Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr haqqında müzakirələr aparılıb.
Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamını xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı Sərəncamın icrasından irəli gələrək AMEA-nın 80 illiyi ilə bağlı Qarabağda, Naxçıvanda, Vəcihə Səmədova adına Sərgi salonunda, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, eləcə də Yeni Azərbaycan Partiyası ilə birgə, həmçinin ölkəmizdən kənarda - qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında qeyd olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının Sərəncamı işığında Akademiyanın müasir dövrünün salnaməsi yazılıb, intellektual potensialdan maksimum və səmərəli istifadə olunub, yeni sanballı nəşrlər ərsəyə gətirilib. AMEA rəhbəri yubiley tədbirlərinin ən parlaq zirvəsinin isə Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Akademiyanın yığıncağında iştirakı və dərin məzmunlu nitqlə çıxışı olduğunu bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının yubiley yığıncağında iştirakı və tarixi nitqi Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına dövlət səviyyəsində diqqətin ifadəsidir.
“Prezident İlham Əliyev XXI əsrin çağırışları işığında qarşımızda vəzifələr qoydu və fəaliyyət istiqamətlərimiz üçün yeni üfüqlər açdı. Dövlətimizin başçısı IV Sənaye inqilabının əsas çağırışlarından olan süni intellekt, texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı Azərbaycan elmi və Akademiya qarşısında vəzifələr qoydu”, - deyə bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə AMEA-da həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də elektron xidmətlərin genişləndirilməsi və süni intellektin imkanlarından elmi tədqiqatlarda istifadəsi olub. Diqqətə çatdırıb ki, 2023-cü ildə bununla bağlı olaraq AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsi yaradılıb, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən irəli gələrək isə 2025-ci ildə şöbənin adı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb. Şöbənin qısa müddətdə bir çox uğurlara imza atdığını deyən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın 3 jurnalı Türkiyənin Ulakbim-DərgiPark bazasına daxil olub, şöbənin əməkdaşları tərəfindən Milli İstinad Sistemi yaradılıb, reytinq meyarları müəyyənləşdirilib və proses davam edir.
Dövlət başçısının nitqinin bu məsələyə köklü yanaşma tələb etdiyini deyən akademik İsa Həbibbəyli insitutlardakı Elektron xidmətlər şöbələrinin fəaliyyətinin yenidən qurulacağını, artıq problemin texniki yanaşmadan çox elmi yanaşma tələb etdiyini və nəticə etibarilə elmi işçilərin də bu şöbələrin strukturunda yer alacağını bildirib. AMEA rəhbəri Elektron xidmətlər şöbələrinin köməkçi şöbə statusundan əsas şöbə statusuna keçirilməsini məqsədəuyğun hesab edib.
Prezident İlham Əliyevin geniş nitqində Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı da alimlərimiz qarşısında mühüm vəzifələr qoyulduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, bu gün alınma sözlərdən yerli-yersiz istifadə olunur və bunun qarşısını almaq üçün neologizmlər və dialektizmlərdən istifadə etməklə dilimizi daxili imkanlar hesabına genişləndirməli, öz dilimizdə qarşılığı olan sözlərdən istifadə etməliyik.
Dövlətimizin başçısının zəngin tariximizin ermənilər tərəfindən saxtalaşdırılmasına qarşı olaraq da alimlərimiz qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edən akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix və Etnologiya İnstitutunda 15 cildlik “Azərbaycan tarixi” müstəqilliyin çağırışları işığında yenidən yazılır. Həmçinin institutda müasir dövrün reallıqlarından irəli gələrək “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsi yaradılıb, Azərbaycanın zəngin dövlətçilik tarixi yenidən tədqiqata cəlb olunub.
Akademik İsa Həbibbəyli dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan dili və tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələrindən irəli gələrək 6-7 noyabr tarixlərində həm dilçi, həm də tarixçi alimlərlə birgə yığıncaqların keçirildiyini, geniş müzakirələrin aparıldığını və gələcək fəaliyyətin yol xəritəsinin müəyyən edildiyini söyləyib, bu istiqamətdə görüşlərin yenidən keçiriləcəyini bildirib. Eyni zamanda bildirib ki, alimlərimiz tərəfindən televiziya məkanında və “Youtube”da Azərbaycan dili və tarixi ilə bağlı verilişlərin hazırlanması təşəbbüsü də qaldırılacaq. Natiq qeyd edib ki, dövlətimizin həyata keçirdiyi genişmiqyaslı işlərə Azərbaycan elminin dəstəyini verməli və cəmiyyətdə alim sözünü ön mövqeyə çıxarmalıyıq.
Akademik İsa Həbibbəyli daim Azərbaycan aliminə, elminə göstərdiyi diqqət və qayğıya, AMEA-nın 80 illik yubiley yığıncağında iştirakına və konseptual nitqinə, o cümlədən bir qrup elm xadimlərinin təltif edilməsinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, alimlərimizin bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini söyləyib.
