Partiya sədrindən məmur özbaşınalığının qarşısını almaq üçün TƏKLİF
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib ki, onun bütün tapşırıqları yerinə yetirilməlidir.
Dövlət başçısı çıxışında qeyd edib:
"Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın".
Ümumiyyətlə, son dövrlərdə ölkədə məmur özbaşınalığına qarşı aparılan ardıcıl əməliyyatlar göstərir ki, dövlət bu məsələni ciddi nəzarətə götürüb. Lakin görülən tədbirlərə baxmayaraq, bəzi məmurlar hələ də öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə davam edirlər. Bu da haqlı sual yaradır: nə üçün bütün xəbərdarlıqlara və əməliyyatlara baxmayaraq, bəzi məmurlar hələ də özbaşınalıqdan əl çəkmirlər?
“Ağ partiya” sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında məmur özbaşınalığına qarşı təklifini irəli sürüb:

“Mən həmişə demişəm, məmur özbaşınalığı olub, var, olacaq da. Əgər biz bu özbaşınalığı insanların öz vicdanına buraxacayıqsa, bu, hər zaman belə olacaq. Məmur özbaşınalığı da insanların taleyinə, dövlət büdcəsinə təsir edəcək və dövlətimizin inkişafını geri salacaq. Ona görə biz hər zaman təklif edirik ki, müxalifətin məmurlara nəzarət mexanizmini gücləndirmək lazımdır. Konkret icra başçılarından söhbət getsə, heç bir icra hakimiyyətində müxalifətin nümayəndələri təmsil olunmur. İcra başçılarının fəaliyyətinə nəzarət edəcək, tənqid edəcək, ifşa edə biləcək müxalifət nümayəndəsi yoxdur. Ona görə də mexanizm işlənməli və müxalifət dövlətdə təftiş xarakterli təmsil olunmalıdır. İnsan qarpız deyil ki, baxanda necə olduğunu biləsən. O qorxmalıdır ki, mən belə etsəm, məni ifşa edəcəklər. Müxalifətin dövlət idarəçiliyində olmaması məmur özbaşınalığını daha da artıracaq”.
Ayhan
21:55 13.11.2025
Oxunuş sayı: 1635