Şad xəbər: Hərbi xidmət müddətinin azaldılması gözlənilir
Son günlər zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı təklif diqqət mərkəzindədir. Bu dəyişiklik "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna düzəliş kimi təqdim olunub. Təklifin məqsədi hərbi sistemdə daha çevik və səmərəli idarəetməyə nail olmaqdır. Lakin bu addımın orduda kadr çatışmazlığı və ya struktur dəyişikliklərinə səbəb olub-olmayacağı müzakirə mövzusudur. Məsələ hazırda ekspertlər və ictimaiyyət arasında geniş şəkildə qiymətləndirilir. Bu dəyişiklik ordunun ümumi döyüş qabiliyyətinə necə təsir göstərəcək — əsas sual da məhz budur.
Bununla bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib.

O, deyib ki, gələcəkdə - sülh sazişi imzalandıqdan sonra bu məsələyə baxmaq olar: "Hərbi xidmət ali təhsillilər üçün altı ay, digərləri üçün isə bir il ola bilər. Sonrakı mərhələdə isə hər biri üçün müddət 6 aya enə bilər. Bu, yaxın illər üçün nəzərdə tutulmayıb. Bir mərhələdə islahat aparıldı — yaş həddi 35-dən 30-a endirildi. Gələcəkdə isə çağırış ildə iki dəfə — yaz və payız aylarında ola bilər. İldə dörd dəfə çağırış ona görə idi ki, hər an müharibə başlaya bilərdi. Bu proses təhlil olunur. Gələcəkdə ordunun ehtiyatı nəzərdə tutulur. Hər il doğulan oğlan uşaqlarının 12–15 il sonra hansı vəziyyətdə olacağı üzrə təhlillər aparılır".
Ekspert qeyd edib ki, dünyada baş verən proseslər də bu məsələyə öz təsirini göstərir: "Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin bir çoxu artıq çağırış sistemini bərpa etdi. Düşünülürdü ki, II Dünya müharibəsindən sonra daha müharibə olmayacaq, amma proqnozlaşdırılanın əksi baş verdi. Hazırda bu prosesə sürətli şəkildə keçmək olmaz. Burada vətəndaşların hüquq və azadlıqları, mənafeləri nəzərə alındığı kimi, dövlətin, xalqın təhlükəsizliyi, ordunun müdafiə qabiliyyəti, ölkənin və xalqın təhlükəsizliyi birinci növbədə nəzərə alınmalıdır".
Türkan Kərimli
19:30 13.11.2025
Oxunuş sayı: 1440