Azərbaycan – Özbəkistan əlaqələri regionda yeni güc mərkəzinin formalaşmasına töhfədir- Deputat
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də beynəlxalq platformalarda sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı kimi, Özbəkistanda aparılan islahatlar və regionda həyata keçirilən əməkdaşlıq təşəbbüsləri iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq platformalarda qarşılıqlı dəstək strateji münasibətlərin daha da dərinləşməsini təmin edir. Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimad regionda sabitlik və inkişaf üçün vacib rol oynayır.
Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycan–Özbəkistan münasibətləri yüksək xətlə inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır: "Bu münasibətlər xalqlarımızın tarixi və mədəni kökləri ilə də güclənmişdir. Dünyanın mürəkkəb geosiyasi vəziyyətində Özbəkistanla yaxın əlaqələrimiz, xüsusilə Türk dünyası və Mərkəzi Asiyada formalaşan yeni Türk Dövlətləri Təşkilatı baxımından böyük əhəmiyyət kəsb edir".
Deputat əlavə edib ki, Özbəkistan Mərkəzi Asiyanın mərkəzində yerləşən strateji bir ölkədir: "Bu, Avrasiya məkanının əsas ‘nəbzi’ nöqtələrindən biridir. Özbəkistan–Azərbaycan münasibətlərinin bütün sahələrdə yaxın olması bizim gücümüzə əlavə dəyər qatır. Azərbaycan Türk dünyasında güclü bir tərəfdaşını daha da möhkəmləndirir".
T. Gəncəliyev qeyd edib ki, Özbəkistan Orta Dəhliz marşrutunun üzərində yerləşən bir ölkə kimi regiona stabillik gətirir: "Özbəkistanın böyük uran və digər qiymətli metal yataqlarının daşınması və ixracı hazırda yalnız Azərbaycan üzərindən, Orta Dəhlizdəki strateji rolu baxımından reallaşa bilər. Özbəkistan son illərdə ABŞ və Avropa İttifaqı ilə siyasi-iqtisadi və geosiyasi əlaqələrini genişləndirərək dünya səviyyəsində təsirini artırır: "Azərbaycanla yaxınlıq isə bu proseslərə əlavə önəm və töhfə verir. Özbəkistan–Azərbaycan münasibətləri həm Türk dünyası, həm də Mərkəzi Asiya kontekstində böyük strateji əhəmiyyət daşıyır".
Parlamentari yekun olaraq bildirib: "Mərkəzi Asiyanın Qərb və Avropa ilə bağlantısı Cənubi Qafqaz üzərindən yalnız Azərbaycan vasitəsilə təmin edilir. Bu baxımdan münasibətlərimizin əlavə strateji aspekti ortaya çıxır. Azərbaycan–Özbəkistan əlaqələri təkcə strateji tərəfdaşlıq deyil, həm də regionda yeni güc mərkəzinin formalaşmasına töhfədir".
Mehriban Yariyeva
11:20 15.11.2025
Oxunuş sayı: 1783