Azərbaycanlı deputatat: Ermənistan tarixində Paşinyan kimi ikinci belə adam olmayıb
“Prezident İlham Əliyevin sülh istiqamətində atdığı addımlar təqdirəlayiqdir, Paşinyanın cəsarətli qərarlarını da diqqətlə izləyirik” – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri bölgədə yaranan yeni reallığın siyasi mənzərəsini aydın şəkildə ifadə edir. Azərbaycan hər zaman sülh prosesində adekvat və ədalətli mövqe nümayiş etdirib. Bakı üçün əsas məqsəd bölgədə sabitliyin bərqərar olması, yeni münaqişə ocaqlarının yaranmamasıdır. Lakin bu gün Ermənistan tərəfinin atdığı addımların sülh yolunda nə dərəcədə səmimi olduğu hələ də sual altındadır.
Paşinyan müəyyən mənada sülh üçün çalışır, lakin əsas maneə onun qarşısında daxildədir – yalan tarixlərlə zəhərlənmiş erməni cəmiyyəti, radikal müxalifət və siyasi proseslərə müdaxilə edən kilsə.
Məhz bu amillər Ermənistanın reallığı qəbul etməsinə və sülh müqaviləsinin imzalanmasına hələ də tam imkan vermir. Bu gün Cənubi Qafqazda tarix yeni səhifə açır: bir tərəfdə sülhə yönələn siyasi iradə, digər tərəfdə isə köhnə təfəkkürlə hərəkət edən qüvvələr dayanır. Suallar çoxdur: Paşinyan bu təzyiqlərə davam gətirə biləcəkmi? Erməni xalqı və kilsə sülh reallığını qəbul edəcəkmi? Cavab isə bölgənin gələcək taleyini müəyyən edəcək.
Milli Məclisin deputatı Vüqar İskəndərov bu barədə Crossmedia.az-a açıqlama verib: "Ermənistan tarixində, bəlkə də, Paşinyan qədər erməni cəmiyyətini dəyişməyə cəhd edən lider olmayıb. Həqiqətən də, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər, antiterror tədbirləri nəticəsində əldə edilən uğurlar artıq Azərbaycanın suverenliyinin tam bərpasına gətirib çıxardı. Bu böyük qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və qəhrəman əsgər-zabitlərimizin rəşadəti sayəsində mümkün oldu. Bu reallıqdan sonra Ermənistan Baş naziri Paşinyan danışıqlarda daha ehtiyatlı və real bəyanatlar verməyə başladı. Bu dəyişiklik birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin düzgün və prinsipial siyasətinin nəticəsi idi. Paşinyan bir sıra cəhdlər göstərsə də, artıq anladı ki, geriyə yol yoxdur. O, əmin oldu ki, bölgədə sülhün və sabitliyin yeganə yolu Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərdən keçir. Bu şərtlər — sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, mina xəritələrinin təqdim edilməsi və digər vacib məsələlərin həllini əhatə edirdi. Artıq bu proseslərin əksəriyyətində Azərbaycan tərəfi təşəbbüs göstərən və diktə edən mövqedə idi. Paşinyan da anlayırdı ki, problemin kökü təkcə siyasətdə deyil, həm də erməni cəmiyyətindədir".
Deputat qeyd edib ki, illərlə “dənizdən dənizə Ermənistan” kimi yalan tarix mifləri ilə yaşayan və bu illüziyalarla zəhərlənmiş erməni cəmiyyəti reallıqla üzləşməli oldu: "Bu səbəbdən də Paşinyan son dövrlərdə danışıqlarda Ermənistanın gələcəyini düşündüyünü göstərən bəzi müsbət addımlar atmağa başladı. Azərbaycan və Ermənistan bir sıra vacib məsələlərdə qarşılıqlı razılığa gələ bildilər. İndi isə Ermənistanda yeni seçkilər gözlənilir. Paşinyanın əsas rəqibləri radikal müxalifətdir və onlar xarici mənbələrdən dəstək alırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Paşinyan bu mərhələdə düzgün qərarlar verməlidir".
V.İskəndərov həmçinin qeyd edib ki, hazırda Paşinyan həm daxili təzyiqlərlə, həm də beynəlxalq qüvvələrin təsiri ilə üz-üzədir: "O, Ermənistanın mövqeyini aydın şəkildə ortaya qoymalı, ölkəsini real siyasi xəttə gətirməlidir. Onun hakimiyyəti dövründə Ermənistan qismən də olsa siyasi vektorunu Qərbə yönəldib. Bu isə təbii ki, Rusiyanın narazılığına səbəb olur və ehtimal olunur ki, Moskva qarşıdakı seçkilərə müdaxilə edə bilər. Belə bir şəraitdə Paşinyan daha düşünülmüş addımlar atmalı, illüziyalardan uzaqlaşıb “xəyali Ermənistan”ı deyil, real Ermənistanı formalaşdırmalıdır. Bunun üçün o, Konstitusiyadakı bəzi bədnam müddəaların dəyişdirilməsinə nail olmalıdır. Yalnız bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin normallaşması mümkün ola bilər".
Ayhan
15:32 10.11.2025
Oxunuş sayı: 7090