Azərbaycan- Türkiyə- Pakistan triadası dünyaya səs salır - Parlamentari detalları açıqladı
Bu gün Azərbaycan–Türkiyə–Pakistan qardaşlığı təkcə bölgənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Bu münasibətlər artıq sadəcə dostluqdan ibarət deyil – bu, ortaq dəyərlər, siyasi həmrəylik və qarşılıqlı etimada əsaslanan güclü strateji ittifaqdır. Bunu həm son illərdə reallaşan iqtisadi-siyasi layihələr, həm də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi parad bir daha təsdiqlədi. Bu dövlətlər arasındakı münasibətlər tarixdən gələn qardaşlıq tellərinə söykənir, bu gün isə müasir dünyanın çağırışlarına cavab verən əməkdaşlıq modelinə çevrilib. Azərbaycan, Türkiyə və Pakistan – eyni idealları bölüşən, regional sabitlik və beynəlxalq ədalət uğrunda mübarizə aparan üç dost və müttəfiq dövlətdir.
Bu dostluq həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan tərəflərə böyük imkanlar vəd edir. Çünki bu birliyin əsasında ortaq maraqlarla yanaşı, ortaq tarix, ortaq dəyərlər və gələcəyə yönəlmiş birgə baxış dayanır.
Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: "Tarixin sınaqlarından keçmiş, böyük imtahanlar vermiş Türkiyə–Azərbaycan qardaşlığı bir daha 2020-ci ildə – 44 günlük Vətən müharibəsi zamanı özünü sübut etdi. Amma bu müharibədə üçüncü bir tərəf də var idi. 44 günlük Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərən qardaş Pakistan da Türkiyə–Azərbaycan dostluğunun və qardaşlığının ayrılmaz bir parçasına çevrildi".
H.Babaoğlu qeyd edib ki, zəfərimizin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə olaraq Pakistan Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan Ordusunun sıralarında addımladılar: "Bu hadisə, əslində, Türkiyə–Azərbaycan tandemini triadaya çevirərək Türkiyə–Azərbaycan–Pakistan əməkdaşlığına çevirdi. Məsələnin hərbi, siyasi və mənəvi tərəfləri ilə yanaşı, həm də geostrateji ölçüsü vardır. Coğrafi baxımdan hər üç ölkənin yerləşdiyi ərazi mühüm strateji mövqeyə malikdir. Bu coğrafiya hər üç ölkənin milli maraqları kontekstində xüsusi əhəmiyyət kəsb edir və onların regional və qlobal siyasətdəki rolunu yenidən müəyyənləşdirir. Pakistan Prezidenti də bu münasibətlə böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Azərbaycan və Türkiyə əsgərləri ilə bir sırada, onların arxasında Pakistan Silahlı Qüvvələrinin igid əsgərlərini görmək olduqca xoşdur. Pakistan–Azərbaycan dostluğu təkcə eyni inanc sisteminə bağlılıqdan deyil, həm də müxtəlif coğrafiyalarda eyni taleyi və oxşar sınaqları bölüşməkdən qaynaqlanan mənəvi və siyasi birliyə söykənir".
Deputat qeyd edib ki, Azərbaycan həmişə beynəlxalq münasibətlərdə ədalət və bərabərlik prinsiplərini müdafiə edib:
"Pakistan da bu gün oxşar çağırışlarla üz-üzədir, bənzər hadisələri daha geniş miqyasda və mürəkkəb kontekstdə yaşayır. Türkiyənin bu münasibətlərdəki rolu isə hər zaman olduğu kimi sabitdir – həm Pakistan, həm də Azərbaycanın yanında dayanaraq ortaq dəyərləri, beynəlxalq hüququ və ədalət mövqeyini müdafiə edir. Bütün bu amilləri birləşdirdikdə görürük ki, Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan strateji müttəfiqlik mühüm bir geosiyasi məkanda hər üç ölkənin ortaq gücünə çevrilir. Bu əməkdaşlıq onların beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirir və gələcək perspektivlər baxımından milli maraqlar üçün strateji əhəmiyyət daşıyır".
Ayhan
15:13 10.11.2025
Oxunuş sayı: 4294