Anar Quliyev: Bakı Olimpiya Stadionu WUF13-ün əsas məkanı olacaq
Bakı Olimpiya Stadionu 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirildiyi əsas yer olacaq.
Crossmedia.az-ın məlumatına görə, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qlobal miqyaslı tədbirlərin keçirilməsinə sadiqliyinin rəmzi olan Bakı Olimpiya Stadionu forumun əsas məkanı olacaq: "COP29-da qoyulmuş yüksək təşkilati standartlara uyğun olaraq, forum bütün iştirakçılar üçün əlçatanlıq, səmərəli logistika və yüksək səviyyəli qonaqpərvərlik təmin edəcək".
A.Quliyev əlavə edib ki, WUF13 şəhər inkişafı, mənzil siyasəti və iqlim davamlılığı sahəsində milli nailiyyətlərin, həmçinin qlobal fəaliyyətə ilham verə biləcək innovativ modellərin, təşəbbüslərin və texnologiyaların nümayiş etdirilməsi üçün unikal imkan yaradacaq:
"Forum, həmçinin konkret layihələrin həyata keçirilməsi üçün beynəlxalq əlaqələrin genişləndirilməsinə və tərəfdaşlıqların formalaşmasına kömək edəcək. Azərbaycan forumu təkcə qlobal dialoq platformasına çevirməyi deyil, həm də mənzil məsələsinin dayanıqlı, inklüziv və davamlı inkişafın əsas amili kimi dərk edilməsini genişləndirən mühüm bir mərhələyə çevirməyi hədəfləyir", - sədr vurğulayıb.
13:40 17.11.2025
Oxunuş sayı: 1006