Böyük Qayıdışa dəstək: Tərəfdaş ölkələr də prosesə qoşulur - Deputat
Azərbaycan–Türkiyə münasibətləri bu gün regionda nümunəvi qardaşlıq və strateji tərəfdaşlıq modeli kimi qiymətləndirilir. Xalqlarımız arasında əsrlərə söykənən dostluq və birgə dəyərlər üzərində qurulmuş bu münasibətlər müasir dövrdə iki dövlətin siyasi iradəsi və liderlərinin uzaqgörən siyasəti nəticəsində yeni məzmun və dinamizm qazanmışdır. Xüsusilə Qarabağ Zəfərindən sonra bu əlaqələr daha da möhkəmlənmiş, əməkdaşlıq bütün sahələrdə strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, Qarabağda bu gün müşahidə olunan sürətli bərpa və inkişaf prosesi Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin və məqsədyönlü siyasətinin bariz nəticəsidir. Bu uğurlar, eyni zamanda, türk dünyasının birliyinin və həmrəyliyinin təntənəsidir.
Rəcəb Tayyib Ərdoğanın “Türkiyə sona qədər Azərbaycanın yanındadır” sözləri artıq iki dövlətin münasibətlərinin yalnız diplomatik çərçivə ilə məhdudlaşmadığını, dərin mənəvi, tarixi və strateji bağlara söykəndiyini göstərir. Onun son səfəri zamanı səsləndirdiyi fikirlər və səmimi təşəkkür ifadələri bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə xalqları eyni kökdən gələn, eyni məqsədlərə yönəlmiş iki qardaş xalq kimi gələcəyə birlikdə addımlayır.
Bu qarşılıqlı etimad və dostluq münasibətləri regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm amil olaraq çıxış edir və türk dünyasının gələcək birliyinin möhkəm təməlini formalaşdırır.
Milli Məclisin deputatı Asim Mollazadə Bakı- Ankara əlaqələrinin mövcud durumu və perspektivi barədə Crossmedia.az-a danışarkən deyib ki, Azərbaycan son illərdə çox böyük nailiyyətlər əldə edib: "Xüsusilə infrastrukturun yenidən qurulması və müasir kommunikasiya xətlərinin yaradılması sahəsində mühüm addımlar atılıb. Bu uğurlar sırasında yollar, tunellər, körpülər kimi mühüm layihələr xüsusi yer tutur. Prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında bu istiqamətdə görülən işlərin əhəmiyyətini qeyd edib. Bu, əslində, Azərbaycanın öz gücünə böyük bir iş gördüyünü, iqtisadi və texnoloji imkanlarını möcüzəvi şəkildə səfərbər etdiyini göstərir. Şübhəsiz ki, bu prosesdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Türkiyə ilə olan qardaşlıq münasibətlərinin böyük rolu var. Türkiyə bu istiqamətdə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da dəstəyini davam etdirəcək".
Deputat, həmçinin böyük Qayıdış layihəsi çərçivəsində Azərbaycanın digər tərəfdaş ölkələrinin də bu prosesə fəal şəkildə qoşulması vacib olduğunu qeyd edib: "Əminik ki, bu bölgəyə böyük investisiyalar cəlb ediləcək. Bu investisiyalar həm yaşıl enerji, həm turizm, həm də kənd təsərrüfatı sahələrində həyata keçiriləcək layihələr vasitəsilə Böyük Qayıdışın tam təmin olunmasına xidmət edəcək. Bir daha qeyd etmək lazımdır ki, istər torpaqların işğaldan azad olunması, istərsə də Böyük Qayıdış prosesinin uğurla icrası birbaşa olaraq ölkə başçısının qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir".
Elmir Heydərli
14:41 10.11.2025
Oxunuş sayı: 2115