Saxta xarici dil kursu adı ilə insanlar aldadılır - Ekspert vətəndaşlara səsləndi
Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə texnologiyalardan, süni intellektdən və sosial mediadan yanlış istifadə edənlərin sayı artıb. Sosial media vasitəsilə dələduzluq edən bir gənc, “xarici dil kursları” adı altında münasib qiymətli kimi görünən elan yaradıb və bir neçə şəxs buna inanaraq tələyə düşüb.
Bu, əslində çox ciddi problemdir. Belə ki, oxşar dələduzluq halları ilə məşğul olanlar bir tərəfdən tələbələrin, valideynlərin cibinə girir, digər tərəfdənsə onlara yalançı ümidlər verir.
Bu barədə Crossmedia.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, rəqəmsal texnologiyalar və İKT-nin imkanları təkcə inkişaf və rahatlıq üçün deyil, həm də dələduzların və insanların etibarından sui-istifadə etməsi üçün şərait yaradır: "Hesab edirəm ki, insanlar bu məsələdə daha diqqətli olmalıdırlar. Onlar cəmiyyətə hansısa bir addım atmazdan əvvəl mütləq araşdırmalıdırlar ki, bu fəaliyyətlə məşğul olan şəxslərin və ya qurumların peşəkarlıq səviyyəsi nə dərəcədədir.
Ümumilikdə, xüsusilə təhsil sahəsində bu kimi hallar kifayət qədər geniş yayılıb. Bu halların qurbanı isə, əsasən, məlumatsız və araşdırma aparmadan hərəkət edən, daha ucuz xidmət və ya qısa yolla irəliləmək istəyən insanlardır. Bəzi hallarda “xaricdə təhsil” adı ilə insanların etibarından sui-istifadə hallarına rast gəlirik. Eyni zamanda, dil kursları adı altında da bu cür dələduz fəaliyyətlər müşahidə olunur.
Əlbəttə, insanlar seçim edərkən mütləq şəkildə araşdırmalı, öyrənməli və belə dələduzların qurbanına çevrilməmək üçün diqqətli olmalıdırlar. Hər bir insan xidmət göstərən təşkilat və ya şəxslə bağlı mövcud məlumatları yoxlamalıdır. Yeni texnologiyalar bu məlumatları kifayət qədər əlçatan edir, sadəcə, onları vaxtında araşdırmaq, axtarmaq və düzgün seçim etmək lazımdır. Düşünürəm ki, fərqli fəaliyyət sahələrində olduğu kimi, təhsil sahəsində də bu cür dələduzluq halları qaçınılmazdır. Lakin burada yalnız insanların məlumatlılığı onları potensial qurban olmaqdan xilas edə bilər".
Fatimə Nəzərli
16:48 14.11.2025
Oxunuş sayı: 1179