Tramp: Fransa ABŞ-ə qarşı Çindən fərqli davranmır
ABŞ Prezidenti Donald Tramp Fransa rəhbərliyinin Vaşinqtona münasibətini sərt şəkildə tənqid edib və bu münasibətin Çinlə müqayisədə heç də daha yaxşı olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı qeyd edib ki, Fransa ABŞ texnoloji məhsullarına 25 faizlik vergi tətbiq etməklə qeyri-bərabər ticarət şəraiti yaradıb. Onun sözlərinə görə, Parisin bu addımı ABŞ iqtisadi maraqlarına zərbə vurur və Vaşinqtonla ittifaq prinsiplərinə ziddir.
“Fransa bizim texnoloji məhsullarımıza ədalətsiz vergi tətbiq edib. Bəzi müttəfiqlərimiz, o cümlədən Fransa, ABŞ ilə ticarətdən Çindən daha çox faydalanır. Ona görə də onların bizə qarşı daha ədalətli davrandığını demək düzgün olmazdı”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin bildirib ki, Vaşinqton Çin tələbələrinin ölkədə təhsil almasına qarşı çıxmayacaq və bu məsələdə açıq siyasət yürüdəcək.
O, Birləşmiş Ştatların bütün ölkələrlə normal və dost münasibətləri qorumaq niyyətində olduğunu da diqqətə çatdırıb.
Türkan Kərimli
11:12 11.11.2025
Oxunuş sayı: 1336