Azərbaycanın sevincinə sevinən, qələbəsinə şərik olan dost ölkələrin sayı durmadan artır - Deputat
Azərbaycan–Türkiyə münasibətləri tarixi, mədəni və mənəvi bağlarla möhkəmlənmiş, əsrlər boyu davam edən qardaşlıq və dostluq prinsipləri üzərində qurulmuşdur. Xüsusilə də, İkinci Qarabağ müharibəsi bu qardaşlığın sarsılmazlığını və strateji müttəfiqliyin əsl mənada praktik təzahürünü bir daha nümayiş etdirmişdir. Müharibənin ilk saatlarından etibarən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına və ordusuna göstərdiyi açıq və qətiyyətli siyasi dəstək, beynəlxalq arenada ölkəmizin mövqeyinin güclənməsinə və xalqın mənəvi ruh yüksəkliyinin artmasına səbəb olmuşdur.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyənin bu dönəmdə nümayiş etdirdiyi həmrəylik və mənəvi dayaq Azərbaycan üçün mühüm mənəvi güc mənbəyinə çevrilmişdir. Bu qardaş dəstəyi müharibənin gedişatında yalnız diplomatik və siyasi deyil, həm də mənəvi baxımdan həlledici rol oynamışdır.
Müharibədən sonra iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoymasının ən mühüm göstəricisi 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi olmuşdur. Bu sənəd Azərbaycan–Türkiyə münasibətlərini rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltmiş, hərbi, siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə hüquqi əsas yaratmışdır.
Prezident İlham Əliyevin Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakını “birliyin növbəti təzahürü” kimi qiymətləndirməsi, iki ölkə arasında dostluq və qardaşlığın gələcəkdə də davamlı və əbədi olacağına əminliyin ifadəsidir. Bu birliyə əsaslanan münasibətlər, regionda sülhün və sabitliyin təmin olunması baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Zəfər bayramının beşinci ildönümünün təntənəli şəkildə qeyd edilməsi və keçirilən hərbi parad bir daha göstərdi ki, bu bayram təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk dünyasının və Azərbaycanın səmimi dostlarının bayramıdır. Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, bütün beynəlxalq platformalarda ölkəmizin yanında olub. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün həm Azərbaycan, həm də Türkiyə tərəfindən böyük bir amal, qardaşlıq rəmzi kimi qəbul edilir. Türkiyə Prezidenti, Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə ikinci dəfə Bakıda keçirilən hərbi paradda iştirakı bu qardaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdi. Onun paradda etdiyi məzmunlu və təsirli çıxışı Azərbaycan-Türkiyə dostluğunun nə qədər möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi".
Deputat, həmçinin bu dostluğun cəmiyyətin bütün təbəqələrindən gələn səmimi istəklərin nəticəsi olduğunu bildirib: "Sadə vətəndaşlardan tutmuş dövlət rəhbərlərinə qədər hər kəs bu münasibətləri böyük hörmət və sevgi ilə yaşadır. Eyni zamanda, paradda dost Pakistanın və Azərbaycanla əlaqələri sürətlə inkişaf edən Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlərinin iştirakı göstərdi ki, Azərbaycanın sevincinə sevinən, qələbəsinə şərik olan dost ölkələrin sayı durmadan artır. Azərbaycan da öz növbəsində bu səmimi münasibətə eyni dərəcədə qardaşlıq və dostluqla cavab verir".
Elmir Heydərli
14:30 10.11.2025
Oxunuş sayı: 1822