Baş nazir açıqladı: Polşanın taleyi Ukraynadan asılıdır
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukraynanın müharibədə məğlub olması Polşada vəziyyətin radikal şəkildə pisləşməsinə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “Gazeta Wyborcza” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Polşanın geosiyasi gələcəyi hazırda optimist görünsə də, bu, Ukrayna cəbhəsindəki vəziyyətin necə tənzimlənəcəyindən asılıdır.
“Əgər Ukrayna müharibəni uduzarsa, bu, Polşa üçün çox ciddi nəticələrə gətirib çıxaracaq. Biz strateji mövqeyimizi düzgün istifadə etməli və Ukraynaya dəstəyimizi davam etdirməliyik,” – deyə Tusk vurğulayıb.
O bildirib ki, suveren Ukrayna ilə güclü və dost münasibətlərin qurulması Polşa üçün böyük bir fürsətdir: “Polşanın gələcəyi yalnız Ukrayna məğlub olmadığı təqdirdə nikbin görünə bilər”.
Baş nazir, həmçinin sentyabrın doqquzundan onuna keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması hadisəsini də şərh edib. O, bu hadisəni “münaqişənin dönüş nöqtəsi” adlandıraraq, dronların vurulması qərarının çətin olduğunu qeyd edib.
“Heç kim üçüncü dünya müharibəsini təsadüfən başlamaq istəmir. Lakin təxribatlara boyun əymək və susmaq da çıxış yolu deyil,” – deyə Tusk qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Tusk bildirmişdi ki, Ukrayna Rusiyaya qarşı müharibəni daha iki-üç il davam etdirməyə hazırdır.
O, həmçinin qeyd etmişdi ki, Avropa artıq yeni tipli müharibə vəziyyətindədir və Qərb ölkələri bu təhlükənin miqyasını dərk edib birləşməlidirlər.
Gülbəniz Bayramova
23:53 10.11.2025
Oxunuş sayı: 929