İcmada İlham Əliyevin Qərbi Azərbaycan mövzusundakı fikirləri müzakirə edilib
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi proqram xarakterli fikirlərin Qərbi Azərbaycan İcmasının (QAİ) gələcək fəaliyyət istiqamətlərində nəzərə alınması mövzusunda müzakirə təşkil olunub.
Crossmedia.az xəbər verir ki, noyabrın 13-də keçirilən tədbirdə QAİ-nin İdarə Heyətinin və müxtəlif şuralarının rəhbər və üzvləri, ziyalılar, ictimai xadimlər eləcə də gənclər iştirak ediblər.
Görüşün əsas məqsədi Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin təhlili, bu mövzuda dövlət başçısının mesajlarının mahiyyətinə uyğun qurumun qarşıdakı fəaliyyətinin müəyyənləşdirilməsi olub.
QAİ-nin İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsinin xüsusi yer tutduğunu vurğulayıb:
"Dövlət başçısı hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir".
QAİ-nin Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib ki, dövlət başçısının bu mövzuda ardıcıl və prinsipial mövqeyi Qərbi Azərbaycan məsələsinin milli ideologiyanın tərkib hissəsinə çevrildiyini göstərir:
"Bu istiqamətdə elmi və maarifləndirici fəaliyyətin gücləndirilməsi də olduqca vacibdir".
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Prezidentin fikirlərinin hər bir azərbaycanlı, o cümlədən də indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün mənəvi dəstək və motivasiya mənbəyi olduğunu qeyd edib:
"Bu məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsi qərbi azərbaycanlıların illərlə məruz qaldıqları ədalətsizliklərin aradan qaldırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır".
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycan qadınları bu tarixi prosesin fəal iştirakçılarıdırlar:
"İcmanın qadın üzvləri həm gənc nəslin milli yaddaşla böyüməsinə, həm də beynəlxalq ictimaiyyətdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına xüsusi önəm verir".
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov Prezidentin çıxışında ifadə olunan konseptual baxışların dövlətin strateji istiqamətini müəyyənləşdirdiyini deyib. O, bu istiqamətdə İcmanın fəaliyyətinin daha da sistemli şəkildə qurulmasının zəruriliyini diqqətə çatdırıb.
Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski və Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov çıxışlarında Qərbi Azərbaycan məsələsinin təkcə siyasi deyil, həm də mənəvi, mədəni və tarixi ölçüləri barədə danışıblar.
Müşahidə Şurasının üzvü, akademik Rasim Əlquliyev Prezidentin çıxışını milli təhlükəsizlik, informasiya və humanitar aspektlərdən təhlil edərək bildirib ki, Qərbi Azərbaycan məsələsi həm beynəlxalq hüququn, həm də insan haqlarının tərkib hissəsi kimi dünyaya təqdim olunmalıdır.
İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı çıxışında qərbi azərbaycanlıların birliyinin, həmrəyliyinin və koordinasiyalı fəaliyyətinin bu məsələdə əsas amil olduğunu diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov isə gənclərin bu məsələyə baxışını ifadə edərək qeyd edib ki, Qərbi Azərbaycan məsələsi artıq gənc nəslin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib:
"Bu istiqamətdə maarifləndirmə və beynəlxalq təbliğat işləri daha da gücləndiriləcək".
17:30 13.11.2025
Oxunuş sayı: 1242