Azərbaycanda məhkəməsi davam edən erməni cinayətkarlarını hansı cəza gözləyir? - Açıqlama
Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və bunun nəticəsində baş vermiş sülh və insanlıq əleyhinə cinayətlərə dair məhkəmə prosesi davam edir. Təqsirləndirilən Ermənistan vətəndaşları, o cümlədən hərbi və siyasi rəhbərlik nümayəndələri, beynəlxalq hüquq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş bir sıra ağır cinayətlərdə – təcavüzkar müharibənin aparılması, mülki əhaliyə qarşı zorakılıq, strateji obyektlərə hücum, işgəncə və soyqırımı – təqsirli bilinirlər.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, şahid ifadələri və ekspert rəyləri göstərir ki, Ermənistanın hərbi təcavüzü yalnız hərbi əməliyyatlarla məhdudlaşmayıb, həm də Azərbaycanın şəhər və rayonlarının, eləcə də mülki obyektlərinin hədəfə alınması ilə müşayiət olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərin törətdikləri hər bir cinayətə görə qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Bu proses yalnız hüquqi proseduru deyil, həm də Azərbaycanın ərazi bütövlüyü və insan hüquqlarının qorunması uğrunda prinsipial mövqeyini təsdiqləyən ciddi bir nümunədir. Məhkəmədə sübut olunan faktlar göstərir ki, beynəlxalq hüququn norma və prinsipləri pozulmaqla törədilmiş hərbi təcavüz nəticəsində yaranmış hüquqi və humanitar problemlərin həlli Azərbaycanın hüquq sisteminin gücü ilə təmin olunur.
Proseslə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Müharibə cinayətlərinə və digər beynəlxalq cinayətlərə görə ittiham olunan şəxslərin ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı beynəlxalq təcürbə mövcuddur. Məsələn, Yuqoslaviya Tribunalı Bosniya müsəlmanlarına qarşı törətdiyi beynəlxalq cinayətlərə görə müvafiq şəxslərə ağır cəza vermişdir.
Tribunal Ratko Mladiçi soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham edərək ömürlük azadlıqdan məhrumetmə cəzasına layiq görmüşdür. Yaxud, Karadziç, Bosniya serb siyasətçisi və lideri kimi, Tribunal tərəfindən müharibə cinayətləri və soyqırım ittihamı ilə məhkum edilib. Ona əvvəlcə 40 il cəza almışdı, amma 2019-cu ildə apellyasiya məhkəməsimim qərarı ilə cəzası ömürlük həbslə əvəzlənib. Bu dövlətlərdə də belədir.
Misal üçün, Almaniya bu qanuna əsasən Suriya müharibəsi ilə bağlı şəxsləri mühakimə edib. 2022-ci ildə Koblenz məhkəməsi Suriyalı keçmiş kəşfiyyat rəisi Anvar Raslanı insanlıq əleyhinə cinayətə görə ömürlük həbsə məhkum etdi. Bu, dövlət məhkəməsində verilmiş ən məşhur ömürlük cəzalardan biridir.
İsveç məhkəmələri də Suriyada vətəndaş müharibəsi zamanı törədilmiş cinayətlərə görə bir neçə nəfəri ömürlük həbsə məhkum edib (məsələn, 2021-ci ildə İŞİD üzvü tərəfindən əsirin edamına görə). Nəticə etibarilə deyə bilərik ki, həm beynəlxalq məhkəmələr, həm də bir çox dövlətlərin müharibə cinayətləri üçün ömürlük həbs cəzası tətbiq etməsi mümkündür".
Elmir Heydərli
16:03 14.11.2025
Oxunuş sayı: 1219