17 noyabr Azərbaycanın Sovet imperiyasına qarşı mübarizəsinin başlanğıcı idi - Deputat
17 noyabr Milli Dirçəliş Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutan günlərdən biridir. Bu gün 1988-ci ildə Azərbaycan xalqının azadlıq, milli oyanış və istiqlal istəklərinin artıq açıq şəkildə ifadə olunduğu, cəmiyyətin sovet rejiminə qarşı bir millət kimi birləşdiyi tarixi mərhələdir. Milli Dirçəliş Günü həm də xalqımızın gələcək istiqlal yolunda hansı gücə və iradəyə sahib olduğunu göstərən mühüm bir dönüş nöqtəsidir.
Bu günün əhəmiyyətini dəyərləndirən Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, həmin dövrdə başlayan milli dirçəliş prosesi sonrakı illərdə Azərbaycanın müstəqillik qazanmasına və öz dövlət quruculuğu yoluna qədəm qoymasına gətirib çıxardı.
“17 noyabr Azərbaycanın Sovet imperiyasına qarşı mübarizəsinin başlanğıcı idi. Məhz bu mübarizə nəticəsində Azərbaycan Sovet ittifaqından azad oldu və öz dövlətini qurdu. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi, qısamüddətli antiterror əməliyyatı isə ölkə ərazisini tam şəkildə düşmən qüvvələrindən təmizlədi,” – deyə deputat qeyd edib.
Asim Mollazadənin sözlərinə görə, bu günün ən böyük dəyəri xalqın müstəqillik əzmini ifadə etməsindədir: “Bu gün milli mübarizənin başlandığı gündür. Bu gün Azərbaycan regionun ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bizim ən böyük qürur mənbəyimiz müstəqilliyimiz və onu qorumaq iradəmizdir.”
Nigar Yahyazadə
17:11 17.11.2025
Oxunuş sayı: 1068