Daha sonra iclasda çıxış edən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev bu gün intellektual birliyin zərurətə çevrildiyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı da dərin məzmunlu nitqində dövlət qurumları ilə elm xadimlərini birgə əməkdaşlığa səsləyib və bu istiqamətdə fəaliyyət genişləndirilməlidir.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova isə bildirib ki, artıq elmi nəzəriyyələrin, biliklərin praktikada tətbiqi vacibdir və elm cəmiyyətin inkişafına töhfə verməli, dövlətimizin başçısının qeyd etdiyi kimi, elm, təhsil, istehsalat birliyi təmin edilməlidir. O qeyd edib ki, artıq Biologiya və Tibb Elmləri Bölməsi biologiya və kənd təsərrüfatında, eləcə də tibbi tədqiqatlarda süni intellekti prioritet olaraq qəbul edib və geniş tədqiqatlar aparılır. Akademik İradə Hüseynova bu gün yaşıl enerjiyə keçidin, COP29 kimi nüfuzlu tədbirin ölkəmizdə keçirilməsinin, cəmiyyətdə ekoloji düşüncənin formalaşmasının dövlət siyasətinin ayrılmaz parçasına çevrildiyini deyib.
AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxışında vurğulayıb ki, dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və nitqi ölkəmizdə elmə, alimlərimizə verilən dəyərin ifadəsidir. Qeyd edib ki, Azərbaycan alimləri ötən 80 il ərzində ölkəmizin təbii sərvətlərinin aşkarlanması, kənd təsərrüfatının inkişafı, eləcə də dilinin, ədəbiyyatının, tarixinin və s. qorunması və inkişafına misilsiz töhfələr vermişlər. O bildirib ki, AMEA-nın 80 illik yubileyi respublika və beynəlxalq miqyasında geniş səviyyədə qeyd olunub və nəticə etibarilə Akademiya ölkəmizin intellektual inkişafının göstəricisidir.
Tədbirdə çıxış edən AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov ötən müddət ərzində Azərbaycanın tarixinin tədqiqi ilə bağlı aparılan işlər barədə məlumat verib, həmçinin institutun maddi-texniki bazasının möhkəmləndirildiyini bildirib. Qeyd edib ki, institutun kitabxanası yenidən qurularaq zənginləşdirilib, ötən müddət ərzində Tarix və Etnologiya İnstitutunda 100-ə yaxın sanballı tədqiqat əsəri ərsəyə gətirilib. Bildirib ki, Atropatena tarixinə dair konfrans keçirilib, materialları çap edilib, həmçinin Vətən müharibəsinə dair tədqiqatlar aparılıb, kitab halında işıq üzü görüb. Bundan əlavə, Üzeyir Hacıbəyliyə dair önəmli tədqiqat işi ortaya qoyulub, həmçinin xalqımızın tarixi torpaqlarından deportasiyasına dair nəşr çapa hazırlanır. Eyni zamanda hazırda Tarix və Etnologiya İnstitutunda ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə “Azərbaycan Tarixi Atlası”nın, 15 cildlik “Azərbaycan tarixi”nin çapa hazırlandığını söyləyib.
O qeyd edib ki, dövlət başçısının tapşırığından irəli gələrək tarixçi alimlər Azərbaycan tarixini, eləcə də Azərbaycanın dövlətçilik tarixi yenidən dərindən araşdıracaq.
Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Azərbaycan dilinin saflığının qorunması məqsədilə ilk dəfə institutda milli dil korpusunun yaradılması prosesinə başlanılıb. Həmçinin “Beynəlmiləl terminlər lüğəti”nin hazırlandığını bildirib. Alim diqqətə çatdırıb ki, bu gün Dilçilik İnstitutunun əsas diqqət yetirdiyi istiqamətlərdən biri də toponimlərlə bağlıdır. O qeyd edib ki, nə 1886-cı ildə, nə də 1903-cü ildə çap olunmuş Azərbaycanın xəritəsində heç bir erməni sözünə rast gəlinmir və hazırda institutun Toponimika şöbəsi tərəfindən Qərbi Azərbaycanın toponimikasına dair ikicildliyin birinci cildi çapa hazırlanır. Professor Nadir Məmmədli, həmçinin keçmə sözlərdən dilimizin saflığının qorunmasına dair təkliflərini də səsləndirib.
İclasda çıxış edən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli vurğulayıb ki, noyabrın 3-də ölkə başçısının AMEA-nın yubiley yığıncağında iştirakı və nitqi elmimizə, alimlərimizə verilən yüksək dəyərin ifadəsidir. Alim çıxışında vulkanların fəallığının, sürüşmə zonalarının və yüksək mərtəbəli binalar tikilən zaman seysmik aktivliyin müəyyənləşdirilməsinin Seysmoloji Mərkəzin fəaliyyət istiqamətlərinə aid olduğunu və bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlığın fayda verəcəyini söyləyib.
Sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək AMEA Rəyasət Heyətinin qərarını təqdim edib.
Rəyasət Heyətinin iclasında AMEA-nın kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu səsləndirilib. Məktubun mətnini AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva oxuyub.
Sonda elm sahəsində xidmətləri olan və 80 illik yubiley tədbirlərinin keçirilməsində fəal iştirak edən AMEA əməkdaşları təltif ediliblər.
11:55 13.11.2025
Oxunuş sayı: 1680