Qəzza üzrə BMT qətnaməsi sülh prosesini əngəlləməməlidir - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzaya xarici qüvvələrin göndərilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi ilə bağlı müzakirələr davam edir və hazırda sənəd “sükut proseduru” çərçivəsində maraqlı tərəflərin qiymətləndirməsindədir.
Crossmedia.az xəbər verir ki bu barədə Demirören Haber Ajansı (DHA) məlumat yayıb.
“O bu prosesdə iştirak edən tərəflərin müxtəlif baxışları və prioritetləri var. Onların hamısını vahid mətnə toplamaq asan deyil. Və əlbəttə ki, heç kəsi tam razı salmaq mümkün deyil. Bu, diplomatiyanın və kompromisin ayrılmaz hissəsidir. Amma həmin qətnamə gələcəkdə sülh prosesinin həyata keçirilməsinə mane olmamalıdır, onun pozulmasına yol verilməməlidir.
Qətnamə üzərində iş davam edir. Hazırda sənəd sükut proseduru çərçivəsində müzakirəyə təqdim olunub. Biz öz qiymətləndirmələrimizi davam etdirir və həmkarlarımızla, tərəfdaşlarımızla birlikdə işləyirik”,- Fidan ABŞ-yə səfərinin nəticələrini şərh edərkən deyib.
“Sükut proseduru” BMT üzv dövlətlərinə sənədi diqqətlə təhlil etməyə, etiraz bildirməyə və ya mövqelərini açıqlamağa imkan verir.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, “BMT Təhlükəsizlik Şurasında bu qətnamənin hazırlanması birinci dərəcəli əhəmiyyət kəsb edir”.
“Bir qrup ölkə hesab edir ki, belə qətnamə bütünlüklü sülh müqaviləsinin növbəti mərhələlərinin həyata keçirilməsi üçün vacibdir. Türkiyə üçün isə bu məsələdə prioritetlərimiz aydındır: soyqırımın dayandırılması və humanitar yardımın təmin edilməsi. Metodologiya fərqli ola bilər və bu məsələlərə yanaşmanın müxtəlif modelləri mövcuddur”,- Fidan bildirib.
O xatırladıb ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasa da və hazırda qeyri-daimi üzv statusuna malik olmasa da, qətnamənin hazırlanma prosesinə fəal şəkildə qoşulmağa çalışır.
“Biz bu məsələni bizə yaxın olan ölkələrlə müzakirə etmişik. Həmçinin Qəzza üzrə əlaqə qrupu ilə, bölgədə ortaq mövqedə olduğumuz səkkiz ölkənin nümayəndələri ilə görüş keçirdik. Təhlükəsizlik Şurasının qəbul etməli olduğu beynəlxalq qərarın əsas parametrlərinin necə olmalı olduğunu, hansı mövqeni formalaşdırmalı olduğumuzu müzakirə etdik”,– nazir əlavə edib.
Türkanə Məşədiyeva
11:19 11.11.2025
Oxunuş sayı: 1883