Vyetnamda Zəfər Günü qeyd edilib
Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoy şəhərində Zəfər Gününün 5-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Vyetnamın dövlət qurumlarının nümayəndələri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbərliyi və üzvləri, Azərbaycanda təhsil almış vyetnamlılar, Türkiyə, Qazaxıstan, Pakistanın Vyetnamdakı səfirləri, media təmsilçiləri və soydaşlarımız iştirak ediblər.
Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilib, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Səfir Şövqi Mehdizadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun əldə etdiyi bu böyük qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, 2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, həmçinin 2023-cü ildə qətiyyətli antiterror əməliyyatı nəticəsində Azərbaycanın 30 illik işğala son qoyduğunu, ərazi bütövlüyünü, ədaləti və beynəlxalq hüququ bərpa etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, hazırda Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam edilir. Əldə etdiyimiz qələbə Azərbaycanın əzəli torpaqlarının azad edilməsi ilə yanaşı eyni zamanda, bölgəmizdə sülh və sabitlik üçün zəmin yaradıb.
Diplomat ikitərəfli əlaqələrə toxunaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd edib, hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini deyib. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayda Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb, səfərin tarixi əhəmiyyət daşıdığını bildirib.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Vyetnam Milli Audit İdarəsinin baş auditorunun keçmiş müavini Danq Te Vin Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi və xalqımızın həmrəyliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfərin, habelə Azərbaycan dövlətinin azad olunmuş torpaqlarda apardığı yenidənqurma işlərinin ölkəmizin gələcəyi baxımından xüsusi əhəmiyyətini qeyd edib. Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin olduğunu deyən sədr, bu əlaqələrin hər iki ölkənin liderləri və xalqları tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb, Azərbaycanda təhsil almış minlərlə vyetnamlının ölkəsinin inkişafına, habelə Azərbaycan-Vyetnam əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verdiyini qeyd edib.
Türkiyə səfiri Korhan Kemik, Qazaxıstan səfiri Kanat Tomyuş və Pakistan səfiri Kohdayar Marri çıxış edərək, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə münaqişəyə son qoyulduğunu, region ölkələrinin dinc şəraitdə yaşaması üçün yeni imkanların yarandığını vurğulayıb, ölkələrimizin hər zaman həmrəyliyinin vacibliyini bildiriblər.
Tədbirdə Vyetnamda yaşayan soydaşımız Sevinc Orucova Müslüm Maqomayevin məşhur "Baharlı yurdum - Azərbaycan" mahnısını və digər musiqi parçalarını Azərbaycan və Vyetnam dillərində ifa edib.
(AZƏRTAC)
11:12 09.11.2025
Oxunuş sayı: 1694