöqteyi-nəzərindən mühüm strateji addımdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində inşası tamamlanmaq üzrədir və ilkin mərhələdə dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon tona çatması planlaşdırılır. Bu, Orta Dəhlizin yeni nəqliyyat arteriyası kimi həm region ölkələri, həm də qlobal ticarət subyektləri üçün əlavə səmərəlilik və sürətli logistika imkanı yaradacaq. Eyni zamanda, avtomobil yolunun tikintisinin yekunlaşmaq üzrə olması bütövlükdə dəhlizin çoxşaxəli daşımalar üçün açıq və funksional olacağını göstərir.
Beləliklə, Vaşinqton razılaşmaları, həyata keçirilən tikinti işləri və Azərbaycanın regional nəqliyyat siyasəti Avrasiya tranzit xəritəsində yeni reallıqlar formalaşdırır, regionun iqtisadi inteqrasiyasını gücləndirir və strateji kommunikasiyaların daha dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşündə iştirak etdi və Azərbaycan bu formata daimi üzv seçildi. Bununla da əvvəllər “5+” kimi tanınan Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət mexanizmi vahid “6-lıq” formatına keçmiş oldu.
Görüş zamanı Azərbaycan Prezidenti ölkəmizin kommunikasiya imkanları və tranzit-logistika potensialı ilə bağlı bir sıra mühüm məqamlara toxundu. Xüsusilə vurğulanan əsas hadisə ondan ibarət oldu ki, 8 avqust 2025-ci ildən etibarən Azərbaycanın tranzit imkanlarında faktiki olaraq yeni mərhələ başlayır. Bu yeni mərhələnin mühüm komponenti Zəngəzur dəhlizinin Orta Asiya – Azərbaycan – Kiçik Asiya xəttində inteqrativ rol oynamasıdır. Gözlənilir ki, qarşıdakı iki il ərzində bu dəhliz real fəaliyyət müstəvisinə keçəcək və nəticədə Çindən Avropaya yükdaşımaların müddəti ən azı üç dəfə azalacaq: indiki 45–50 gün əvəzinə yüklər 15–16 günə çatdırılacaq.
Bu məsələnin digər mühüm tərəfi dəhlizin yükaşırma və ötürücülük qabiliyyətinin artırılması ilə bağlıdır. Belə ki, Azərbaycan üzərindən Avropaya çıxış verən Bakı–Tbilisi–Qars dəmir yoluna əlavə alternativ yaranacaq, bu isə daşımaların səmərəliliyini və optimal vaxt göstəricilərini daha da yaxşılaşdıracaq. Azərbaycan Prezidenti həm Xəzər dənizi vasitəsilə, həm də Zəngəzur dəhlizi ilə daşınacaq yüklərin böyük potensiala malik olduğunu vurğuladı və hər iki istiqamət üzrə ilkin mərhələdə 15 milyon ton, perspektivdə isə 25 milyon tona qədər yükdaşımaya imkan yaranacağını bildirdi".
Deputat, həmçinin mərkəzi Asiya ölkələrinin nadir torpaq elementləri, uran, litium kimi strateji xammalların Avropa bazarlarına çıxışı üçün artıq mövcud müqavilələrinin olduğunu bildirib:
"Yeni nəqliyyat dəhlizi məhz bu yüklərin daşınması üçün real və dayanıqlı logistika xətti formalaşdıracaq. Bundan əlavə, həm Avropa İttifaqının, həm də ABŞ-ın Mərkəzi Asiya ölkələrində təqribən 20 milyard dollar həcmində investisiya layihələrinin mövcudluğu yükdaşımaların artmasına əlavə stimul verəcək.
Bununla yanaşı, əsas həcmi məhz qlobal Cənub istiqamətindən və xüsusən də Çin–Avropa xəttindən keçən yüklər təşkil edəcək. Litium, uran və digər strateji xammallar dördüncü sənaye inqilabının aparıcı sahələri üçün əsas resurs olduğuna görə, Azərbaycan üzərindən keçən yeni tranzit marşrutları həm innovativ sənayelər üçün xammal təmin edən mühüm körpüyə çevriləcək, həm də ölkəmizə əhəmiyyətli iqtisadi və geosiyasi üstünlüklər qazandıracaq".
Elmir Heydərli
19:40 17.11.2025
Oxunuş sayı: 3579