Jurnalistlərin birliyi İkinci Qarabağ Müharibəsində önəmli rol oynadı - Professor
Azərbaycan mediası 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə xüsusi təbrik məktubu ünvanlayıb. Mətbuat Şurasının Azərbaycan jurnalistləri adından yazdığı məktubda dövlətimizin rəhbərinin müdrik və prinsipial siyasətini, 44 günlük Vətən müharibəsi dövründə aparılan diplomatik və informasiya mübarizəsində qazandığı uğurları yüksək qiymətləndirib. Məktubda jurnalistlərin Zəfərin qazanılmasında oynadığı mənəvi və ideoloji rol, həmçinin azad və vətənpərvər medianın ölkənin inkişafında göstərdiyi töhfə vurğulanıb.
Bu barədə Crossmedia.az-a danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bildirib ki, II Qarabağ Müharibəsi əvvəlki dövrlərdən fərqli olaraq, jurnalistlərin həmrəylik və birlik nümayiş etdirdiyi bir dövr oldu: “Birinci Qarabağ Müharibəsindən fərqli olaraq, İkinci Qarabağ Müharibəsində jurnalistlərin birliyi əks olundu. Onlar çox operativ işlədilər, xəbərləri anında çatdırdılar. Cəbhə xəttində həlak olanlar da oldu. Mirşahin və onun kimi digər jurnalistlər də 44 günlük Vətən Müharibəsi dövründə televiziya və digər media platformalarında öz çıxışları ilə fərqləndilər”.
Professorun sözlərinə görə, jurnalistlərin səyi yalnız xəbər verməklə məhdudlaşmırdı, onlar həm də xalqın əhval-ruhiyyəsini, ordunun rəşadətini və mübarizənin haqq səsini dünyaya çatdırırdılar.
Cahangir Məmmədli həmçinin jurnalistlərin “təbliğat, təşviqat” işlərinə qarışmamalı olduqları barədə yayılan fikirlərə münasibət bildirib: “Çox vaxt jurnalistika nəzəriyyəçiləri deyirlər ki, jurnalistlər təbliğat və təşviqatla məşğul olmamalıdır. Amma mənə görə elə deyil. Jurnalistlər öz peşəkarlığı çərçivəsində dolğun məlumat verməli, yanlış və ya yarımçıq informasiyanın qarşısını almalıdır. Bu, vətənə xidmətin vacib hissəsidir”.
Cahangir Məmmədli həmkarların münasibətlərindən də danışıb: “Jurnalistlər arasında həmrəylik, etimad, birlik var. Bu birlik Vətən uğrunda aparılan mübarizədə media əməkdaşlarının nə qədər əhəmiyyətli olduğunu göstərir”.

Türkanə Məşədiyeva
13:30 10.11.2025
Oxunuş sayı: 2291